Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT

Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT

Hazırda oxunan: Maşın bazarında qiymətlər süni şəkildə formalaşdırılır – EKSPERT

11440

2021-ci ilin yanvar ayı ərzində Azərbaycana 4642 avtomobil idxal olunub.

Bu informasiyanı Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən veriblər. Ötən ilin statistikasına gəlincə, 2020-ci ildə Azərbaycana 53 729 ədəd avtomobil idxal olunub ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 12,6% çoxdur.

2020-ci ildə avtomobil idxalının dəyəri 647 596,79 min ABŞ dolları təşkil edib.

 

MÖVZU İLƏ BAĞLI:

Hava Nəqliyyatı Baş Gömrük İdarəsində nə baş verir? – Sahibkar 8 aydır qapılarda qalıb - ŞİKAYƏT


Avtomobil alqı-satqısı, maşın bazarı və gömrük rüsumları ilə bağlı əksər insanı maraqlandıran suallara cavab tapmaq üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə əlaqə saxladıq. 
Mütəxəssis cavabını avtomobillərin qiymət artımı ilə başladı: 

“Avtomobillərin qiymət artımı gömrük rüsumları ilə birbaşa bağlıdır. Burada digər obyektiv və subyektiv amillərdən danışarkən gömrük, vergi, aksiz, əlavə dəyər vergisi məsələsini də xüsusi qeyd etmək lazımdır. Dünyanın heç bir yerində, inkişaf etməkdə olan ölkələrdə qiymətlər bu qədər kəlləçarxa çatmır.”

Onun fikrincə, avtomobil parkının yenilənməsi, ətraf mühitin qorunması başlıca prioritet olan ölkələrdə gömrük rüsumları bu səviyyədə olmur:

 

“Qiymətlər də əhali üçün əlçatan olur. Ona görə də, xaricdən gələn maşınlara baha rüsum qoyurlar ki, kimin imkanı var alır, imkanı olmayanlar də yerli məhsullara üstünlük verir. Həm də Azərbaycanın öz daxili istehsalı o səviyyədə deyil ki, bütün ölkəni avtomobillə təmin edə bilsin. 


İkincisi, pandemiya dövrü başlayandan avtomobil bazarı demək olar ki, çökmüşdü, proses yalnız bəzi alqı-satqı saytlarında baş verirdi. O da cüzi məbləğ idi. Bütün bazarlar bağlı idi. Belə bir ərəfədə, alverçilərin dili ilə desək, əlimyandıda maşın satanlar çoxluq təşkil edib.

Ekspert hesab edir ki, sosial durumu pis olan insanların avtomobillərini dəyər-dəyməzə satmasından alverçilər sui-istifadə edirlər. Ucuz aldıqları avtomobilləri sabah daha baha qiymətə satışa çıxarırlar. 

“Pandemiya dövründə qiymətlərdə xeyli ucuzlaşma müşahidə edilib. Bu gün isə qiymətlər yavaş-yavaş yenə əvvəlki səviyyəyə qalxanda bəziləri bunu bahalaşma kimi görür. Amma əslində bu bahalaşma deyil, sadəcə avtomobillərin qiyməti əvvəlki vəziyətinə qayıdır. 

Alıcılıq qabiliyyəti o səviyyədə deyil, insanlar pandemiyanın nə vaxt bitəcəyini gözləyirlər. Lakin yenə də avtomobilini dəyişənlər var. Ümid edirik ki, pandemiya bitəndən 6 ay sonra bu vəziyyət tam olaraq düzələcək.”

Elmədddin Muradlı əlavə etdi ki, avtomobil bazarı müstəqil sektor olduğu və ora nəzarətin olmadığı üçün qiymətləri alverçilər təyin edir. 

 

“Təəssüf ki, onlar da yalnız özlərinə sərf edən variantlara üstünlük verirlər, insanları düşünmürlər. Bu gedişlə avtomobil bazarına da dövlət tərəfindən bir nəzarət mexanizmi həyata keçirilməlidir. Türkiyə və başqa ölkələrdə bu təcrübə mövcuddur". 


“Vaxt gələcək ki, maşın alverçiləri tamahlarının ucbatından çox böyük əziyyət çəkəcəklər” deyən ekspert avtomobil bazarındakı qiymətlərdən də bəhs etdi. 

Mütəxəssisin fikrincə, Azərbaycanın avtomobil bazarındakı tariflər real qiymət deyil.

“Çox bahadır. Bu proses 2015-ci ildən sonra daha da sürətləndi. 2017-ci ildə aksiz vergisi, gömrük rüsumları artırıldı. Bunun özü də pis təsir göstərdi. 

Bu gün biz avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz maşınların ölkəyə gətirilməsindən danışırıqsa, təklifimiz ondan ibarətdir ki, Azərbaycana gətirilən avtomobillərlə bağlı qiymətlər – gömrük rüsumları, aksiz vergiləri 2017-ci il səviyyəsinə qaytarılmalıdır”, - deyə Elməddin Muradlı fikrini tamamladı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO