QANUN POZUNTUSU - Taksilərə icbari sığorta şəhadətnaməsi niyə verilmir?

QANUN POZUNTUSU - Taksilərə icbari sığorta şəhadətnaməsi niyə verilmir?

Hazırda oxunan: QANUN POZUNTUSU - Taksilərə icbari sığorta şəhadətnaməsi niyə verilmir?

114346

“Daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi ciddi problem olub. Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. Ekspertin sözlərinə görə, şəhadətnamənin verilməsi üçün yalnız bir şirkət imtina etmir və şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil.

“Kiçik araşdırma göstərir ki, sığortaçılar əsasən belə avtomobillərin taksi kimi istifadə edilməsi ehtimalına görə onların sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz olaraq imtina edirlər. Çünki belə avtomobilin sahibi qadındırsa, imtina etmirlər (qadınların taksi fəaliyyəti ilə məğul olması ehtimalı azdır). 
Ən maraqlısı odur ki, bu kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artmaqdadır. Amma sığortaçıların bu yanaşmasının çox ağır fəsadları var.

1. Bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun aşkar surətdə pozulmasıdır. Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir.

2. Sığortaçıların bu yanaşması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və AR Prezidentinin 2018-ci ildə təsdiq etdiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının müddəalarını birbaşa olaraq pozur.

Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərədən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə belə avtomobillərdən istifadədən çəkindirir.
3. Belə yanaşma ciddi sosial fəsadlar doğurmaqdadır, çünki bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanlar sığorta olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Bu həm də əhalınin taksi xidmətindən istifadəsini çətinləşdirmək deməkdir. 

4. Bu yanaşma avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. Axı icbari sığortasız avtomobil idarə etməyə görə cərimə (fiziki şəxs üçün 50 manat məbləğində) nəzərdə tutulur və DYP həmin cərimələri tətbiq edir (özü də kameralar vasitəsilə elektron qərarla).

5. Bu yanaşma korrupsiogen mühit yaradır. Gələn məlumatlara əsasən, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə “haqq” hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır”.

Ekspert həmçinin sözügedən fəsadların siyahısının daha çox olduğunu da dilə gətirib. Aidiyyəti qurumların bu məsələyə ciddi yanaşmalı olduğunu diqqətə çəkib:

“Maraqlısı həm də odur ki, artıq bir neçə aydır mövcud olan bu problem sığorta nəzarəti qurumu olaraq Mərkəzi Bank tərəfindən həll edilmir. Nəyi və ya kimi gözlədikləri aydın deyil. Hesab edirəm ki, bu boyda qanunsuzluğa təcili olaraq son qoyulmalı, göstərdiyim problem qanuna uyğun olaraq aradan qaldırılmalıdır”, - deyə Ə.Hüseynov qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO