Hacı İbrahimin “Xəzər adaları” – dövlətin pullarını kim qaytaracaq?  ARAŞDIRMA

Hacı İbrahimin “Xəzər adaları” – dövlətin pullarını kim qaytaracaq?  ARAŞDIRMA

Hazırda oxunan: Hacı İbrahimin “Xəzər adaları” – dövlətin pullarını kim qaytaracaq?  ARAŞDIRMA

11427

Təxminən 9 il öncə Xəzər dənizində, Bakıdan 25 km cənubda, 41 adadan ibarət 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri hesab edilən "Xəzər adaları" kompleksinin tikintisinə başlanıldı.

Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunurdu. Bu məbləğin yarısı xaricdən cəlb olunacaqdı, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcəkdi. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı oldu. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda üzən günəş stansiyası tikiləcək


“Xəzər adaları” layihəsinin təxminən 1.2 milyard dollara başa gələn hissəsi yüz milyonlarla dollar kredit əvəzində Azərbaycan Beynəlxalq Bankında girov qoyulmuşdu. Bankın keçmiş rəhbərliyi iqtisadi səmərəliliyi böyük şübhə doğuran bu layihəyə yüz milyonlarla dollar dövlət vəsaitini axıtmışdı.

Sonradan 2015-ci ildə “kredit oliqarxları”nın ovu başlayanda layihəni həyata keçirən “Avesta” şirkətinin rəhbəri Hacı İbrahimi də həmin pullara görə “Bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparmışdılar, amma pullar çoxdan dənizə axıdılmışdı və onların geri qaytarılması qeyri-real idi.

Belə vəziyyətdə bankda girov olan “Xəzər adaları” layihəsi də Beynəlxalq Bankın problemli kreditlərinə görə girov qoyulmuş digər aktivlər kimi “Azəraqrarkredit” ASC-nin balansına verildi.
 

Daha sonra isə kompleks “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına daxil oldu.


2019-cu ilin iyul ayında Hacı İbrahim açıqladı ki, daha onun dövlətə “bir qəpik də olsun” borcu qalmayıb, çünki “Xəzər adaları”nı dövlətə verib.



Belə böyük layihə haqqında danışmaqda məqsədimiz onun gələcək taleyinin necə olacağını araşdırmaqdır. Ölkə vətəndaşlarını, xüsusilə Bakı sakinləri indi bir sualın cavabı maraqlandırır.

“Külli miqdarda vəsait hesabına başa gələn  kompleksdə işlər davam edəcəkmi?”. Sualı cavablandırmaq üçün "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mətbuat xidmətinə ünvanladıq.

Bildirildi ki, “Xəzər adaları” “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına keçdikdən sonra adaların gələcək fəaliyyət istiqaməti və tələb olunan investisiyaların araşdırılmasına başlanılıb.
 

Bununla yanaşı özəl investorların layihəyə cəlb olunması məqsədilə bir sıra xarici investorlarla  danışıqlara başlanılmış və müzakirələr aparılıb.


Layihə haqqında müəyyən məlumatlar investorlara təqdim olunub, lakin mövcud  pandemiya şəraiti işlərin gedişatına müəyyən mənfi təsir göstərib. Belə ki, investorların Azərbaycana gələrək əraziyə yerində baxış keçirməsində pandemiya səbəbi ilə əlaqədar olaraq müyyən çətinliklər yaranıb.Qeyd olunan problemlər aradan qaldırıldıqdan sonra investorlarla danışıqlar davam etdiriləcək və görüşlər təşkil edilərək, əraziyə baxış keçiriləcək.

İqtisadçı ekspert Natiq Cəfərli dedi ki, layihənin icrası üçün o vaxt 500 milyon dollara yaxın kredit götürülmüşdü:

“O kreditin aqibəti necə oldu, bilinmədi . Kimsə buna görə də cavabdehlik daşımalıdır”.Ekspert hazırda orada heç bir işin görülmədiyini vurğuladı:

“Oranı hansısa bir yaşayış kompleksinə çevirmək  çox çətin məsələdir. Ekoloji cəhətdən ən uğursuz yerlərdən biridir, yanında iki sement zavodu fəaliyyət göstərir. Oraya status verib, turizim məkanına çevirmək olar.
 

Bundan başqa icazə versələr, kazinolar işlədə bilərlər. Bunun üçün xarici investorlərı cəlb etmək lazımdır. Kimsə gəlib oranı bir otel kimi istəməyəcək, cəlbediciliyi yoxdur.


Kiprdə türk iş adamları əyləncə mərkəzlərinin yaradılmasında peşəkardırlar. Onlara dövlət tərəfindən kazinoların tikilməsinə, əyləncə mərkəzlərinin yaradılmasına zəmanət verilsə, bu zaman sözügedən ərazi iş adamlarına maraqlı olar. İşlər o qədər yarımçıq qalıb ki, ora 100 milyonlarla vəsait lazımdır ki, sona çatdırılsın. Sirr deyil ki, Azərbaycanda kazinolara maraq var.

Sadəcə kazinoların bizim ölkədə fəaliyyəti qadağandır. Dövlət özü kazino açan, əyləncə mərkəzi tikən deyil. Ona görə də xarici iş adamlarına ərazi uzun müddətli icarəyə verilə bilər. Nəticədə müqavilədən asılı olaraq dövlət büdcəsinə vəsait daxil olacaq”.

Məsələ ilə bağlı layihənin icraçısı “Avesta” şirkətinin rəhbəri Hacı İbrahimlə (İbrahim İbrahimov) əlaqə saxladıq. O, bununla bağlı heç nə bilmədiyini deyərək:

“O obyektə heç kimin nə alacağı, nə də ki verəcəyi var. Yeni bir şəhər tikirdik, yarımçıq qaldı, dövlətə verdik”. - deyərək qısa cavabla kifayətləndi.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO