Kassada aldadılan alıcılar niyə şikayət etmirlər? – Ekspertdən AÇIQLAMA 

Kassada aldadılan alıcılar niyə şikayət etmirlər? – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: Kassada aldadılan alıcılar niyə şikayət etmirlər? – Ekspertdən AÇIQLAMA 

114248

Rəfdə məhsulun üzərində bir qiymət yazılır, kassaya yaxınlaşanda qiymət dəyişir. Belə hallarda satıcılar, nəzarətçilər isə deyirlər ki, qiyməti dəyişmək yadlarından çıxıb. Bu problemlə qarşılaşan çox sayda istehlakçı olsa da, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda 2022-ci ildə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı Dövlət Xidmətinə 67 müraciət daxil olub. Bu da ötən illə müqayisədə 36,7 faiz çoxdur. Görünən odur ki, bu cür hallardan gileylənənlər çox olsa da, Dövlət Xidmətinə müraciət edənlərin sayı azdır.

Bəs kassada aldadılan istehlakçılar niyə şikayət etmirlər?

Mövzu ilə bağlı Bizim-Media-ya danışan iqtisadçı ekspert Eyyub Kərimli şikayətlərin az olmasının səbəbini istehlakçıların kassada qiymətləri izləməməsi ilə əlaqələndirib: 

“Bu məsələ sözsüz ki, istehlakçıların hüquqlarının, qanunların pozulmasıdır. Dövlət Agentliyinə müraciətlərin az olmasının səbəbi düşünürəm ki, istehlakçıların kassada məhsulların qiymətini izləməməsi ilə bağlıdır. Bir çox insan məhsul götürəndə rəfdəki qiymətinə baxsa da, kassada məhsulların qiymətini müşahidə etmir. Ümumi deyilən məbləği ödəyir. Alıcılar çox vaxt buna diqqət etmədiklərinə görə, market sahibləri də onların bu diqqətsizliyindən istifadə edirlər”. 

Ekspert bildirib ki, bunu müəyyən etmək üçün də mexanizmə ehtiyac var: 

“Bu, elə məsələdir ki, gərək yerində sübut edəsən. İstehlakçıları daha aktiv və diqqətli olmağa çağırıram. Foto və video çəkilişi edərək öz hüquqlarını qorusunlar. Yalnız bu halda həmin sahibkarların cəzalanmasına, cərimələnməsinə nail olmaq mümkündür”. 

“Bu məsələdə kütləvi informasiya vasitələri, QHT-lər də aktivlik göstərməlidirlər. Sahibkarların bu cür sui-istifadə hallarına yol verməmələri üçün ictimai nəzarət gücləndirilməli, monitorinqlər aparılmalıdır”, - deyə Eyyub Kərimli fikrini yekunlaşdırıb.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO