Artıq üçüncü gündür ki, ölkəmizin bütün ərazilərində qar yağır. Şimal-Qərb bölgəsi də ən çox qar düşən ərazilərdəndir. Bölgənin aran ərazilərində qarın yağması mülayim hiss olunsa da dağlıq və dağətəyi yaşayış məskənlərində qarın qalınlığı 10-25 sm arasında dəyişir. Şaxta-sazaq da öz yerində.
İlisunun ağpapaqlı günləri…
Bölgədə ən çox qar düşən kəndlərdən biri Qaxın qədim İlisu kəndidir. Qarın dadını çıxarmaq üçün bu günlərdə İlisuya xeyli yerli turistlər də gəlib. Yollar çətin keçilsə də Yeni ilin bayram əhval-ruhiyyəsini burada uzatmaq mümkündür.
Məktəbli Onur Hüseynli:
“Çox sevincliyəm. Burada uşaqlarla qartopu oynayır, sürüşürük. Çox yaxşıdır...”.
Kənd uşaqları çoxdan evdə yatıb qalmış xizəklərini də təpələrə, yamaclara çıxarıblar. Ətraf bəyaz donun içində uşaqların gülüş səsləri, qışqırıqları ilə yaşlıların da həyat eşqıni artırır. Almalı kənd sakini Hafiz Nəsibov deyir ki, biz biraz cənubda olduğumuza görə kəndimizdə qar ayaq tutmur. Ona görə də ailəliklə qışın ləzzətini almaq üçün İlisuya gəlmişik:
“Qar yağır, ruzi-bərəkət yağır deməkdir, hamının ürəyincədir. Hava təmiz, oksigen bol olacaq. Tarlalar cana gələcək, həm bol su deməkdir qar, həm də həşərat-falan azalacaq. Allah deyəsən həqiqətə Azərbaycanın tərəfindədir, 2020-ci ilin sentyabrından hər şey ürəyimizcə olmağa başlayıb. Qələbəmiz, Şuşamız, gül kimi də qarımız var”.
Qax 13 saylı yol istismar idarəsinin işçiləri isə insanların sevinib şadlıq etdikləri bir vaxtda gücləndirilmiş iş rejimində çalışırlar. Kənd yollarına, magistrala və körpülərə nəzarət artırılıb. İdarənin əməkdaşı Sərvin Əhmədov bunu özləri üçün fəxarət sayır:
“İnsanlar sevinir, şadlanır, bizim də ürəyimiz açılır, daha şövqlə çalışmağa davam edirik. Necə deyərlər, səngərdə növbə bizimdir, vətəndaşımız əminamanlığı, dövlətimizin gücün hiss eləməsin üçün biz iş başındayıq.
Rayonumuzun dağ kəndlərində qar çox yağıb. Qaşqaçay və İlisu kəndlərinə gedən yollarda qarın təmizlənməsiı davam etdirilir. Həmçinin əksər körpü və keçidlərdə qum ehtiyatı əlavə olunur, buz bağlamaması üçün nəzarətdə saxlayırıq. Yetərincə duz və qum ehtiyatımız var. Qoy, insanlarımız arxayın olsunlar, xidmət eləməkdən zövq alırıq”.
Şəkililərin şirin qarı…
Bölgənin gözü olan Şəkinin də dağlıq ərazilərində, yerli əhalinin dilincə desək, “çiçək kimi qar yağıb”. Dağətəyi kəndlərdə başqa bir hava var. Baş Layısqı, Baş Göynük, Şin, Kiş, Baş Küngüt, Çəldək kəndlərində qarın hündürlüyü 20 sm keçib. Şaxtası da öz yerində. Dağ kəndlərində gecələr 10-12 dərəcəyə qədər şaxta olur.
Şəki şəhərində qar yol hrəkətinə bir qədər problem yaratsa da narahatlıq yaradan vəziyyət tez aradan qaldırılıb.
Sakinlər deyir ki, il bərəkətli gəldi, qarın bu başdan düşməsi, taxıla, örüşə xeyli fayda verəcək. Şəki sakini, Akif həkim deyir ki, 2023-cü ilin qədəmləri mübarək oldu. İki il bundan başlayan uğur yoluna indi ağappaq qar yağır:
“Şuşamıza, Laçınımıza, cəmi Qarabağımıza qovuşmağın müjdəsidir bu. Axşam Cənab Prezidentin çıxışına baxanda da ürəyim dağa döndü. Əzimkar, qətiyyətli və inamlı nitqində bilirsiniz nə qədər cana yaxınlıq vardı. Ölkəmizdə fövqaladə işlər, dəyişikliklər gedir. Allah da bizə tərəfdi artıq. 30 il məşəqqət çəkmişik, sınmamışıq, bu da mükafatıdır. Bax bu yağan qara da halallıq rəmzi kimi baxıram. Ölkəmiz uğur zolağına, hallalıq yoluna qədəm qoyub. Xeyirli olsun hamımız üşün”.
Akif həkim deyir ki, bu şirin qardır, hər iki tərəfdən cana məlhəmdir:
“Bu, həm psixoloji anlamda belədir, həm də fiziki. Hava təmizlənəcək, mikroblar öləcək, adamların ciyərləri genişlənəcək. Psixoloji baxımdan da iki rəmzi mənası var. Həm neçə ilin qar həsrəti səngiyəcək, həm də uğurlu günlərin bəyaz müjdəçisi kimi könüllərə rahatlıq gətirəcək”.
Oğuzun mərkəzi küçələri buz bağlayıb
Oğuz şəhərinin Heydər Əliyev prospektində bu səhər nəqliyyatın hərəkəti bir qədər məhdudlaşıb. Çox sayda nəqliyyat vasitəsi yolda qalıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında temperaturun xeyli aşağı düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.
Şəhər sakinlərinin söyəməsinə görə, küçələrin buzlaşmasına səbəb ötən gün yağan qarın şəhər təsərrüfatı tərəfindən təmizlənməməsi olub.
Oğuz kommunal müəssisələr təsərrüfatı istehsalat birliyindən isə sorğumuza cavab verilib ki, yaranmış xoşagəlməz vəziyyət qısa müddətdən sonra aradan qaldırılıb. Buz qatı texnika və canlı qüvvələrin köməyi ilə təmizlənib. Hazırda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Şimal-Qərb bölgəsində qarlı hava neçə gün davam edəcək?
Qarlı və şaxtalı havanın həftə boyu davam edəcəyini nəzərə alan Dövlət Yol Polisi idarəsinin əməkdaşları da gücləndirilmiş iş rejiminə keçib. Bu günlər DYP əməkdaşları rayonun əksər yollarında növbə çəkir, sürücülərə avtomobili ehtiyatlı sürmələri tövsiyyə olunur. Yolda çətinliklə üzləşənlərə isə polis əməkdaşları tərəfindən yardım olunur.
Regional hava məlumat bürosundan verilən məlumata əsasən bölgənin dağlıq ərazilərinə 8-12 sm qar yağıb. Havanın temperaturu mənfi 7-9 dərəcə aşağı düşüb. Qarşıdakı günlərdə havaların qarlı və şaxtalı həm də temperaturun bir qədər də aşağı enəcəyi bildirilir.
Bu arada bölgə rayonlarında fəaliyyət göstərən fövqəladə hallar komissiyasından Bizim.Media-ya bildirilib ki, bəzi istisnalar nəzərə alınmazsa yollarda nəqliyyatın hərəkətində həmçinin enerji, rabitə və mavi yanacağın verilməsində problem yaşanmayıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 11.01.2023
Şəkiyə şirin qar yağıb – Şimal-Qərb bölgəsindən BƏYAZ REPORTAJ
Hazırda oxunan: Şəkiyə şirin qar yağıb – Şimal-Qərb bölgəsindən BƏYAZ REPORTAJ
Hazırda oxunan: Şəkiyə şirin qar yağıb – Şimal-Qərb bölgəsindən BƏYAZ REPORTAJ
114150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.