Quba şəhərindəki “Günbəzli hamam" - yerli sakinlərin "Çuxur hamam” adlandırdığı tarixi abidə qarşıladığımız yeni ildə də Bizim.Media olaraq diqqətimizdədir.
Ötən gün bayram tətilindən sonra ilk iş günündə “Günbəzli hamam”a baş çəkərkən qapısını yenə bağlı gördük.
Az sonra tarixi hamama xidmət edən Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin Quba rayonu üzrə nümayəndəsi Rüstəm Məlikov və əməkdaşı Sahib Məhərrəmov gəlib çıxdılar və həmişə qapısını bağlı gördüyümüz "Günbəzli hamam"ın qapıları üzümüzə açıldı.
Çox maraqlı və faciəli 1918-ci il hadisəsinin şahidi olmuş bi tarixi abidəni təəssüf ki, qaranlıq gördük. Öyrəndik ki, tarixi hamamın çöl hissəsindən binaya gələn elektrik xətti qəzalı olduğundan və erroziyaya uğradığından hamam ikinci ildir ki, işıqsızdır. Hamamın ikinci salonu isə bacası açıq olduğundan nisbətən işıqlıdır.
Qeyd edək ki, on səkkiz və on doqquzuncu əsrlərdə şərq memarlıq üslubunda inşa edilmiş "Günbəzli hamam" 1985-ci ilədək hamam kimi istifadə edilib. Quba sakinləri tarixi mənbələrə və yaşlı insanlara istinadən bildirirlər ki, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı yerli əhali bu hamamda işgəncə verilərək öldürülüb.
Cəllad xislətli vəhşi ermənilər dinc sakinləri hamamın buxarında boğaraq çalalara basdırıblar.
Bu hamam uzun illər baxımsız qalıb. 2016-2018-ci illərdə Amerika səfirliyinin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə əsaslı bərpa edilib. Bərpa zamanı səfirliyin "Günbəzli hamam"a bağışladığı 2 böyük kondisioner də indi fəaliyyətsizdir. Binada işıq olmadığından otaqlar yayda sərinləşdirilə, qışda isə havalandırılaraq qızdırıla bilmir. Gələn turistlər isə bu səbəbdən tarixi abidəyə tam baxış keçirə bilmirlər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin Quba rayonu üzrə baş mütəxəssisi Rüstəm Məlikov tarixi abidənin turistlərin üzünə həmişə açıq olmamasının səbəbini bildirib. Onun sözlərinə görə, xidmətin Quba rayonunda 6 əməkdaşı çalışır. Onların hər birinin nəzarətində 30-dan artıq tarixi abidə var. Rayon ərazisindəki 200-ə yaxın tarixi abidənin hamısı nəzarətdə saxlanılır, qorunur.
Qaldı ki, konkret olaraq "Günbəzli hamam"a, burada ayrıca işçi yoxdur ki, gələn turistləri qarşılayıb onlara hamam haqqında məlumat versin. Bu gün səhər saatlarında da abidəyə baş çəkib, sonra digər mühafizə olunan yerlərə baş çəkmişik.
Binada elektrik enerjisi olmamasına gəlincə isə, Rüstəm Məlikov məlumat verdi ki, bərpa işləri zamanı elektrik işləri keyfiyyətsiz görüldüyündən sistem qəzalı vəziyyətə düşüb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov da məsələdən xəbərdardır. Onun açıqlamasına görə, qurum bununla bağlı dəfələrlə “Azərişıq” ASC-yə müraciət edib. Yerli idarənin isə elə bir vəsaiti yoxdur ki, tarixi abidənin enerji sistemindəki qəzalı vəziyyəti aradan qaldırsın.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətindən isə Bizim.Media-ya açıqlama verildi ki, məsələ araşdırılacaq. Ondan sonra münasibət bildiriləcək.
Mövzuya qayıdacağıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 06.01.2023
Qubada iki ildir işıqsız qalan "Günbəzli hamam" - FOTO
Hazırda oxunan: Qubada iki ildir işıqsız qalan "Günbəzli hamam" - FOTO
Hazırda oxunan: Qubada iki ildir işıqsız qalan "Günbəzli hamam" - FOTO
113335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.