Şəkinin qəzalı məktəbi yenidən inşa olunur - ŞAD XƏBƏR - FOTO 

Şəkinin qəzalı məktəbi yenidən inşa olunur - ŞAD XƏBƏR - FOTO 

Hazırda oxunan: Şəkinin qəzalı məktəbi yenidən inşa olunur - ŞAD XƏBƏR - FOTO 

113303

Bir əsrə yaxın yaşı olan elm və təhsil ocağı Azərbaycanda bir ilkə imza atacaq.   

Dünyanın 10-dan artıq ölkəsində 200-ə yaxın məzunu çalışan Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəb üçün yeni tədris binası inşa olunur. 

Azərbaycanın qədim maarif və mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəb 1925-ci ildən fəaliyyət göstərir.  

Şəhərin mərkəzində yerləşən təhsil ocağının şagirdləri bir neçə il əvvələ kimi istismar müddətini başa vuran, yararsız siniflərdə təhsil alırdı. Əksər siniflər zirzəmidə, odun peçi ilə qızdırılırdı.

Bəs indi vəziyyət necədir? 

7 nömrəli məktəbə iki il əvvəl baş çəkərkən, binanın fasadından və daxili quruluşundan da görünürdü ki, təhsil ocağı müasir Şəkinin bu günü ilə səsləşmir. Hansı tərəfə baxsaq, sökülüb-dağılan hissələrə, döşəmə və divarlara rast gəlmək olurdu.   

Lakin hazırda gördüklərimizdən əsər-əlamət qalmayıb. Köhnə tədris binaları, yardımçı tikililər sökülərək yerində əzəmətli bir təhsil ocağı inşa olunur. 

Əlbəttə ki, yeni təhsil ocağının tikintisinə ən çox sevinən məktəbin direktoru Bəkir Xəlilovdur. Yeni məktəbin iki korpusdan ibarət olduğunu deyən direktor işlərin keyfiyyətli görüldüyünü bildirir. 

“Bu gördüyümüz tikintisi davam etdirilən korpus ibtidai siniflər üçün - yəni hazırlıq və 1-4-cü siniflər üçün nəzərdə tutulur. Yuxarı sinif şairdləri üçün inşa edilən korpusda olduğu kimi, burada da yeməkxana və gimnastika zalı nəzərdə tutulur". 

Bir əsrə yaxın yaşı olan bu məktəbin məzunlarının xoş sorağı ölkəmizlə yanaşı, respublikamızın hüdudlarından kənarda yerləşən qabaqcıl ali təhsil müəssisələrindən gəlir. Eyni zamanda, dünyanın 10-dan artıq ölkəsində 7 nömrəli məktəbin 200-ə yaxın məzunu çalışır.  

"Bizim məktəbimiz 2014-15-ci tədris ilində “Ən yaxşı məktəb” layihəsini udub və “İlin ən yaxşı məktəbi” olub. Eyni zamanda, 10 il ərzində beş məzunumuz qızıl medal alıb, hər il beşdən çox şagirdimiz 600-dən yuxarı bal toplayaraq, respublikanın və ölkənin hüdudlarından kənarda olan ən yüksək ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər” - deyə B.Xəlilov bildirib. 

Məktəb direktorunun sözlərinə görə, təhsil ocağı bir çox innovativ xüsusiyyətlərinə görə digərlərindən fərqlənəcək. İlk növbədə hər bir şagirdin masaüstü kompüteri olacaq ki, bütün fənlər üzrə bilik, eləcə də şagirdin dərsdə qazandıqları keyfiyyət və kəmiyyət göstəriciləri elə yerindəcə qiymətləndiriləcək. 960 şagird yerlik müasir standartlara cavab verən məktəb binasının növbəti tədris ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO