2022-ci ildə dünyasını dəyişən MƏŞHURLARIMIZ – SİYAHI 

2022-ci ildə dünyasını dəyişən MƏŞHURLARIMIZ – SİYAHI 

Hazırda oxunan: 2022-ci ildə dünyasını dəyişən MƏŞHURLARIMIZ – SİYAHI 

113165

2023-cü ilin ilk günlərinə qədəm qoymuşuq. Yola saldığımız 2022-ci ərzində baş verən ictimai-siyasi hadisələrlə yanaşı həm də xeyli sayda məşhurlarımızı itirdik.

Bizim.Media onların siyahısını təqdim edir:

Ramiz Abutalıbov 

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim olub.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. 

Mədinə Qiyasbəyli

Pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub. O, xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub.

Məhərrəm Məmmədyarov 

Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycanın əməkdar elm xadimi ömrünün 98-ci ilində dünyasını dəyişib. Məhərrəm Məmmədyarov Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

Nizami Tağıyev 

Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası olub. 1994-1997-ci illər 14 saylı Sabunçu rayon Polis bölməsinin rəisi, 1997-2006-cı illər Xızı rayon polis şöbəsinin rəisi, 2006-2008-ci illər Nəqliyyatda Baş Polis idarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi işləyib. 

Kamal Babayev 

Fotoqraf, jurnalist 95 yaşında vəfat edib. Uzun sürən xəstəlikdən dünyasını dəyişən fotoqraf bir çox beynəlxalq, ümumittifaq və respublika üzrə fotomüsabiqələrin laureatı, jurnalistlər İttifaqının və Azərbaycanın Fotoqraflar Birliyinin üzvü olub.

Novruz Qartal

Əməkdar artist yanvarın 8-də 75 yaşında dünyasını dəyişib. O, uzun  müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

İnna Qurbanova 

AMEA-nın Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin baş elmi işçisi, biologiya elmləri doktoru, dosent 8 yanvar 2022-ci il tarixində ömrünün 85-ci ilində vəfat edib.

Əbdürrəhmən Vəzirov 

Azərbaycanın keçmiş başçısı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib.

Tofiq Babanlı 

Prezidentin fərdi təqaüdçüsü, boksçu, əməkdar bədən tərbiyəsi və idman xadimi  yanvarın 10-da 85 yaşında vəfat edib.

Nəriman Şıxəliyev 

Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev 66 il Azərbaycan Televiziyasında (AzTV) çalışıb. O, 87 yaşında dünyasını dəyişib. 

Əli Vəkil 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi 84 yaşında vəfat edib.

Əlibaba Məmmədov 

Fevralın 25 -də Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov 92 yaşında vəfat edib. O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Ayaz Mütəllibov

Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov 2022-ci ildə martın 27-də 84 yaşında vəfat edib. Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Rüstəm İbrahimbəyov 

Tanınmış Azərbaycan kinodramaturqu və ictimai xadim Rüstəm İbrahimbəyov 83 yaşında Moskvada vəfat edib. Nəşi Bakıya gətirilən sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunub. 

Rauf İsmayılov 

Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam aprelin 14-də vəfat edib. Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan R.İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005–2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu ildə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq – ulu sənət" adlı fərdi sərgiləri təşkil olunub.

Zülfüqar Abbasov 

Teatr xadimi, rejissor, Xalq artisti 2022-ci il aprelin 1-də, ömrünün 81-ci ilində vəfat edib. 1968-ci ildən Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub. 1992-ci ildən teatrın direktor, 1999-cu ildən isə baş rejissor kimi fəaliyyət göstərib.

Teymur Bünyadov 

Görkəmli tarixçi-etnoqraf alim, Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov 94 yaşında vəfat edib.

Vaqif Əsədov 

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, ssenari müəllifi, aktyor Vaqif Əsədov 2022-ci ilin 19 mayında 75 yaşında dünyasını dəyişib.  

Eldar Salayev 

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev 88 yaşında dünyasını dəyişib. 

Ənvər Çingizoğlu 

Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, publisist (Fərəcov) 60 yaşında vəfat edib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Ə.Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.

Sevda İbrahimova

Azərbaycanın Xalq artisti, bəstəkar, professor 83 yaşında vəfat edib. Sevda İbrahimova tarzən, Xalq artisti Qurban Pirimovun nəvəsi, xalq yazıçısı Mirzə İbrahimov və pianoçu Sara Pirimovanın qızıdır.

Araz Zeynalov

Tanınmış jurnalist 61 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, bir sıra nüfuzlu mətbu orqanlarda, o cümlədən “Vesti.az”da redaktor vəzifəsində çalışıb.

Ataxan Paşayev 

Milli Arxiv İdarəsinin sabiq rəisi, tarix elmlər doktoru 84 yaşında dünyasını dəyişib.

Firəngiz Rəhimbəyli

Estrada musiqilərinin misilisiz ifaçısı, Bəxt üzüyü” filimində canlandırdığı Sevda obrazı ilə yaddaşlarda iz buraxan aktrisa Firəngiz Rəhimbəyli 16 avqustda aramızdan ayrılıb. 62 yaşında ölkədən kənarda - ABŞ-də gözlərini həyata yuman aktrisanın ölüm səbəbi isə ürək tutması olub.

Nazim Məmmədov 

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.

Fərqanə Quliyeva 

Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. 

Rəhim Rəhimli

Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi. Sənətçi sentyabrın 30-da 45 yaşında ağır xəstəlikdən vəfat edib. Öz tərzi ilə daima göz önündə olan, çoxsaylı klipləri və mahnıları ilə tanınan bəstəkar  Bülbülə qəbiristanlığında dəfn olunub.

Araz Əlizadə 

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri onkoloji xəstəlikdən 70 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Ruhəngiz Qasımova

Əməkdar artist və bəstəkar vətəndən kənarda 82 yaşında Honkonqda vəfat edib. Ruhəngiz Qasımova Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Süleyman Abdullayev 

Əməkdar artist, görkəmli xanəndə 83 yaşında vəfat edib. Səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Fazil Məmmədov 

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 4-də Türkiyədə 58 yaşında 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb, 2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

İxtiyar Şirinov 

Azərbaycanın keçmiş Baş prokuroru uzun müddət əziýyət çəkdiyi xəstəlikdən vəfat edib. İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

Oqtay Rəcəbov

Əməkdar incəsənət xadimi professor, bəstəkar 81 yaşında dünyasını dəyişib. O, pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

Sadiq Əhmədov 

62 yaşlı azərbaycanlı aktyor Bakıda yaşadığı evdə ölü tapılıb. O,  “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

Kazım Əliverdibəyov 

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış dirijor Kazım Əliverdibəyov dekabrın 19-da, 88 yaşında vəfat edib.

Yafəs Türksəs

18 oktyabr 2022-ci il tanınmış şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs dünyasını dəyişib. Şair uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra vəfat edib.

Ələkrəm Hümbətov 

O, yaşadığı Haaqa şəhərində 74 yaşında vəfat edib. Ələkrəm Hümbətov 1993-cü ildə Azərbaycanın cənub zonasında qondarma “Talış-Muğan Respublikası” elan edib. O, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub. Ələkrəm Hümbətov 2004-cu ildən etibarən Niderlandda yaşayırdı. O, Ermənistana səfər etmişdi.

Fikrət Verdiyev 

Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən  75 yaşında dünyasını dəyişib.

Oruc Qurbanov 

Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi dekabrın 23-də 73 yaşında dünyasını dəyişib. O, teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO