Naxçıvandakı problemin OPERATİV HƏLLİ – Haqsızlıqla üzləşən tələbənin hüquqları təmin edildi

Naxçıvandakı problemin OPERATİV HƏLLİ – Haqsızlıqla üzləşən tələbənin hüquqları təmin edildi

Hazırda oxunan: Naxçıvandakı problemin OPERATİV HƏLLİ – Haqsızlıqla üzləşən tələbənin hüquqları təmin edildi

112596

Naxçıvan Universitetində təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrdən biri problemlə üzləşib. Belə ki, Universitetin I kurs tələbəsi Fərid Cəfərli qanunla haqqı çatsa belə, təhsil ödənişindən uzun müddət idi ki, azad olunmaması ilə bağlı yerli mətbuata bir neçə gün əvvəl açıqlama verib: 

“III qrup Qarabağ əlili ailəsindənəm. Atam qazidir və dünyasını dəyişib. Bakıda kollecdə təhsil alarkən, heç bir problem olmadan təhsilimi dövlət hesabına aldım. Amma indi Naxçıvan Universitetində mənə həmin ödənişlə bağlı güzəşt olmadı". 
Fərid Cəfərli sözügedən problemlə bağlı aidiyyəti qurumlara, hətta Ombudsman aparatına müraciət etsə belə, məsələnin uzun müddət öz həllini tapmadığını bildirib. 

Məsələ ilə bağlı “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva Bizim.Media-ya bildirib ki, universitetdə bütün tələbələr hər zaman diqqət və qayğı ilə əhatə olunub və olunmaqdadır: 

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 120 saylı qərarına əsasən, universitetimizdə sosial həssas qrupa aid olan tələbələrdən - 8 nəfər valideyn himayəsindən məhrum olan, 21 nəfər müharibə əlili olan şəxslərin övladları, 17 nəfər əlillik dərəcəsi olan tələbələrin təhsil haqları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ödənilir. Qeyd edim ki, 69 nəfər tələbə isə dövlət sifarişi əsasında təhsillərini davam etdirirlər.  

Universitetimizin İdarəetmə fakültəsinin Kompüter mühəndisliyi ixtisasında təhsil alan I kurs tələbəsi Fərid Eldəniz oğlu Cəfərli də bu tipli sosial həssas qrupa aid edildiyi barədə fakültə dekanlığına və universitet mühasibinə məlumat vermiş, lakin bu işlə əlaqədar aidiyyəti sənədlər tələbədən tələb olunsa da, o universitetə əsaslı sənədləri təqdim etməmişdi.

Bu sənədlər “Naxçıvan” Universitetinə yalnız 29 dekabr 2022-ci il tarixində təqdim edilib. Bundan sonra universitet bu məsələ ilə əlaqədar məktubla Elm və Təhsil Nazirliyinə müraciət ünvanladı və müsbət cavab aldı.
Tələbənin “rektorla görüşə bilmədim” ifadəsinə gəlincə isə, Fərid Cəfərli bir dəfə də olsun “Naxçıvan” Universitetinin rektorluğuna müraciət etmədən ictimaiyyəti çaşdıran müsahibə verib. Əsas məsələ tələbəmizin iddia qaldırdığı problemin həlli idi ki, bu məsələ də həllini müsbət yöndə tapıb”. 

Rektorun da açıqlamasından göründüyü kimi, Fərid Cəfərlinin üzləşdiyi problem artıq öz həllini tapıb. 

Məsələ ilə bağlı diqqət çəkən əsas məqamlardan biri isə problemin qısa müddətdə, operativ olaraq həll olunmasıdır. Əvvəlki dövrlərdə Naxçıvanda digər qurumlarda oxşar anlaşmazlıqların həlli ya uzun zaman alır, ya da ümumiyyətlə, şikayətlərdən heç bir nəticə hasil olmurdu. Artıq bu cür xoşagəlməz halların aradan qalxdığı, yerli qurumların qısa müddətdə problemləri çözdüyü aydın görünür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO