"Rasim bəy dəruni hislərlə hörmət etdiyim şəxsiyyətlərdəndir. Onun ədəbiyyat naminə gördüyü işləri də, ədəbi-ictimai xarakterini də yüksək qiymətləndirirəm. Di gəl, bu mövzuya böylə naşı münasibətini heç anlamadım".xa0
Bunu Moderator.az-a açıqlamasında tanınmış şair Şəhriyar del Gerani bildirib.xa0
Şəhriyar del Gerani bildirib ki, Salamı, Aqşini, Şəhriyarı 5-10 illik ədəbi hakimiyyəti olan şair adlandırmaq vicdandan məhrum, xeyli cahil yanaşmadır: "Az-çox intellekti, heysiyyatı, dünya ədəbiyyatından məlumatı olan hər kəs bilir ki, biz müstəqil Azərbaycan ədəbiyyatının ən mükəmməl şeir nümunələrini, bədii mətnlərini, poeziya irsini yaradan imzalarıq. Və də bu, 90larda Salam, 2000lər-də Aqşin, 2010lar-da Şəhriyar bölgüsü kimi lokal-təqvimsal dəyərləndirilməli deyil. Artıq Azərbaycan ədəbiyyatşünaslığı, AMEA-nın nəzdindəki Dilçilik İnistutu, mətbuatda var-gəl edən tutarlı jurnalist kəsimi bizimlə ciddi-cəhdlə məşğul olmalı, bizi dünya ədəbiyyatı kontekstində müzakirə etməli, yaradıcılığımızdan bəhs etdikləri məqalələri müxtəlif dillərə tərcümə edib dünyaya çıxarmalıdırlar. Əks təqdirdə biz azərbaycandilli mətbuatda dərcimizi dayandırmalıyıq. Məlum məsələdir ki, çağdaş Azərbaycan oxucusu son 25 ildə bu üç imzanın ətrafında birləşmiş. Rasim bəy də, ətrafında olan yoldaşlar da yaxşı bilir ki, bu, repdən, popdan, şoudan, yaxud yüngül gəlişmələrdən, sürüylə onun-bunun üstünə cummalardan gələn uğur deyil. Bu, ilahi bədii həqiqətlərin, ədəbiyyatın uğurudur. Yaxşı olar ki, Rasim bəy də daxil olmaqla bu qəbil yazı-pozu ilə məşğul olan yoldaşlar bizim yaradıcılığımıza ciddi təhlillərlə münasibətdə bulunsunlar. Yoxsa ki, bu şairlər yarasaya oxşayır, nə bilim bayquşa oxşayır kimi nadan mülahizələrlə özlərini gülünc vəziyyətə salmasınlar".xa0
Şairin sözlərinə görə, küçə dilində danışmağa qalsa, istənilən adamın bir cümləylə geridə qalan həyatını anekdota çevirəcək ironiyamız da var, şəbədəmiz də: "Düzü, bu etapı çoxdan həll etmişəm özümdə, daha maraqsız görünür böylə çəkişmələr. Bircə bunu deyə bilərəm ki, mənim hazırda çatdığım bədii, həyati həqiqətlərdən boylananda 3-5 imza görünür. Gerisi təfərrüatlardı, varmayalım. Sayğılarımla..."
Xatırladaq ki, yazıçı Rasim Qaraca mətbuata verdiyi açıqlamada bunları deyib: "Ramiz Rövşən şeiri poeziya tariximizin tənəzzülü sayıla bilər, çünki pis-yaxşı, modernistik ənənələrin yeni-yeni ayaqüstə durmağa başladığı zamanda Ramiz özünün pessimistik əhval-ruhiyyəsi, kahin qılıfıyla bu ənənəni bir anlamda yarıda kəsir, haradansa qaranlıq yerlərdən xəbərlər gətirən bir üslub şeirimizə hakim kəsilir, "filan şey filan şeydir" deyən şairlər güruhu meydana çıxır, Salam Sarvan, Aqşin Yenisey, Şəhriyar Del Gerani kimi istedadlar həmin kəhanətin birər qurbanlarıdır".
































































































