“ASCO istiqrazları”nın təqdimatı keçirildi

“ASCO istiqrazları”nın təqdimatı keçirildi

Hazırda oxunan: “ASCO istiqrazları”nın təqdimatı keçirildi

112064

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, bank və sığorta şirkətlərinin rəhbərləri, dənizçilər  və media nümayəndələri iştirak ediblər. 

Tədbirdə əvvəlcə ASCO-nun zəngin tarixindən, çoxprofilli fəaliyyətindən bəhs edən video nümayiş olunub. Daha sonra “ASCO istiqrazları” haqqında hazırlanmış tanıtım videoçarxı təqdim edilib. 

Təqdimetmə mərasimində çıxış edən ASCO sədri Rauf Vəliyev bildirib ki, istiqrazlardan əldə olunan gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkəti olan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək.

Bununla belə, tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq.

Çıxışlardan sonra istiqrazların şərtləri barədə məlumatları özündə əks etdirən təlimat videoçarxı təqdim olunub.

Qeyd edək ki, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir. 100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilərlər. İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək. 

İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir. 

Dollarda yüksək gəlirli maliyyə aləti olan ASCO istiqrazları sahiblərinə 5 il müddətində zəmanətli qazanc vəd edir.

Yeni tədavülə buraxılan istiqrazlar haqqında www.ascoistiqraz.az saytına daxil olmaqla və ya 1548 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə etmək mümkündür.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO