İsmayıllının Çəmənli kəndinə payız və qış aylarında getmək tövsiyyə olunmur. Buranı ancaq ekstremal avtomobil idmanı ilə məşğul olmaq istəyənlər tərcih edə bilərlər. Belə vaxtda adrenalinin biri bir qəpik...
Yolsuzluqdan əziyyət çəkən Çəmənli sakinləri isə Bizm.Media- ya üz tutub, müraciət edib, səslərinin nəhayət eşidiləcəyinə güman etdiklərini bildirirlər. Onlar inanmaq istəyir ki, nəhayət Çəmənliyə tarixində ilk dəfə asfalt yol çəkiləcək və sakinlər nəhayət ki, bu əziyyətdən xilas olacaqlar.
Sakinlər deyir ki, elə ki, payız gəldi, bir balaca yağış yağdısa, Çəmənlinin kələ-kötür yolu hamarlanır, yəni su dolub elə bir vəziyyət yaranır ki, balaca gölməçələr keçilməz olur:
“Canımız cəhənnəm deyib dözərik, amma balaca fidanlarımızın məktəbə getdiyi vaxt çəkdiyi əziyyəti görəndə ürəyimiz parçalanır axı. Nə ayaqqabı tab gətirir, nə pal-paltar”.
Çəmənli rayon mərkəzindən 25 km aralıda yerləşir. Yolun 21 km-lik hissəsi İsmayıllı-Qəbələ yolu, 4 km-lik hissəsi isə kənd yoludur. Müsibət də yolun bu 4 km-lik hissəsindədir.
Sakinlər deyir ki, hər dəfə rayon mərkəzinə gedəndə özləri ilə əlavə ayaqqabı və paltar götürməyə məcbur olurlar. Belə ki, evdən çıxıb rayona çatana qədər adamın üst-başı palçıq olur. Uşaqlar isə məktəbdən hər gün evə palçığın içində dönür. Bu səbəbdən onların üst geyimləri hər gün yuyulur, təmizlənir:
“Kimin ki avtomobili var, o da ayrı bir dərddir. Bəzən yolda sınır qalır, hər ay da dəfələrlə ustaya getməyə məcbur oluruq. İndi XXI əsrdir, belə bir yol vallah heç sovet dövründə olmamışdı. Dağılıb, baxan yoxdu. Bələdiyyə barmağını icra hakimiyyətinə, icra da barmağını yuxarı tuşlayır. Bu ötür-ötürdə əhali əziyyət çəkir”.
Bəs yola cavabdehlik kimin üzərinə düşür?
“Sonuncu dəfə kənd yolunun 3 kilometrlik hissəsinə beş il əvvəl bələdiyyə tərəfindən çınqıl-daş döşənsə də indiondan əsər-əlamət qalmayıb”- deyə, kənd bələdiyyəsindən problemə münasibət bildirilib.
Kənd bələdiyyəsindən Bizim.Media-ya o da bildirilib ki, yolun cari təmiri ilə bağlı bir sıra təklifləri var. Lakin sakinlərdən vergi pulunu yığa bilmədiklərindən çınqıl daşıya bilmirlər. Əgər sakinlər əvvəlki illərin vergi borcunu ödəsələr, yolun daha təhlükəli və dərin çalalarını çınqılla hamarlamaq mümkündür.
Rayon yol istismar idarəsindən adının çəkilməsini istəməyən əmkdaşı isə bildirib ki, sakinlərin problemi onlara bəllidir. Lakin növbəti il üçün Çəmənli yolunun tikintisi planlaşdırılmayıb.
Nəysə, bizim də işimiz yazmaqdır, ay Çəmənli camaatı, yəqin ki səsinizi eşidən tapılar.
Belə-belə işlər...
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:15 / 27.12.2022
İsmayıllının Çəmənli kəndinə yol çəkilməyəcək? – Çünki onları elə “GÖRMƏSƏLƏR YAXŞIDIR”
Hazırda oxunan: İsmayıllının Çəmənli kəndinə yol çəkilməyəcək? – Çünki onları elə “GÖRMƏSƏLƏR YAXŞIDIR”
Hazırda oxunan: İsmayıllının Çəmənli kəndinə yol çəkilməyəcək? – Çünki onları elə “GÖRMƏSƏLƏR YAXŞIDIR”
111878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.