Vətəndaşlar deputatlara daha çox hansı məsələlərdən ötrü ÜZ TUTUR – BİZİM SORĞU

Vətəndaşlar deputatlara daha çox hansı məsələlərdən ötrü ÜZ TUTUR – BİZİM SORĞU

Hazırda oxunan: Vətəndaşlar deputatlara daha çox hansı məsələlərdən ötrü ÜZ TUTUR – BİZİM SORĞU

111766

Ölkədə həyata keçirilən yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət dayanır. Hər bir dövlət qurumunun fəaliyyətinin güzgüsü hesab olunan bu işin məsuliyyətliliyi və vicdanlılığı isə daha öndə duran prioritetdir. Təsadüfi deyil ki, ölkə başçısı da hər zaman dövlət qurumlarını vətəndaşlara və onların problemlərinə diqqətlə yanaşılmasını ön plana çəkir. 

Amma vətəndaş məmnuniyyəti ilə bağlı problemlər son zamanlar Azərbaycanda daha aktualdır. Dövlət qurumlarından çarələri kəsildiyi üçün deputatlara üz tutanların isə sayı hesabı yoxdur.

Maraqlıdır, millətin vəkilləri daha çox hansı mövzularda vətəndaş müraciətləri alır?

Bizim.Media-nın sorğusuna Millət vəkili Aydın Mirzəzadə bildirib ki, ona bütün məsələlərlə bağlı müraciətlər daxil olur:

“Bunların içərisində ilk sıranı işlə təminat məsələsi tutur. Daha sonra əlilliyin və ya pensiyanın təyinatına dəstək, yataqxanalarda yerlə təminat və şəxsi məsələlərdə məsləhət vermək üçün də müraciətlər olunur. Amma elə bir məsələ yoxdur ki, onunla bağlı müraciət edilməsin. Çox xoşuma gəlir ki, insanlar ayrı-ayrı qanunların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə daha çox müraciət etməyə başlayıblar. Müraciətlərin 80 faizi Mingəçevirdən öz seçicilərim olur. Bununla belə vaxtaşırı digər bölgələrdən də müraciətlər alıram. Bacardığım qədər heç birindən imtina etmirəm”.

Deputat Razi Nurullayevin sözlərinə görə bəzi müraciətlərin həlli müsbət nəticələnir:

“Mənə daha çox işə düzəlməklə bağlı müraciətlər daxil olur və biz də onları aidiyyəti üzrə Məşğulluq Agentliyinə yönləndiririk. Amma nəticələr çox zəifdir. Əlavə olaraq bütün xahişlər də işə düzəltməklə bağlı olur. İkinci yerdə pensiyası kəsilən, müavinəti dayandırılan və əlilliyin təyinatı məsələlərilə bağlı müraciətlərdir. Əlilliyin təyinatı ilə bağlı müraciətlərdə xeyli irəliləyişlər var. Onların hamısına konkret cavablar verilir. Vətəndaş haqlıdırsa, həll olunur. Bu məsələdə xeyli müsbət nəticələrimiz var. Amma çox sayda haqlı insanlar var ki, onların əlilliyi təyin olunmur və ya gecikdirilir. Üçüncü məsələ isə ünvanlı sosial yardımın təyinatı ilə bağlı olan müraciətlərdir.

Bu məsələdə isə nəticə əldə etmək çox çətindir. Hərçənd ki, özümüz israrlı davranaraq, müvafiq orqanın işlərini yerini yetirərək video-audio çəkilişləri hazırlayıb aidiyyəti qurumlara göndəririk ki, onlar bu məsələni daha tez həll etsinlər. Ümid edirik ki, hər müraciət edən vətəndaşın həllinə nail olacağıq”.
Millət vəkili Fazil Mustafa da müraciətlərin daha çox işsizliklə bağlı olduğunu qeyd edib:

“Əsasən işsizliklə və mükiyyət hüququnun pozulması ilə bağlı müraciətlər gəlir. Məhkəmənin verdiyi qərarlardan narazılıqların sayı isə kifayət qədər çoxdur. Bu istiqamətdə şikayətlər daha çox olur. Qarşısını almaq imkanlarımız demək olar ki, yox səviyyəsindədir. Çünki bu qurumların fəaliyyətinə müdaxilə etmək bir çox hallarda mümkün olmur”.

Deputat Aydın Hüseynov isə bildirb ki, ona müraciətlərin çoxu Qaradağ rayonundan daxil olur:

“Ən çox işlə təminatla bağlı müraciətlər gəlir. Bəzən banklarla bağlı problemlərlə də üzləşən vətəndaşların şikayətlərini alırıq. Torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlərin də sayı çoxdur. Xüsusilə Qaradağ rayonunda yaşayan müharibə iştirakçıları və veteranlarından ibarət gənc ailələrin evlə təminatı üçün onlara torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlər daxil olur”.

Alçina amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO