Sfera.az xəbər verir ki, Binəqədi rayonu, K. Rəhimov küçəsi, 53A ünvanında yerləşən "Bakuelektrikştap” təcrübə zavodunun yataqxanasında yaşayan bir qrup sakin ölkə prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubu "Çox hörmətli cənab Prezident, öz dəyərli vaxtınızı bizə sərf etdiyiniz üçün sizə əvvəlcədən təşəkkür edirik” müraciəti ilə başlayan sakinlər illərdir, şəraitsiz yataqxanada yaşadıqlarını dilə gətiriblər.
Onların sözlərinə görə, yataqxana bərbad vəziyyətdədir, 10 qonşu eyni mətbəxdə yemək hazırlamağa məcburdur, yaşadıqları otaqlar xəstəlik mənbəyidir.
Sakinlərin dediyinə görə, aidiyyati qurumlara edilən çoxsaylı müraciətlərin heç bir səmərəsi olmayıb. Binəqədi İcra Hakimiyyətindən nümayəndə yataqxanaya gəlib yerindəcə vəziyyətlə tanış olsa da, heç bir tədbir görülməyib.
12 nəfərin imzaladığı sözügedən məktubda qeyd olunur ki, yataqxanada yaşayan hər bir ailəyə 30 min manat təklif olunur, amma bu məbləğə Bakının heç bir yerində ev almaq mümkün deyil.
Dərdlərinə əlac edilmədiyindən gileylənən yataqxana sakinləri, son ümid yeri kimi dövlət başçısına sığındıqlarını, ondan kömək istədiklərini bildirirlər.
"Ümidvarıq, bizi düşdüyümüz çarəsiz durumdan qurtaracaqsınız və problemimizin həlli üçün sərəncam verəcəksiniz”, - yataqxana sakinləri dövlət başçısına ünvanladıqları məktubu bu sözlərlə yekunlaşdırıblar.
Selcan
Sfera.az