Vəfa Quluzadənin ƏTİR ZARAFATI – Tofiq Zülfüqarov xatirələrini DANIŞIR

Vəfa Quluzadənin ƏTİR ZARAFATI – Tofiq Zülfüqarov xatirələrini DANIŞIR

Hazırda oxunan: Vəfa Quluzadənin ƏTİR ZARAFATI – Tofiq Zülfüqarov xatirələrini DANIŞIR

110799

Bu gün tanınmış politoloq, 1992-1999-cu illərdə Azərbaycanın Xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışmış Vəfa Quluzadənin dünyaya gəldiyi gündür. O, 1940-cı ilin dekabrın 21-də anadan olub. 

Bu tarixi şəxsiyyət barədə xatirələrini bölüşmək üçün Bizim.Media olaraq uzun illər onunla birgə çalışmış sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbətləşdik. 

Sayta müsahibəsində T. Zülfüqarov V. Quluzadəni peşəkar, bacarıqlı diplomat kimi xarakterizə edib:

- Vəfa müəllimlə bağlı xatirələri iki yerə bölmək olar. Peşə fəaliyyətilə bağlı demək olar ki, uzun müddət onunla birlikdə danışıqlarda iştirak etmişik. Peşəkar diplomat kimi təcrübəli insan idi. Öz şəxsi xüsusiyyətlərindən professional şəkildə istifadə etməyi bacarırdı. Ünsiyyət və əlaqə yaratmaq bacarığına malik şəxs idi. Xatirələrin digər hissəsi onunla dost olmağımla bağlı olub. Şəxsi münasibətlərimiz də vardı. İşdən sonra bəzən görüşür, hansısa tədbirlərdə iştirak edirdik.

Məndən daha təcrübəli insan kimi bir çox məsələlərdə böyük qardaş rolunu oynayır, məsləhətlər verir, kömək edirdi. Onun dünyadan getməsi mənim üçün də böyük itki oldu. Çünki artıq yanımda belə bir insanın olmasına öyrəşmişdim. Onun da həyatında bir çox sınaq və problemlər olub. Oğlunun vəfatı onun üçün böyük faciə idi. O, istedadlı, işıqlı insan kimi yadddaşlarda qalacaq. Əminəm ki, işğal olunmuş ərazilərimizin azad olunmasından sonra onun da ruhu şaddır. Vəfa müəllimin bu məsələdə vaxtı ilə sərf etdiyi zəhmət digərlərinin zəhməti kimi sonda nəticə verdi. Əldə olunan qələbədə onun da payı var. 

- Onu bir çox hallarda diplomatik bacarığına görə, Qafqazın Kissinceri adlandırırdılar...

- Vəfa müəllim uzaqgörənliyilə seçilirdi. O, vaxtlar onun bir çox fikirlərini qəbul etmirdilər. Amma tarixi baxımdan böyük müddət keçməsə də onun bir çox təhlil və proqnozlarının özünü doğrultduğunu gördük. İndi də doğruldur. Vəfa Quluzadə özünə məxsus adla təkcə Cənubi Qafqazda tanınmamışdı, bütün postsovet məkanında onun hörməti və bilikləri qiymətləndirilməkdə davam edir. Onun çıxışları əsasında kitab çap olunub. Amma fəal insan olduğundan bu məsələlərə onun vaxtı çatmırdı. Hesab edirəm ki, Vəfa Quluzadə heç də Kissincerdən aşağı diplomat olmayıb. Amma müqayisə etməyi xoşlamıram. 

- Vəfa müəllim işdən kənar vaxtlarda hansı söhbətləri etməyi xoşlayırdı?

- Yaxşı zarafatları, bilikləri vardı. Ədəbiyyatla yaxşı tanış idi. Tək Azərbaycan ədəbiyyatını deyil, xarici ədəbiyyata da yaxşı bələd idi. Həyatı sevən insan idi. Ləzətli yeməklər bişirirdi. Evində bişirdiyi balığı 50 qram vurmaqla birlikdə yeyirdik. Heydər Əliyevin ona münasibəti də tam fərqli idi. Hansısa iclaslarda bu və ya digər məsələlərlə bağlı Heydər Əliyev onun da fikrini soruşur, fikir mübadiləsi edirdilər. Onunla vaxt keçirmək maraqlı idi. Səfərlərdə olanda, işdən sonra piyada gəzir, təəssüratlarımızı bölüşürdük. 

- Dediyiniz kimi, Vəfa müəllim zarafatlar etməyi xoşlayırdı. Hansı maraqlı zarafatlar, məzəli əhvalatlar danışırdı?

- Venada olan danışıqlardan sonra birlikdə qarlı havada gəzirdik. Mənə dükan göstərdi və dedi ki, pulu çox olanda həmin dükandan o zamanlar dəbdə olan “Bersalina” şlyapasını alacaq. Yəni çox şeyə fikir verirdi. Mən də ondan çox şey öyrənirdim. Zarafatları da gözəl idi. Lisabondakı tədbirdən sonra şəhəri gəzərkən hansısa ticarət mərkəzinə çatanda Vəfa müəllim dedi ki, adekolonum qurtarıb, mənə ətir al. Gördüm ki, böyük bir ətir qabını götürdü. Soruşdum ki, bu böyüklükdə ətir qabını çamadanda daşımaq axı çətin olacaq? Dedi ki, adam yaşlaşdıqca, özünə daha çox ətir vurmaq istəyir. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO