Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və onun yerli qurumları ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir. Dekabrın 3-də belə bir reyd Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (Stansiyasında) 90cx615 dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilmişdir.
Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum olmuşdur ki, heyvan öldükdən (murdar olduqdan) sonra onun başı kəsilmiş və satış üçün nəzərdə tutulmuşdur.
Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcəkdir.































































































