Bakının mərkəzində ucaldılan Bəhram Gurun heykəli SÖKÜLÜRMÜ? – Tarixçilərdən REAKSİYA 

Bakının mərkəzində ucaldılan Bəhram Gurun heykəli SÖKÜLÜRMÜ? – Tarixçilərdən REAKSİYA 

Hazırda oxunan: Bakının mərkəzində ucaldılan Bəhram Gurun heykəli SÖKÜLÜRMÜ? – Tarixçilərdən REAKSİYA 

109363

Bakının mərkəzində 64 il əvvəl abidəsi ucaldılan Sasani fars sülaləsinin beşinci hökmdarı Bəhram Gurun heykəlinin sökülməsi tələb edilir. Sosial şəbəkərlərdə başlayan kampaniyaya vətəndaş cəmiyyətinin xeyli sayda nümayəndələri qoşulub.

Etirazçılar Bəhram Gurun Azərbaycan tarixinə aidyyəti olmadığını qeyd edərək abidənin götürülməsinə qalxıblar.  

Kampaniyanı başladan ictimai xadim Samir Məmmədovun sözlərinə görə türklərlə döyüşən Sasani hökmdarı Bəhram Gura Bakının mərkəzində abidə qoyulması yalnış addımdır:

“Tehranda türk hökmdarlarına - Mete xana, Alp Arslana, Atillaya, Çingiz xana, İbrahim Şirvanşaha abidə qoyulmasını təsəvvür edə bilirsinizmi? Türk tarixindən və ya epizodlarından olan öz qəhrəmanlarımız kifayət deyil? Cəmiyyətin zehni, sivil təməlini dəyişdirməyə yönəlmiş idrak müharibələri məhz başqa qəhrəmanlara abidələr ucaldıldıqda aparılır. Əd-Dinəvari rəvayət edir ki, Bəhram türkləri Mərv yaxınlığında məğlub edərək Amudərya çayından (Ceyhun) Amula qədər təqib etdi. Digər müəlliflər isə deyirlər ki, Bəhram Gur türklər üzərində qələbədən sonra Amudəryaya yaxınlaşıb”.

Bəs tarixçilərin fikri nədir? Bəhram Gurun heykəli sökülməlidirmi? 

Tarixçi alim, dosent Zaur Əliyev Bizim.Media-ya açıqlamasında bildrib ki, Bəhram Gur heykəlini Sasani şahı kimi deyil, dahi Nizaminin sufi görüşlərinə görə qəbul etmək lazımdır:

“Bu heykəl barədə mediada müxtəlif fikirlər oxuyuram, bəziləri haqlı, bəziləri isə haqsız danışırlar. Öncə qeyd edim ki, XII əsrdə Azərbaycanın dahi şairi Nizami Gəncəvi Bəhram Guru öz “Yeddi gözəl”, həmçinin “Bəhramnamə” kimi də məşhur olan poemasının baş qəhrəmanı edib.
Demək böyük Nizami Gəncəvi Bəhramı bir tarixi şəxsiyyət görüb ki, onu öz poemasının baş qəhrəmanı kimi qeyd edib. Eyni zamanda heykəl də Xeyirin Şər üzərində qələbəsini simvolizə edir. Bəhram Gur - bu ad özü-özlüyündə simvolik xarakter daşıyır. Bəhram (farsca) - Mərrix (ərəbcə) qan, müharibə tanrısı mənalarını verir. Gur (farsca) - gor, qəbir mənası daşıyır.

Bəhram Guru Sasani hökmdarı adlandırıb onu daşlayanlar anlamırlar ki, Bəhram Gur obrazını yaratmaqla Nizami Gəncəvi feodalizm dövründə hökm sürən monarxiya rejimini deyil, ağıla və qabiliyyətə görə dövləti idarə etmək səlahiyyəti qazanmaq ideyasını irəli sürüb.

Nizami Gəncəvi Bəhram Gurun timsalında bizə insanlıq manifesti yaratdığını göstərir. Bəziləri iddia edir ki, guya Nizami fars şairi Firdovsinin əsərindən ilhamlanıb. Bu yanlış fikirdir. Nizami Sasani hökmdarı Bəhramın həyat və fəaliyyətini əks etdirən bir əsər yaratmaq, bununla da Firdovsini təkrar etmək istəməyib.

O, Firdovsiyə də məlum olan materiallar əsasında yeni tipli, heç kəs tərəfındən nümunəsi yaradılmayan bir sənət əsəri meydana çıxarıb. Nizami əsərdə sufizm fəlsəfəsindən əvvəlki poemalarından tamamilə fərqli keyfiyyətdə istifadə edib.

O, Bəhramın simasında sufılərin Şəriət-Təriqət-Mərifət-Həqiqət dördmərhələli kamilləşmə yolu ilə gedən aşiq-qəhrəman obrazını yaratmasa da, həm bu dördmərhələli kamilləşmə sxemindən, həm də sufilərin yeddi pilləli Təriqət modelindən yetərincə istifadə edərək tamamilə yeni tipli qəhraman yaradıb. Heykəlin bərpasını isə vacib sayıram, hər bir kompozisiyanı düşünürək qəbul etmək lazımdır”. 

Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın fikrincə isə siyasətlə mədəniyyət irsini qarşı-qarşıya qoymaq olmaz.

Tarixçi qeyd edib ki, çılğıncasına və emossional yanaşma heç də siyasi anlamda məsələlərin həllinə yardımçı olmaz. Əksinə Azərbaycan maraqlarına zidd mövqedə olan qərəzli qüvvələr bu cür addımlardan istifadə edərək, xalqımıza qarşı qarayaxma kampaniyasına başlaya bilərlər:  

“Bəhram Gurun heykəli bir sənət əsəridir və bu, Azərbaycan heykəltaraşlarının zəhmətinin bəhrəsidir. Eləcə də Azərbaycan incəsənətinin parlaq nümunəsidir. Yəni bir sənət əsərinin belə asanlıqla sökülüb atılmasının özü mədəni hadisə sayıla bilmız.

Bu, bir Nizami Gəncəvi əsərinin personajıdır. Kifayət qədər haqqında rəvayətlər dolaşan bir hökmdarın dahi mütəfəkkir tərəfindən qələmə alınması təsadüfi bir hadisə deyil. Ümumiyyətlə siyasətin konyunkturasına uyğun olaraq tarixə münasibət bəslənməsi yalnış bir yanaşmadır.

Bizim bu günkü konyunktura ilə bağlı hansısa hakimiyyətin münasibətindən asılı olaraq həmin xalqların tarixən görkəmli şəxsiyyətlərini istər sənət, istər bədii əsər olaraq, yaxud filmdə işıqlandırılması baxımından məhvinə çağırış etmək Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsinə zidd bir mövqedir.

Onda Azərbaycan ədiblərinin, rəssamlarının, heykəltaraşlarının, musiqi xadimlərinin yaratdığı əsərlərin hamısının məhvinə qalxaq ki, orada hansısa Azərbaycanın bu günkü maraqlarına zidd hakimiyyətlərin xalqlarının mənsublarından bəhs olunub. Belə çıxır ki, Nizami Gəncəvinin adını daşıyan metrostansiyadakı mozaikalara da əl gəzdirməliyik. Bu cür barbar düşüncə Azərbaycan mənəviyyatına yaraşmaz”. 

Tarixçi hesab edir ki, əksinə, bu tip tarixi sənədlərə qayğı ilə yanaşmaq lazımdır:

“Bu, həm də Azərbaycan heykəltaraşlıq məktəbinin bir nümunəsi kimi dəyərləndirilmılidir. Biz qonşu və müştərək tarixə sahib olan dövlətin şairlərini, yazarlarını və ədiblərini də təqdir edirik. Bu baxımdan Sədi, Hafiz kimi məşhur fars şairlərinin, eləcə də digər xalqaların mütəfəkkirıərinin əsərləri həmişə Azərbaycan xalqı tərəfindən sevə-sevə oxunub”. 

Məlumat üçün bildirək ki, Bəhram Gurun heykəli Bakı şəhərində, Azneft meydanında, funikulyorun qarşısında yerləşir. Bu heykəlin maketi 1959-cu ildə üç heykəltaraş – Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən hazırlanıb.
Abidə Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Bu heykəlli fəvvarə Azərbaycanın əməkdar rəssamı Qorxmaz Sücəddinovun ilk peşəkar işlərindən biri olmaqla yanaşı, Azərbaycanda ədəbi qəhrəmana ucaldılmış ilk heykəltaraşlıq abidəsidir.

Hündürlüyü 3,5 metr olan heykəl tuncdan hazırlanıb. Heykəlin ətrafında dairəvi hovuz quraşdırılıb. İlk heykəl-fəvvarənin memarı rus əsilli Vladimir Şulqin olub. 1960-cı ildə heykəlin açılış mərasimi keçirilib.

Abidədə Sasanilərin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunub. XII əsrdə Azərbaycan şairi Nizami Gəncəvi Bəhram Guru öz “Yeddi gözəl”, həmçinin “Bəhramnamə” kimi də məşhur olan poemasının baş qəhrəmanı edib. Bəhram Gurun heykəli 2007-ci ildə bərpa olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO