121 min şəxsə sosial dəstək xidməti göstərilib - Postmüharibə dövründə

121 min şəxsə sosial dəstək xidməti göstərilib - Postmüharibə dövründə

Hazırda oxunan: 121 min şəxsə sosial dəstək xidməti göstərilib - Postmüharibə dövründə

109054

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu tədbirlər çərçivəsində şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 102 min şəxsə 114 min aylıq sosial ödəniş təyin olunub, 2,8 min şəxsə sığorta ödənişi edilib.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan şəxslərdən ibarət 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib.

2021-ci ilin əvvəlindən şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olanların, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən sosial müavinətlər orta hesabla 60 faiz artırılıb.

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300-dən çox avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7500-dən çox avtomobil verilib).

Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 35 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Müharibə ilə əlaqədar əlilliyi olan 1750 şəxs 29 054 reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 376 şəxs 391 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 67,6 min şəxsə xidmətlər göstərilib.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi ümumilikdə 121 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 257 min xidmət göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO