300 gəncin iştirakı ilə “Media savadlılığı” konfransı keçirilib – FOTO

300 gəncin iştirakı ilə “Media savadlılığı” konfransı keçirilib – FOTO

Hazırda oxunan: 300 gəncin iştirakı ilə “Media savadlılığı” konfransı keçirilib – FOTO

108809

Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində “Media savadlılığı” konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar  funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.

Daha sonra Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə “Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiya keçirilib.

Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, məktəbdə və məktəbdənkənar hazırlanan və tədris edilən proqramlar, təlimlər, konfranslar, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə və media məlumatlılığının artırılmasına istiqamətlənən tədbirlər gənclərin sosial-mədəni potensialının gücləndirilməsi, eləcə də cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, media savadlılığının formal təhsil səviyyəsində tədris edilməsinin uşaq, yeniyetmə və gənclərin medianın mənfi təsirlərinə qarşı məlumatlılığının artırılmasında mühüm qoruyucu rol oynadığını görə bilərik.

Çıxışı zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qeyd edib ki, araşdırmalar göstərir ki, media savadlılığı üzrə göstəriciləri yüksək olan ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.
Daha sonra “Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti” mövzusunda ikinci panel sessiya keçirilib.

Panel sessiyaya moderatorluq edən “ASAN Radio”nun direktoru Emin Musavi MEDİA Agentliyi ilə birgə həyata keçirilən “Smart media” layihəsinin əhəmiyyətini vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, media savadlılığının artırılması medianın mənfi nəticələrini minimuma endirmək, rəqəmsal platformalarda iştirakın potensial zərərli təsirlərini azaltmaq, eləcə də gənclərə rəqəmsal dünyada tənqidi istehlakçılar və yaradıcılar olmağa kömək etmək üçün ən əsas alətlərdəndir.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, qlobal informasiya mühitinin modernləşməsi bir çox həssas istifadəçi qrupları, yəni uşaq, yeniyetmə və gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir. Ona görə də, beynəlxalq təcrübədə bu sahədə görülən işlər ilkin olaraq gənclər üçün maarifləndirmə və təhsil proqramlarının icrası istiqamətindədir.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva media savadlılığı bacarıqlarının artırılmasının məqsədindən, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO