Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı şəhər ərazisində yerləşən obyektlərdən oğurluq edən şəxslər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu yayıb.
İlkin araşdırmalarla şəhər ərazisində yerləşən mağazaların birindən dəyəri 800 manatdan artıq olan spirtli içkilərin oğurlanması, orada olan ödəmə terminalına zərər yetirilməsi və obyektin yandırılmasına cəhd edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Tehran Həsənov tutulub. Həmin şəxs ifadəsində oğurladıqlarını satdığını və hadisəni törədərkən iz itirmək məqsədilə mağazanı yandırmaq istədiyini bildirib. Araşdırma zamanı T.Həsənovun obyekt sahibinə məxsus ümumvətəndaşlıq pasportunu, eləcə də bəzi əşyaları yandırdığı məlum olub.
Saxlanılan şəxs ətrafında aparılan ilkin ibtidai istintaq zamanı keçmiş məhkumun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun rayon sakini Yaqub Məmmədovla birlikdə şəhər ərazisində yerləşən köşkdən də lotereya, tütün məmulatları və pul oğurladıqları müəyyən edilib. Oğurluqda əlbir olan dostlardan digəri - Yaqub Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media