Partiyaların yeni qanunla bağlı NARAHATLIĞI – “Şəxsi məlumatlar tələb olunmamalıdır”

Partiyaların yeni qanunla bağlı NARAHATLIĞI – “Şəxsi məlumatlar tələb olunmamalıdır”

Hazırda oxunan: Partiyaların yeni qanunla bağlı NARAHATLIĞI – “Şəxsi məlumatlar tələb olunmamalıdır”

108376

Xəbər verdiyimiz kimi, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb. Belə ki, qanun layihəsinin ilk variantında bir sıra dəyişikliklər edilsə belə, hələ də partiyaları narahat edən bir sıra məqamlar var.

Parlamentdəki müzakirələr zamanı da bir sıra partiya sədrləri öz iradlarını ifadə ediblər. Xüsusən də, partiyaların dövlət qeydiyyatı zamanı üzvlərin şəxsi məlumatlarının tələb edilməsi birmənalı qarşılanmayıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiyaların qeydiyyatı prosesində üzvlərin telefon nömrələrinin tələb olunmasını doğru hesab etməyib.

“Partiyaların rəsmi qeydiyyatı zamanı telefon nömrələri tələbi ləğv olunmalıdır. Çünki vətəndaş bir ay sonra nömrəsini dəyişə bilir. Zənnimcə, qeydiyyat zamanı vətəndaşın pasport nömrəsinin olması kifayətdir”, - deyə partiya sədri qeyd edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də oxşar məsələdə narazılığını dilə gətirib:

“Fərdi identifikasiya kodunun təqdim edilməsi konfidensiallığın pozulması deməkdir. Çünki identifikasiya kodu vasitəsilə vətəndaş hətta evdə oturub, bankdan kredit belə götürə bilər. Eyni zamanda, qanunvericilikdə fərdi identifikasiya kodu ilə bağlı ciddi müddəlar da mövcuddur.

Bununla yanaşı, heç bir partiyanın bu tələbləri yerinə yetirmək, informasiyanın konfidensiallığını qorumaq imkanı yoxdur”.

Digər partiyaların da sözügedən məsələyə münasibətini öyrəndik.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Bizim.Media-ya açıqlamasında bildirib ki, müvafiq tələblər layihədən çıxarılmalıdır:

“Çünki həm Venesiya Komissiyası, həm də digər beynəlxalq komissiyalar partiya üzvlüyündə şəxsi identifikasiya məlumatlarının icra hakimiyyəti orqanında toplanmasını doğru hesab etmir, bunu şəxsi hıyatın toxunulmazlığına müdaxilə kimi qiymətləndirirlər. Hələ 2021-ci ildə Ukrayna qanunvericiliyinə oxşar dəyişikliklər edilən zaman Venesiya Komissiyası bunu doğru hesab etməmişdi. 

Hesab edirəm ki, bu cür məlumatların tələb olunması siyasi partiyaları siyasi fəaliyyətdən faktiki olaraq ayırır. Siyasi partiyanın ildə iki dəfə hesabat verməsi, üzv dəyişiklikləri ilə bağlı məlumat verməsi hüquqi dövlət üçün zəruri olmayan məsələlərdir”.

Ağ Partiya başqanı Tural Abbaslı da qeyd olunan mövzuda digər partiya sədrləri ilə həmfikirdir:

“Söhbət təkcə, konfidensiallığın pozulmasından ibarət deyil. Eyni zamanda Azərbaycan cəmiyyətində insanlar siyasi fəaliyyətdən çəkinirlər. Elə düşünürlər ki, müxalifətçi olduqları bilinsə, işlərindən məhrum olacaq. Doğrudur, son iki ildə siyasi dialoq nəticəsində bu məsələdə nisbətən yumşalmalar olub və partiyalar üzv cəlb edə bilirlər. Belə bir situasiyada insanlara partiyalara üzv olacaqları təqdirdə şəxsi məlumatlarının Ədliyyə Nazirliyinə təqdim olunacağını deməliyik. 

Təbii ki, bu durumda partiyaların böyüməsindən söhbət gedə bilməz. Çünki insanlar çəkinərək, partiyalara üzv olmayacaqlar. Təəssüflər olsun ki, qanunla bağlı müzakirələrdə iştirak edənlərin partiya fəaliyyəti ilə bağlı ciddi anlayışları yoxdur. Ona görə də, üçüncü oxunuşa qədər ictimai dinləmələrə ehtiyac var”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO