Rəssam, heykəltaraş ŞƏHİD PİLOT – Murad Məmmədovun həyat HEKAYƏSİ 

Rəssam, heykəltaraş ŞƏHİD PİLOT – Murad Məmmədovun həyat HEKAYƏSİ 

Hazırda oxunan: Rəssam, heykəltaraş ŞƏHİD PİLOT – Murad Məmmədovun həyat HEKAYƏSİ 

107984

“Murad danışırdı ki, uşaq vaxtı rəssam olmaq istəyirdi. Güclü rəssamlıq qabiliyyəti vardı. Mən həmişə zarafatla ona deyirdim ki, sən niyə bu qədər istedadlı ola-ola, hərbiyə getmisən?".

Qaraheybət şəhidi mayor pilot Murad Məmmədovun həyat yoldaşı Aysel Zamanova Bizim.Media-ya danışır xatirələrini. 

Murad 1986-cı ildə Ermənistanın Leninakan (Gümrü) rayonunda doğulub. Məlum hadisələrdən sonra 2 yaşında ailəsi ilə birlikdə Bakıya köçüblər. Şəhidimiz orta məktəbdə oxuyanda Tofiq İsmayılov adına Yaradıcılıq Mərkəzində beş il rəssamlıq təhsili alıb, fərdi sərgisi keçirilib. Hətta əsərlərindən biri Yaponiyaya müsabiqədə iştirak etmək üçün göndərilibmiş. 

Aysel xanım deyir ki, amma 11-ci sinfin yarısında o hərbiyə hazırlaşmağa başlayıb. Atası hərçi olmasına baxmayaraq Muradın bu hərəkətindən inciyir:

“İnadından dönməyən Murad sənədlərini keçmiş MTN-nin Akademiyasına verir. 4 il orda oxuduqdan sonra 3il Göytəpə sərhəd dəstəsində işləyir. Bir müddət sonra DSX-nin aviadəstəsindən ona dəvət gəlir və bir neçə kursdan keçərək pilot kimi işləməyə başlayır”.

Yoldaşı sonra danışır ki, Murad şəhid olanda biz 11 illik evliliyimizi qeyd etməyə hazırlaşırdıq:

“Onun 17 illik pilot həyatının 11ilini birgə keçirmişik. Mən onun nə qədər çətinliklə, zəhmətlər hesabına hərb yolunda yürüdüyünün şahidi olmuşam. O, sözün həqiqi mənasında çox fərqli insan idi. Ən keyfiyyətli musiqilərə qulaq asırdı, ən gözəl filmləri seçib izləyirdi, ən gözəl kitabları oxuyurdu. Bütün istedadlı rejissorları, dirijorları tanıyırdı. Başdan ayağa incəsənət adamı idi. Bu qədər çətin xidmətin içərisində rəssamlıqla da məşğul olmağa vaxt tapırdı”. 

Həyat yoldaşının böyük sərgisini keçirməyi planlaşdıran Aysel Zamanova bunun həyatənən ən vacib arzusu saydığını da deyir:

“Çoxlu əl işləri var, taxtadan, kağızdan, gipsdən. Rəsimləri, şəkilləri qalaq-qalaqdır. İstəyirəm ki, sərgisini təşkil edim, onun xidməti zamanı həyata keçirə bilmədiyi rəssamlıq arzularını gerçəkləşdirim. O, bu sənətə elə vurğun idi ki, azca vaxtı olan kimi uşaqlarını da başına yığıb gipsdən nələrsə düzəldirdilər, gildən nələrsə hazırlayırdılar. Uşaqları başa salırdı ki, hansı boya ilə necə işləmək lazımdır. Lalə və Banu atalarının yanında 6 il, 8 il vaxt keçirtmələrinə baxmayaraq  mən onlara həmişə deyirəm ki, atanız sizə bir ömür boyu bir çox atanın verə bilmədiyi diqqəti,qayğını ,bacarığı verib sizə. Ümidvaram ki, onlar Muradın mirasına sadiq olacaqlar”.

Ailə hazırda Dövlət Sərhəd Xidmətinin işçiləri üçün tikilən binda yaşayır. Aysel xanım deyir ki, Muraddan sonra mən ayaq üstdə durmağı bacardım, çünki o məni güclü eləmişdi, hər şeyi başa salmışdı, tutunmağı, tapınmağı, hər şeyi:

“Bizim Muraddan başqa heç bir əskikliyimiz yoxdur. O, sağlığında bizi hər  şeynən təmin edib. Yoxluğu üçün də hər şey qoyub, məni güclü edib. Mən indi  heç nədən qorxmadan yaşaya bilirəmsə, ən yaxın adama belə möhtac deyiləmsə, bu Muradın əməkləridir. Mən hansısa imthana hazırlşanda uşaqları götürüb aparırdı ki, sən hazırlaş, mən baxaram. Bu saat mənim həyatımda çatmayan bir kimsə varsa, o da Muraddır, onun istisi və dəstəyidir”.

Qaraheybət şəhidi Murad Məmmədov Vətən Müharibəsi iştirakçısıdır. "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. Hər iki qızı, Lalə və Bnau Bakıdakı 36 saylı məktəbdə 4-cü və 2-ci siniflərdə oxuyurlar. Muradın dəstəyi sayəsində işindən ayrılmayan xanımı Aysel Zamanova isə "DOST" Agentliyində çalışır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimsl bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO