Məlum olduğu kimi, ölkəmizdə köhnə avtomobillərin utilizasiyası məsələsi son günlər geniş müzakirə olunur. Artıq bununla bağlı ilkin şərtlər də açıqlanıb.
Belə ki, ekologiya və təbii sərvətlər nazirinin müşaviri utilizasiya prosesinin könüllü aparılacağını bildirib. Bundan əlavə, həmin nəqliyyat vasitəsinin dəyərinə uyğun olaraq, avtomobil sahibinə vauçer veriləcək. Nəticədə avtomobil sahibi gələcəkdə maşın alarkən həmin dəyərin miqdarı qədər güzəşt əldə edəcək.
Bəs, bu qaydalar vətəndaşları köhnə avtomobillərdən imtina üçün stimullaşdırmağa yetərli olacaqmı?
Mövzunu Bizim.Media üçün şərh edən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, qeyd olunan şərtlərlə heç kim könüllü olaraq avtomobilini utilizasiyaya təqdim etməyəcək:
“Ümumən, proses qüsurlu aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi hələ də ictimaiyyətə lazımi açıqlamanı vermirlər. Buna görə də, dəqiq bilən yoxdur ki, proses hansı formada həyata keçiriləcək, hansı illərin istehsalı olan maşınların utilizasiya ediləcək.
Məsələn, bu gün başqa ölkələrin təcrübəsini araşdırdıqda məlum olur ki, etibarnamə ilə idarə olunan avtomobillər gələcəkdə ciddi problem yarada bilər. Məsələn, 2010-11-ci illərdə Rusiyada bu proses həyata keçirilməyə başlanılıb. Həmin vaxt etibarnamə ilə avtomobil satanlar eşidiblər ki, yaxşı pul var. Və onlar etibarnaməni ləğv etdirərək, satdıqları maşınlar geri alıblar. Bu vəziyyət, hətta kriminal hadisələrə də gətirib çıxarıb”.
Ekspert oxşar problemlərin Azərbaycanda da yaşana biləcəyinə diqqət çəkib:
“Xatırlayırsınızsa, dollar bahalaşdıqda, insanlara kompensasiya şəklində müəyyən məbləğlərdə vəsait qaytarıldı. Və bundan vicdansızcasına istifadə edənlər oldu. Belə ki, bəziləri bankdan kreditlə alıb, etibarnamə ilə satdıqları avtomobillərin etibarnaməsini ləğv etdilər, yaxud da onu yeniləməkdən imtina etdilər. Maşın avtomatik olaraq, onların adında qaldı və bank da pulu həmin şəxslərin hesabına köçürdü. İndi də belə halların yaşanmaması üçün prosesə ciddi nəzarət edilməlidir.
Kim zəmanət verir ki, buna bənzər hallar yenə baş verməyəcək? Ona görə də, aidiyyəti qurumlar məsələni kortəbii formada aparmamalıdırlar. Hər jurnalistin sualına bir cür cavab verirlər. Yenə də, konkret olaraq açıq söz deyən yoxdur ki, söhbət nədən gedir. Eyni zamanda mütəxəssislərin fikirləri və ictimai rəy də nəzərə alınmır”.
Elməddin Muradlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini də tənqid edib:
“Bu qərar kimlə razılaşdırılıb? Nazirliyin yanındakı ictimai şuranın bundan xəbəri varmı? Kabinetdə oturub, qərar qəbul edirlər. Hələ də anlamırlar ki, kabinetdə verilən qərarlar həmişə xalqın ziyanına olur. Ona görə də, ilk növbədə ictimai müzakirələrin keçirilməsi şərtdir. Yoxsa, könüllülüklə heç kim gətirib, maşınını ora təhvil verməyəcək. İnzibati metodlardan istifadə olunmalı, stimullaşdırma tədbirləri açıq şəkildə elan edilməlidir. Ümumilikdə isə, məsələnin geniş şəkildə araşdırılmasına ehtiyac var”.
Amma utilizasiya zamanı bəzi problemlər də yarana bilər. Ucdan tutma utilizasiyanın özü doğru olacaqmı? Bu barədə növbəti yazımızda.
Murad Əhmədov, Bizim.Media