- Türkiyə Suriyada Rusiyanın təyyarəsini vurub. Putin isə çıxışında açıq-aşkar Türkiyəni təhdid edib. Sizcə Rusiya Türkiyəyə nə kimi zərbələr vura bilər?
- Çox təəssüf ki, Türkiyə prezidenti Ərdoğan Qərbin şantajına uydu. Türkmənlərin yaşadığı ərazidə Türkiyə Suriyadan kifayət qədər yararlanırdı və bunu mütləq etiraf etmək lazımdır. Çünki istər məhsulların, istərsə də silahların ora satılmasını həyata keçirirdi. Rusiya da məhz həmin əraziləri vurdu. Rusiya tərəfi birmənalı şəkildə bildirir ki, təyyarə Türkiyə sərhəddini keçməyib. Ancaq Türkiyə də bəyan edir ki, yox, sərhəddi keçib. İstənilən halda etiraf etməliyik ki, bunun nəticələri Türkiyə üçün ağır olacaq. Tarixən son 400 ildə Rusiya ilə Türkiyə arasında 10 dəfə qarşıdurma olub və son altısında Türkiyə uduzub. Bu da on birinci qarşıdurmadır və açıq deyək ki, bu, ABŞ-ın layihəsi idi. ABŞ gördü ki, bütün Şərq dünyasında Türkiyə bir liderə çevrilib və İsrailin Orta Şərqdəki rolu zəifləyir. Ona görə Türkiyəni qızışdırıb ortaya saldılar. Necə ki, Ukraynaya ABŞ dəstək olmadı, eyni hal Türkiyə üçün də təkrarlanacaq, Türkiyə təklənəcək, təəssüf ki, Ərdoğan öz maraqları naminə bu addımı atdı.
- Rusiya Türkiyəyə hərbi zərbələr də endirəcək, yoxsa ki, təkcə iqtisadi-siyasi əlaqələrdə problemlər yaranacaq?
- İlk növbədə onu qeyd edim ki, Türkiyə istəsə də, istəməsə də iqtisadi blokadaya düşəcək. Türkiyənin büdcəsinin təxminən 45-50 faizi turizmdən gələn gəlirdən formalaşır. Və bunun da hardasa 20-25 faizi Rusiyanın payına düşürdü. Rusiya da elə ilk olaraq bu gedişi bağlayacaq və Türkiyə də avtomatik olaraq hər il büdcəsindən ən azı 5-6 milyard dollar itirəcək. İkincisi, Orta Asiya ölkələri Avrasiya İttifaqının üzvü olduğuna görə Türkiyə Qazaxıstan kimi bir partnyorunu itirmək məcburiyyətində qalacaq. Daha doğrusu, Qazaxıstanı buna məcbur edəcəklər. Özbəkistan, Qırğızıstan, Türkmənistan da həmçinin.
- Bu hadisənin Azərbaycana mənfi təsiri olacaqmı?
- Əlbəttə ki, bu faciə Azərbaycan üçün də xoş olmayacaq, çox ciddi problemlərimiz olacaq. Azərbaycanın Qarabağ problemi olduğuna görə bu qarşıdurmanı Azərbaycan müstəvisinə də keçirməyə çalışacaqlar. Rusiya Azərbaycan - Türkiyə münasibətləri korlansın deyə əlindən gələni edəcək. Azərbaycan NATO-nun üzvü olmadığına görə Türkiyə bütünlüklə Azərbaycanı qoruması çətin olacaq, söhbət hərbi mənada qorumaqdan gedir. Türkiyə hardasa Naxçıvanı tam qoruya bilər. Qulağımızın dibində Ermənistan faktoru var, bizi sevməyən cənub qonşumuz var. Nəzərə alsaq ki, Gürcüstan bu məsələlərdə aparıcı dövlət deyil, bütün bunların fonunda Azərbaycan üç tərəfdən də onu sevməyənlərlə əhatələnib. Azərbaycan 2016-cı ildə, yəni bu hadisədən sonra çətinliklərin baş verəcəyinə indidən hazır olmalıdır.
- Azərbaycan Rusiya və Türkiyə ilə əlaqələrini bundan sonra necə qurmalıdır?
- Bizim Rusiya kimi bir dövlətin qarşısında durmağa imkanlarımız məhduddur. Azərbaycan öz xarici siyasətində çox ciddi dəyişikliklər etməlidir. Azərbaycan üçün düşünən yeni hökumət olmalıdır ki, dünyada baş verən proseslərə uyğun olaraq təcili qərarlar qəbul edə bilsin, yeni iqtisadi islahatların həyata keçirilməsinə nail olsun. Eyni zamanda Azərbaycanın xarici siyasətini yönlədirməklə məşğul ola bilsin. Azərbaycan və Türkiyə münasibətlərində isə Azərbaycan birmənalı şəkildə Türkiyənin yanında olmalıdır, çünki bizim başqa çıxış yolumuz yoxdur. Bütün millət və dövlət bir əldə cəmlənməlidir, daha doğrusu Azərbaycandakı hazırkı daxili didişmələri bir tərərfə qoyub, bütünlüklə dövlət və millət prezidentin ətrafında cəmlənməlidir. Əks təqdirdə prezidentimizi təkləyə bilərlər və bu da olduqca təhlükəlidir.
- Deyə bilərikmi ki, Suriyada türkmənlər yaşayan ərazini Rusiya bundan sonra cəhənnəmə çevirəcək?
- Birmənalı şəkildə. Türkmənlərin sosial şəbəkələrdə bəyanatlarını izlədim. Birmanlı olaraq anlaşılmayan məsələ var ki, türkmənlər şiə ola-ola İŞİD-i dəstəkləyirlər. Vurulan təyyarənin pilotunun birini də öldürüblər və digər pilot da türkmənlərin əlindədir. Rusiya İranın vasitəsi ilə türkmənlərin orda yaşamaları üçün ciddi təhlükələr yaradacaq, Türkiyə də sərhədi açmağa məcbur qalacaq. Suriya da bu işdə maraqlıdır, baxmayaraq ki, hakimiyyətdə ələvilərdir, ancaq ələvilər də şiələr deyil. Ona görə də oradakı türkmənlər üçün çox çətinlik yaranacaq. Türkiyə guya ki, türkmənlərə kömək etmək istədi, ancaq onların vəziyyətini daha da gərginləşdirdi. Nəzərə alsaq ki, iri dövlətlərin heç biri Rusiya ilə üz-üzə gəlməyəcək və hazırda da Fransa İŞİD-ə görə hətta ABŞ-la, Rusiya ilə münasibətlərini də dəyişir. Belə bir şəraitdə türkmənlərin vəziyyəti çox ağır olacaq.
- Rusiya telekanalları da 20 milyon kürdü ayağa qaldıracaqlarını bəyan etdi...
- Bəli, Rusiyada yaranmış bu qorxulu bir tendensiyanı mütləq qeyd etməliyik. Belə olan halda Rusiya Türkiyənin daxilində terror baş alıb gedər. Nəzərə alsaq ki, hazırda Ərdoğanın səhv siyasəti nəticəsində artıq Türkiyə parlamentində də PKK-nın tərəfdarları var. Üst-üstə götürəndə parlamentdə 100-dən çox kürd millət vəkili var. Rusiya Türkiyəni federallaşdıra bilər. Türkiyə bir təyyarə vurmaqla ucuz populist bir siyasətə getdi. Bizim də türk olaraq ən böyük faciəmiz ondadır ki, populizmi sevirik, bizdə ağıllı millətçilik yoxdur. Biz ancaq hər şeyi bayağılaşdırırıq. Burada da çox təəssüf ki, Türkiyə nəticələrini hesablamadan bu siyasətə getdi. Nəticələr çox ağır olacaq...
- Bu hadisə Türkiyənin daxilindəki vəziyyətə necə təsir edəcək?
- Türqut Özal hakimiyyətə gələnə qədər Türkiyə çox pis vəziyyətdə idi, demək olar ki, çökmüşdü. Türqut Özal Türkiyəni bir qədər ayağa qaldırdı, ancaq Ərdoğan Türkiyəni yenidən çökdürür, həm də çox pis çökdürür. Türkiyədə xurafat baş alıb gedir, korrupsiya çox yüksək bir həddə çatıb, eyni zamanda qarşıdurma çox güclüdür. Ölkədə həm millətçilər ayağa qalxıb, həm kürdləri ayağa qaldıracaqlar, bu tərəfdən də bu proses davam edərsə zazalar, lazlar ayağa qalxacaq. Heç kim zəmanət verə bilməz ki, Ermənistan Türkiyə sərhəddində də təxribatlar olmayacaq. Bir daha demək istəyirəm ki, Türkiyə bu səhv siyasətin əvəzini çox ağır ödəyəcək.
Rumiyyə MİRASLAN































































































