Şagirdlərin təkrar sinifdə saxlanması xofu uşaqlarla yanaşı valideynləri də ciddi narahat edir. Son illər Azərbaycanda Ağsudakı hadisə istisna olunmaqla rast gəlinməyib. Ağsudakı şagirdin isə 4 il birinci sinifdə saxlanılması müəmmalı olaraq qalır. Əslində həm valideynin, həm də Sanqalan kənd məktəbinin direktorunun bu məsələyə arqumentləri var.
Amma haqlı tərəfin kim olduğu müəmmalı qaldığı üçün, şagirdin xoşagəlməz halla qarşılaşdığı müzakirə yaradır.
MÖVZU İLƏ BAĞLI:
Şamaxıda müəllimi tərəfindən döyülən şagirdlə bağlı ekspertiza TƏYİN OLUNDU – RƏSMİ
Məlumat üçün qeyd edək ki, Azərbaycanda şagirdin sinifdə saxlanılması ilə bağlı ən qalmaqallı rəqəm 2019-cu ilin tədrisində, Ceyhun Bayramovun təhsil naziri olduğu vaxtda baş verib. Həmin vaxt 4000-dən çox şagird sinifdə saxlanılıb. Bunu keçmiş nazir Ceyhun Bayramov Təhsil Nazirliyinin o zamankı ənənəvi mətbuat konfransında deyib. Ondan sonra belə bir təcrübəyə rast gəlinməyib.
Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər.
Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir.
İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı əsasında digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə Azərbaycanda son dövrlər belə hadisələrə rast gəlinmir və hətta “2” alan şagird belə sinifdən-sinfə, buraxılış imtahanına buraxılır:
“Təhsil haqqında qanunvericiliyə görə şagird müvafiq olaraq dərs yükünü mənimsəməyibsə, imtahanlar verə bilmirsə, oxuduğu sinfə görə nəzərdə tutduğu proqramı qavramırsa, o zaman şagird sinifdə saxlanıla bilir. Sanki son vaxtlar qanunvericiliyi bir kənara atıblar. Rüşvət və tanışlıq hesabına məsələlər həllini tapır.
Deyərdim ki, son illər ilk dəfədir ki, Ağsudakı fakta rast gəlirəm. Həmin hadisədə isə valideynin hər hansı narahatlığı və narazılığı varsa, yenidən komissiya keçirilməli, müsabiqə təşkil olunmalıdır. Uşağın iddia etdiyi sinif üzrə bilik və bacarıqları yoxlanılmalıdır. Əlbəttə ki, şagird proqrama cavab verə bilirsə, o zaman şagird növbəti sinifə keçirilə bilər. Valideynin dediyi təsdiqini taparsa, sözügedən məktəb rəhbərliyi barədə aidiyyəti qurumlar ölçü götürməlidirlər”.
Alçina Amilqızı, Bizim.Media
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.