Xəbər verdiyimiz kimi, 14 yaşına çatmayan uşaqlara qarşı cinsi zorakılıq əməlləri törədən şəxslər üçün nəzərdə tutulan cəzalar sərtləşdirilir. Belə ki, bu cür əməllər törədən şəxslərin üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 20 ilə qədər azadlıqdan, eyni zamanda valideynlik hüququndan məhrum edilməsi nəzərdə tutulub.
Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər artıq Milli Məclisin son plenar iclasında I oxunuşda qəbul edilib.
Lakin cəmiyyətdə bu məsələyə baxış heç də birmənalı deyil. Xüsusilə də, əksəriyyət bu cür əməl törədənlərin daha ağır şəkildə cəzalandırılmasını, ömürlük həbsə, hətta edam cəzasına məhkum edilməsini məqbul hesab edirlər.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd edib ki, bir neçə il öncə cinayət qanunvericiliyində dekriminallaşdırma yönündə bəzi addımlar atılıb:
“Həbs qətimkan tədbirinin seçilməsində bir sıra yüngülləşdirmələr bu dəyişikliklərdə öz əksini tapdı. Lakin bəzən görürük ki, cəmiyyətdə müəyyən narahatlıq doğuran hallar baş verir. Xüsusən, son dövrlərdə dələduzluq hallarının artması, soyuq silah daşıma, 14-18 yaş arası qızların erkən nikaha məcbur edilməsi kimi əməllər cəmiyyəti daha çox narahat edir.
Düşünürəm ki, 14 yaşına çatmamış şəxslərə qarşı cinsi zorakılıq əməlləri törətmiş şəxslərə cəzaların sərtləşdirilməsi və 20 ilədək həbsin nəzərdə tutulması, əmələ adekvat cəzadır. Və bu, yaş kateqoriyasında həm cinsi, həm də fiziki zorakılıq törədənlər ciddi məsuliyyətə cəlb olunmalıdır. Bu baxımdan, qanunvericiliyə edilən dəyişiklikləri dəstəkləyirəm”.
Hüquq müdafiəçisi cəmiyyətin bu yöndə daha radikal cəzalar tələb etməsinə də münasibət bildirib:
“Doğrudur, cəmiyyətdə müəyyən fikirlər var ki, “nə üçün bu şəxslər ömürlük həbs cəzasına məhkim edilmirlər?” və s. Amma bəzən cəmiyyətin istəkləri ilə qanunlar arasında ziddiyyətlər, boşluqlar olur.
Bu baxımdan, hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi qanunlarda hər zaman cəmiyyətin tələbləri nəzərə alınmalıdır. Digər tərəfdən qeyd etmək istəyirəm ki, bu cür hallarda yalnız cəmiyyətin istəklərini nəzərə almaq olmaz, eyni zamanda dünya təcrübəsinə də diqqət yetirilməlidir.
Düzdür, Azərbaycan mentalitetində əxlaqi dəyərlər tamamilə fərqlidir və biz bunu Avropa normaları ilə eyniləşdirə bilmərik. Amma düşünürəm ki, istənilən halda bu cür əməllərə yol verilmiş şəxslərə qarşı 20 il cəza verilməsi normaldır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 02.12.2022
Azyaşlılara qarşı cinsi zorakılıq edənlərə hüquq müdafiəçisindən AĞIR CƏZA tələbi
Hazırda oxunan: Azyaşlılara qarşı cinsi zorakılıq edənlərə hüquq müdafiəçisindən AĞIR CƏZA tələbi
Hazırda oxunan: Azyaşlılara qarşı cinsi zorakılıq edənlərə hüquq müdafiəçisindən AĞIR CƏZA tələbi
107325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.