Bu il Azərbaycanda qışın ötən illərlə müqayisədə sərt keçəcəyi proqnozlaşdırılır. Ekoloq və meteoroloqlar hesab edirlər ki, cari ildə payız mövsümünün normadan artıq mülayim keçməsi, qışın sərtləşəcəyindən xəbər verir. Yəni isti ilə soyuq bir-birini əvəz edəcək.
Qış fəsli ölkəmizə dekabrın 21-i qədəm qoyacaq. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq. Artıq havalar da soyumağa və yağıntılar yağmağa başlayıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə dekabr ayının əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından 1-3 dərəcə aşağı enəcəyi gözlənilir. Bir sözlə sərt soyuqlara hazır olmalıyıq.
Bəs qışa hazırıqmı? Daha doğrusu kommunal qurumlar ötən illərdən fərqli olaraq qışa necə hazırlaşıb? Problemsiz və keyfiyyətli xidmət göstərə biləcəklərmi?
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qurumun hədəfi bütün hallarda qışa hesablanır:
“Qış aylarında qaza təlabat daha da artır. Bu baxımdan davamlı və təhlükəsiz qazın verilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür ki, normal təzyiqli qazın verilişində hansısa sızmalar və qəza hadisələri baş verməsin. Bunun üçün yeraltı boru xəttlərinin yerüstü dayaqlar üzərinə qaldırılması prosesi həyata keçirilib.
Bilirsiniz ki, yeraltı xəttlərdə korreziyaya uğrama ehtimalı böyük olur. Yaxud hansısa qazıntı işlərində bilmədən qəzalara səbəb olurlar. Bu da lokal da olsa qazın dayanmasına təsir edir. Ona görə də həmin xəttlərin dayaqlar üzərinə qaldırılmasını təmin etmişik.
Boru xəttlərində yoxlamalar həyata keçirilib ki, normal təzyiq veriləndə sızmanın olub, olmamasını bəri başdan təyin edək. Sızma aşkar olunan yerlərin də bərpa olunması və yenilənməsi işləri görülüb. Eroziyaya uğramış yerlərin isə yenilənməsi və boyanması həyata keçirilib. Ötürücü-paylayıcı şkaflar yenilənib.
Bütün bunların hamısı imkan verəcək ki, qışda abonentlərimizə davamlı və təhlükəsiz qaz verə bilək. Abonentləri əmin edə bilərik ki, bu qış normal səviyyədə mavi qazla təmin olunacaqlar”.
“Azərişıq” ASC –nin mətbuat katibi Vaqif Aydınoğlu isə bildirib ki, qurum qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirləri həyata keçirib:
“Hazırlıqla bağlı öncədən komissiyası yaradılıb, Elektrik Şəbəkələri üzrə “Tədbirlər Planı” tərtib olunub. 2500-dən artıq müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, 6500 km-a yaxın elektrik veriliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.
Əlavə olaraq, Bakıda və regionlarda 100-dən çox müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb, 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib. Ölkə üzrə bütün elektrik şəbəkələr qış üçün material və avadanlıq ehtiyyatı ilə həmçinin maşın mexanizmlə təmin olunub. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə qışa hazırlıq qurum tərəfindən hazırlanan tədbirlər planına uyğun davam edir:
“Ölkə boyu küçə və prospektlərə, eləcə də Bakı şəhəri üzrə avtomobil yollarına xidmət məqsədilə 1000-ə yaxın yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Sözügedən yol texnikalarının yanacaqla təmin edilməsi məqsədilə lazimi miqdarda yanacaq, sürtkü materilları ehtiyatı da toplanıb.
Bundan əlavə mövsümdə tələb olunan miqdarda qum və duz ehtiyatlarının aparılması işləri aparılır. Dağlıq və dağətəyi rayonlarda yerləşən cəmiyyətlərimizə qum və duz ehtiyatı göndərilib.
Payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarının, eləcə də hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə agentliyimiz tərəfindən körpülərimizin requlyasiyasının, dağılmış hissələrinin bərpası, körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol avadanlıqlarının və siqnalların texniki vəziyyətinə baxış keçirilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin təmizlənməsi işləri davam etdirilir”.
Qurum rəsmisi qeyd edib ki, Agentlik qış mövsümünə 100 faiz hazırlıq işləri həyata keçirsə də, bu o demək deyil ki, respublikanın avtomobil yollarında qarın yağması, yolların buzlaşması nəticəsində problem yaşanmayacaq:
“Bu problemlərin olması qaçılmazdır. Amma maksimum dərəcədə çalışacağıq ki, qısa müddət ərzində problem aradan qaldırılsın. Burada sürücülərin də üzərinə məsuliyyət düşür. Onların idarə etdikləri avtonəqliyyat vasitələri qış mövsümünə hazır vəziyyətə gətirilməlidir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 02.12.2022
Qışa HAZIRLIQ – Dövlət qurumları vətəndaşlara nələri VƏD ETDİ?
Hazırda oxunan: Qışa HAZIRLIQ – Dövlət qurumları vətəndaşlara nələri VƏD ETDİ?
Hazırda oxunan: Qışa HAZIRLIQ – Dövlət qurumları vətəndaşlara nələri VƏD ETDİ?
107311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.