“Çörəkçi” zavodunun istehsal etdiyi hazır dilimlənmiş baton çörəkləri sabun dadı verir”.
Bunu eleaparıcı Turan İbrahimov feysbuk hesabından etdiyi paylaşımda yazıb:
“Bununla neçənci dəfədir ki, “Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Ümidvaram, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb, ictimaiyyətə məlumat verər...”
Turan İbrahimovun paylaşımında onun şikayətinə həmkarı Elçin Əlibəyli də dəstək verib:
“Yeni veriliş üçün çörəklərin analizi aparılıb və “Çörəkçi”nin içində təhlükəli göbələklər aşkarlanıb. Gələn həftə süjetdə verəcəyik…”
Onlarla istehlakçı da Turan İbrahimovun paylaşımına rəy yazaraq narazılığını ifadə edib:
“Anam çörəklərə qarşı çox həssas və “kaprizlidir”. Keçən ildən mənə “Çörəkçi”dən çörək alma, xoşum gəlmir deyib. Biz də uzun müddətdir ki, almırıq”.
“Neçə illərdir ki, onların çörəyindən istifadə edirdik. Artıq bir neçə aydır ki, başqa çörək zavodunun çörəklərini alırıq”.
Bizim.Media səsləndirilən fikirlərə aydınlıq gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlamağa çalışıb. Cəhdlərimiz isə bir nəticə vermədi. Agentliyin rəsmi saytında yerləşdirilmiş nömrəyə etdiyimiz zənglərə də cavab verən olmadı.
Öz növbəsində “Çörəkçi” zavodunun rəsmi saytında qeyd edilmiş nömrəyə (012 447 73 40) də zəng etdik, lakin bu əlaqə nörməsi işlək deyil.
Media olaraq əgər bizim üçün AQTA, “Çörəkçi” zavodu ilə əlaqə qurmaq çətindirsə, onda sadə vətəndaşlar neyləsin? Təbii ki, bu özü ayrı problemdir.
Hələlik isə bu yazımızda gündəlik vacib istehlak ərzaq olan “çörək hansı standartlara uyğun olmalıdır?” kimi suala cavab tapmağa çalışmışıq.
Qida mütəxəssisi Ağa Salamov bildirib ki, “Çörəkçi”nin çörəyindən sabun dadının gəlməsi bir neçə səbəbdən ola bilər:
“Qida istehsalı ilə məşğul olan sexlərdə işçi heyəti mütləq şəffaf və qoxusuz sabundan istifadə etməlidir. Bu, dünya standartıdır. Təəssüf ki, Azərbaycanda bu standartı nə AQTA, nə də digər qurumlar bilir.
Təsəvvür edin ki, işçidən kiminsə dırnağı bir qədər uzundur və həmin şəxs əlini adi sabunla yuduğu zaman sabun qalığı dırnağında qalarsa və ya ətirli sabunla əlini yuyarsa, yoğurma, kündələmə və s. prosesdə çörəyə bulaşa bilər. Bu, kimyəvi çirklənmədir. Un qoxunu tez çəkir. Bu da çörəyin istehlakı zamanı müəyyən dad və qoxu şəklində özünü büruzə verir”.
Mütəxəssis deyib ki, digər səbəb də düzgün rəflənmə tələblərinə riayət edilməməsidir:
“Çörəyin rəflənməsi çox önəmlidir. Yuyucu, kimyəvi məhsullardan uzaqda rəflənməli, üzəri şəffaf örtüklə örtülməlidir. Əks halda marketdə havalandırma sistemində problem olarsa, çörək kimyəvi məhsulların ətrini canına çəkəcək. Bu barədə çox yazmışam. Lakin AQTA bir dəfə olsun bununla maraqlanmayıb. Bir çox marketlərdə kimyəvi, fiziki, bioloji çirklənmə halları var. İstənilən vaxt rəflənmə qaydasının necə pozulduğunu göstərə bilərəm. Bunu biz görürüksə, AQTA hara baxır?!”
Ekspert deyir ki, burada nə istehlakçı, nə satıcı, nə də istehsal edən günahkardır. Ona görə ki, istehlakçıları aldatmaq üçün şərait yaradılıb:
“Çıxış yolu budur ki, birinci AQTA özü öyrənməli, daha sonra da öyrəndiklərini tətbiq etməlidir”.
Amma bəzi mütəxəssilər və çörək zavodunda işləyən tanışlarımız deyir ki, hazırda çörək istehsal edilən müəssisələrin bir çoxunda başıpozuqluqdur. Çörəyin hazırlanması üçün istifadə olunan əksər qatqılar standartlara uyğun deyil.
Ona görə də burada saxlanma, havalandırma o qədər də rol oynamır. Əsas sual odur ki, hazırda zavoda bişirilən çörəklərə hansı kimyəvi tərkiblər qatırlar?
Araşdırmamızı davam etirəcəyik. Yazıda adı çəkilən tərəflərin isə münasibətini gözləyirik.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 01.12.2022
“Çörək”çinin sabun qoxan çörək QALMAQALI – “AQTA özü heç standartları bilmir”
Hazırda oxunan: “Çörək”çinin sabun qoxan çörək QALMAQALI – “AQTA özü heç standartları bilmir”
Hazırda oxunan: “Çörək”çinin sabun qoxan çörək QALMAQALI – “AQTA özü heç standartları bilmir”
107284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.