"İran bizə qonşu dövlətdir. İqtisadi imkanları və dünya siyasətinə təsiri baxımından da bizdən qat-qat güclüdür. Ona görə də bu dövlətlə həm qonşuluq səbəbindən, həm milyonlarla soydaşımızın oranın vətəndaşı olmasına görə, həm də iqtisadi fayda baxımından münasibətləri yaxşı səviyyədə saxlamalıyıq. Ancaq İran həm də bizim torpaqları işğal etmiş Ermənistanı dəstəklədiyinə görə bundan o tərəfə səmimi münasibətlər qurmağımız məhz bu siyasət dəyişənə qədər mümkün deyil. Türkiyə ilə ona görə daha səmimiyik ki, bizə görə Türkiyə Ermənitanla diplomatik əlaqələri kəsib və Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Bu arqumentləri əsas alaraq Türkiyəni sevənlər və İrana şübhə ilə yanaşanlar həm də Azərbaycanı sevənlər sayıla bilərlər. Demək ki, Azərbaycan vətəndaşı olub, Türkiyənin bayrağını təbliğ etmək, Türkiyəni müdafiə etmək bizim həm də borcumuzdur. Azərbaycan vətəndaşı olub, bizimlə düşmən dövlət olan Ermənistana birmənalı dəstək verən İranın bayrağını təbliğ etmək, onun ayətullalarının şəkillərini, fikirlərini tirajlamaq, elə Ermənistanın bayrağını təbliğ etmək, Sarkisyanın, Qaragenin fikirlərini tirajlamağın ta eynisidir. Burada anlaşılmayan bir şey qaldımı? Biz sadəcə bunu deyirik. Bunun artıq şiəliyə-sünnülüyə nə dəxli? Erməni də bizim üçün Yezid obrazındakı şərəfsizdirsə, İran da Yezidə yardım edirsə, bunun adını nə qoyacaqlar: İmam Hüseynə ağlayırıq, ancaq Yezidə yardım edirik? Ona görə də bizimlə bağlı bir çox ləyaqətsizlər təhrif və təhqirlə dolu statuslar paylaşarkən, həqiqətən gülüb keçirsən. Bizim Peyğəmbərimizin bütün əqidə qardaşlarına, onun nəslindən gələn bütün dəyərli simalara, o cümlədən Hz.Əliyə, Hz. Fatiməyə, Hz. Hüseynə, Hz. Həsənə, İmam Cəfər Sadiqə sevgi və sayğımız sonsuzdur. Ancaq şiəliyi bəhanə edərək kimsənin haqqı yoxdur ki, öz dövləti, öz bayrağı əvəzinə, qonşu dövlətin bayrağını, ayətullalarını, teokratik sistemini təbliğ etsin. Bunun adı satqınlıqdır, öz Vətəninə xəyanətdir. Bunu söylədiyimizə görə, bizi hansısa məzhəbin düşməni və ya hansısa təriqətin üzvü kimi qələmə verməyə çalışırlar. Çox gözəl anlayırlar ki, Azərbaycan Dövlətinə sədaqəti olan hər bir kəs- şiəliyindən, sünniliyindən, talışlığından, türklüyündən, ləzgiliyindən, kürdlüyündən asılı olmayaraq bizim gözümüzün işığıdır. Ona görə də məzhəb pərdəsi altında istər Ərəbistanın, istər də Farsistanın agentura şəbəkəsinin göz bəbəyimiz olan Azərbaycan dövlətini zəiflətməyə çalışmasına qarşı mübarizəmiz bundan sonra da davam edəcəkdir."
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
































































































