"Şöbə müdiri keçməyim üçün 20 min manat verdim" - Səlim Müslümovun İŞİNDƏ ŞAHİD

Hazırda oxunan: "Şöbə müdiri keçməyim üçün 20 min manat verdim" - Səlim Müslümovun İŞİNDƏ ŞAHİD

106770

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Şükür Osmanov ifadə verib. 

O deyib ki, əlillər üçün Şabran rayonunda 5 fərdi ev tikiblər. Onun sözlərinə görə, rayon rəhbərliyinin iştirakı ilə həmin evlər sahiblərinə təhvil verilib. 

Məhkəmədə qeyd olunub ki, tenderlərdə iştirak edən tikinti şirkətində 12 min 201 manat çatışmazlıq aşkar olunub. Şahiddən Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak edib-etmədyi soruşulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib


Şahid deyib ki, tikinti şirkəti rəhmətlik Müşfiq Qurbanova məxsus olub. Onun sözlərinə görə, tenderlərdə də Müşfiq Qurbanov iştirak edib. O da Müşfiq Qurbanovun işçisi olub. Hakim isə deyib ki, rəsmi sənədlərdə şahid tikinti şirkətinin təsisçisi olub. Hakimin sözlərinə görə, vəzifəli şəxslərə bununla bağlı israfçılıq ittihamı verilsə də, mənimsəmə faktı şahidin üzərinə düşür. Bu epizod üzrə ifadə verən şahid Elxan Dadaşov da ifadə verib. O deyib ki, bütün işləri Müşfiq Qurbanov görüb. 

Digər şahid Fikrət Qurbanov deyib ki, Gəncə şəhərində 1973-cü ildən aptek müdiri işləyir:

"Məni Dövlət Təhlükəsizliyi Xidmətinə çağırdılar. Orada dedilər ki, Gəncə Əlillərin Bərpası Mərkəzi ilə müqavilən olub".

Fikrət Qurbanovun istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində göstərib ki, 2015-ci ildə Gəncə Əlillərin Bərpası Mərkəzi ilə müqaviləsi olub. 5 min 800 manatlıq dərman satıblar. Qeyd edib ki, həmin puldan 1450 manat “otkat” qaytarıb. 

Şahid isə istintaqa verdiyi ifadəsini təkzib edib. O, belə bir ifadə vermədiyini deyib:

"Vicdanım haqqı belə bir şey olmayıb. İstintaqda belə ifadə verməmişəm. Hər dəfə mərkəzin rəhbərliyinə 200-300 manat qaimə-faktora vermişəm. Başqa heç nə olmayıb".

Hakim isə deyib ki, şahid növbəti iclasa dəvət olunacaq, ona Gəncə Əlillərin Bərpası Mərkəzi ilə aralarında müqavilə təqdim olunacaq. 

Daha sonra ifadə verən Rüfət Kərimov isə deyib ki, Gəncədə evi olub. Həmin evi nazirliyin işçilərinə 60 min manata satıb. Hakim isə deyib ki, nazirlik tərəfindən rəsmi sənədlərdə evin 70 min manata satıldığı yazılıb. Şahid isə deyib ki, onun bundan xəbəri olmayıb. 

Rüfət Kərimov bildirib ki, nazirliyin tikilməkdə olan obyektlərin idarəsinin texniki nəzarət şöbəsinin müdiri olub. Şahid qeyd edib ki, Natiq Əzizov isə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi olub:

"Mən də Natiq Əzizovun işçisi olmuşam. Qarabağ əlillərinə mənzillər alınmalı idi. Bununla bağlı tender elan olunub. Mən də evlərin alqı-satqısı ilə bağlı notariusda nazirliyin nümayəndəsi kimi iştirak etmişəm".

Rüfət Kərimovun sözlərinə görə, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində evlərin-alqı satqısına nəzarət edib:

"Mənim əsas vəzifəm sənədlərə nəzarət etmək olub. Bununla bağlı sənədlərə nəzarət etmişəm. Sənədlərdə olan uyğunsuzluqlar müəyyən etmişəm və aradan qaldırmışam. Belə bir fakt Mingəçevir şəhərində baş verdi. Orada  satılan evin qiymətinin uyğun olmadığını müəyyən etdim. Bunun sənədlərdə dəyişdirilməsini həyata keçirmişəm".

Şahid daha sonra qeyd edib ki, Mingəçevir və Gəncə şəhərinə evləri almaq üçün podratçı Rövşən Xəlilovla birgə gedib. Hakim isə bildirib ki, Rövşən Xəlilov nazirliyə adiyyəti olmayan adam olub. O, şahiddən nazirliyə adiyyəti olmayan şəxslərlə yola çıxmasının səbəbini soruşub. Şahid isə deyib ki, Natiq Əzizovun göstərişi ilə Rövşən Xəlilovla birgə Gəncə və Mingəçevir şəhərlərinə ev alqı-satqısı həyata keçirmək üçün gedib. 

Prokuror Babaxan Həsənəliyev isə bildirib ki, vətəndaşdan ev 62 min manata alınıb, amma rəsmi sənədlərdə evin 70 min manata alınması rəsmiləşdirilib. Prokuror deyib ki, belə faktlarla dövlətin pulu mənimsənilib. Şahid qeyd edib ki, sənədlərə əlavə pulun yazılması mümkün deyil. 

Şahid Vüqar Cəfərov deyib ki, Gəncənin Nizami rayon Dövlət Sosial Müdafiə Fondunun məsləhətçisi işləyib:

"Mən Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olan şəxsləri yaxşı tanıdığım üçün Bakıdan gələn nazirliyin işçilərini onlarla tanış etmişəm. Mən Rövşən müəllimi tanımışam. Onu da həmin maklerlərlə tanış etmişəm. Onu nazirliyin işçisi kimi tanımışam".

Hakimin suallarını cavablandıran şahid Rövşən Xəlilovun nazirliyə heç bir aidiyyəti olmamasını izah edə bilməyib. O bildirib ki, evlərin alqı-satqısında iştirak etsə də, bundan onun heç bir maddi gəliri olmayıb. 


Daha sonra ifadə verən Nizami Əhmədov bildirib ki, Gəncənin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi Fondunun müdiri olub. Onun sözlərinə görə, nazirlik tərəfindən rəhbəri olduğu şöbə dəfələrlə yoxlanılıb, sonuncu yoxlamadan sonra işdən azad olunub. 

Nizami Əhmədov bildirib ki, sosial evlərin alqı-satqısı ilə nazirliyin işçiləri məşğul olub:

"Ancaq sənədi olan evlər alınırdı. Evlərin alınması üçün Bakıdan nazirliyin işçiləri gəlirdi. Onları da maklerlərlə tanış edirdik. Həmin şəxslər də maklerlərlə danışıb, alqı-satqı həyata keçirirdilər. Daha sonra alınan evlər nazirliyin işçiləri tərəfindən təmir olunurdu, paylanılması üçün icra hakimiyyətinə verilirdi".

Bu zaman hakim Nizami Əhmədovun istintaqa verdiyi ifadəsini elan edib. Həmin ifadəyə görə, Natiq Əzizov vətəndaşlara evlərin alınması üçün köməklik etməyi xahiş edib. İfadəyə görə,  mənzillərin alqı-satqısında əlavə pullar köçürülüb, həmin pullarda nazirliyə göndərilib. Şahidin ifadəsinə görə, həmin pulları Rövşən Xəlilov aparıb. O, ifadəsində Natiq Əzizovun da Gəncəyə bu işlərlə bağlı gəldiyini qeyd edib. 
 

Daha sonra Rövşən Xəlilov qeyd edib ki, "Xəzri Təmir" MMC-nin rəhbəri olub. Onun sözlərinə görə, Natiq Əzizovu Gəncə və Mingəçevirdə alınan sosial evlərlə bağlı tanıyıb. O qeyd edib ki, aldığı pulları Bakıda Zərifə Əliyeva parkının yanında Natiq Əzizova verib. 


Rövşən Xəlilov bildirib ki, Nizami Əhmədovu cəmi bir dəfə görüb, ona da bu işlərlə bağlı 6 min manat verib. 

Şahid Ramil Salmanov DSMF-nin Salyan rayon şöbəsində məsləhətçi kimi çalışdığını deyib. Onun sözlərinə görə, DSMF-nin Neftçala rayon şöbəsinə müdir keçməsi üçün 20 min manat verib. 

Digər şahid Seymur Rəhimovun sözlərinə görə, iki fərdi ev tikib və bu evlərə görə 6 min manatı şəxsən nazirliyin nümayəndəsi Natiq Əzizova verib. 

Şahid Səfayət Şıxalıyev deyib ki, şəhid və veteranlar üçün 24 ev tikib və o evlərə görə Natiq Əzizova 63 min manat "şirinlik" verib: "Təkcə Salyan və Neftçalada 28 evə görə Natiq Əzizova 84 min manat vermişəm". 

Növbəti proses dekabrın 5-də davam edəcək. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO