Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır. Bakı Nəqliyyat Agentliyi tərəfindən təklif olunan və yaxın gələcəkdə reallaşdırılacağı söylənilən tramvay xəttinin layihəsi hələki yubadılır. Səbəb isə bəlli deyil.
Bakı Nəqliyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında paytaxt Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı məsələnin hələki gündəmdə olmadığını deyib:
MÖVZU İLƏ BAĞLI:
Tıxac!!! “Dayanacaq üçün nəzərdə tutulan yerlər satılıb” – EKSPERT
“İndi konkret belə bir layihə yoxdur. Bu məsələ tərəfimizdən keçən il ideya olaraq səslənib. Hazırda bununla bağlı hər hansı iş aparılmır. Fikir olaraq səsləndirilib. Amma konkret addımlar atılmayıb. Bu o demək deyil ki, olmayacaq. Şəhərimizdə tramvaylar olacaq, amma hələ tarixi müəyyən edilməyib”.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ötən il məsələni gündəmə gətirib.
O, Bakı Nəqliyyat Agentliyinin xarici şirkətlə bu barədə araşdırma apardığını və beynəlxalq təşkilatlarla bu istiqamətdə işlədiklərini açıqlamışdı:
“Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burada, həmçinin Ağ şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin əsasən az istifadə etdiyi yerdir. Sakinlər əsasən dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz ümumiyyətlə Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq”.
V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınacaq:
“Bu prosesdə bəzi meyarlar var ki, biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün əsasən köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3, 4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir”.
Məlumat üçün bildirək ki, 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəlsə də, reallaşması 20 il ləngiyib. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bilib və şəhərdə tramvay xətlərinin tikintisinə başlanıb.
Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olunub.
Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verilib. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.
Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub.
Lisovski xatirələrində yazır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə “konqa” 9,9 milyon sərnişin aparırdısa, 1925-26-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı.
1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salınıb. 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başlayıb.
1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatıb. Sonradan isə Tramvay nəqliyyatı ləğv edilib.
2012-ci ilin fevral ayında Azərbaycan Hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb.
"Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xəttinin bərpa ediləcəyi və bulvar boyu tramvay xəttinin qurulacağı bildirilib. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.
Alçina Amilqızı, Bizim.Media