“Azəriqaz”ın mətbuat katibindən deputata HESAB DƏRSİ – “Qazlaşma əhali sayına görə aparılıb” 

“Azəriqaz”ın mətbuat katibindən deputata HESAB DƏRSİ – “Qazlaşma əhali sayına görə aparılıb” 

Hazırda oxunan: “Azəriqaz”ın mətbuat katibindən deputata HESAB DƏRSİ – “Qazlaşma əhali sayına görə aparılıb” 

106658

“Qusarda qazlaşmanın vəziyyəti qənaətbəxş deyil, rayonun indiyədək cəmi 52 faizi qazlaşıb. Bu da respublika səviyyəsindən xeyli aşağı göstəricidir. Qazlaşma sahəsində rayonda təcili işlərə başlanılmasına ciddi zərurət və ehtiyac var”.

Bu sözləri Bizim.Media-ya Milli Məclisin Qusardan seçilən üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, son 5 ildə Qusarda heç bir qazlaşma işi aparılmayıb. Rayonun təbii qaz olmayan kəndlərində əhali ciddi yanacaq problemi yaşayır. Azər Badamov qaz sarıdan problem yaşanan kəndlərin adını da açıqlayıb:

"Xürel, Avaran kəndləri Qusarın rayon mərkəzindən heç də uzaqda yerləşmir, bu kəndlərə mavi yanacağın sorağı belə gəlib çatmayıb. Aladaş, Kuzun, Zindan, Muruq  kəndlərinin yanından Şahdağ turizm mərkəzinə gedən qaz kəməri keçir".

Deputatın fikrincə, qazlaşma sahəsində diğər problem isə illər öncə qaz çəkilən yaşayış məntəqələrində yerləşən məktəb, uşaq bağçaları və xəstəxana binalarına mavi yanacağın indiyəcən verilməməsidir:

“Qusarda  12, kənddə 14 məktəb hələ qazsızdır, 10 məktəb odun yanacağı, 1 məktəb elektriklə, 3 məktəb isə, dizel yanacağı ilə qızdırılır. Təsəvvür edin, Qusar kimi qışı sərt keçən rayonda qazsız keçinmək nə deməkdir? Rayonda qazlaşmanın səviyyəsinin aşağı olması təbiətə də ciddi zərər vurur. Bir tərəfdən yeni ağaclar əkilir, digər tərəfdən isə ağaclar qırılır, kəsilir. Ağacları qırmaq, təbiətə qənim kəsilmək qəti olmaz. Bu doğru deyil. Bəs, əhali neynəməlidir? Təcili qaz olmayan kəndlərə mavi yanacağın verilməsi üçün işlərə başlanılmalıdır. Yoxsa, bir tərəfdən ağac əkib, bir tərəfdən da qırmaq bizim ekoloji siyasətimizə ziddir".

Deputat bu barədə Milli Məclisdəki çıxışında  hökümət qarşısında məsələ qaldırdığını deyərək "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyevə müraciət etdiyini də bildirib:

"Ruslan Əliyev isə Qusarda qazlaşmanın gedişinin dövlətin İnvestisiya Proqramından asılı olduğunu deyir".

Məsələ ilə bağlı Bizim.Media olaraq "Azəriqaz" İstehsalat Birliyinin fikirlərini bir daha öyrəndik. Qurumun mətbuat katibi Eldəniz Vəliyev millət vəkili Azər Badamovun rayonun 52 faizinin qazlaşması fikri ilə razılaşmayıb:
 

“Qusarın 90 kəndindən 47-nə qaz verilir, bu baxımdan, 52 rəqəmi doğrudur. Amma qazlaşmanın vəziyyəti kəndlərin sayı ilə deyil, mənzillərin sayı ilə ölçülür. Bizim dəqiq məlumatımıza görə, Qusarda mənzil sayı baxımından qazlaşmanın səviyyəsi 78,2 faiz təşkil edir.


“Azəriqaz” İstehsalat Birliyi qazlaşma prosesini öz resursları, daxili imkanları hesabına həyata keçirdiyindən proses növbəlilik əsasında aparılır. Hədəfimiz Qusarın qazlaşması faizini daha yüksək həddə çatdırmaqdır. 2023-cü ildə Qusarın daha 6 kəndi - Avaran, Lanqu, Çağarqışlaq, Mucuq, Yasab, Minaxur kəndlərinin qazlaşdırılması planlaşdırılır, burada yaşayış evi çox olan yaşayış məntəqələrindən söhbət gedir. Bu kəndlərə qaz çəkiləndən sonra rayonda qazlaşma 90 faizi ötəcək".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO