“Rəqabət Məcəlləsi” niyə qəbul edilmir? – DEPUTATLARIN FİKRİ

“Rəqabət Məcəlləsi” niyə qəbul edilmir? – DEPUTATLARIN FİKRİ

Hazırda oxunan: “Rəqabət Məcəlləsi” niyə qəbul edilmir? – DEPUTATLARIN FİKRİ

106109

Uzun illərdir Azərbaycanda “Rəqabət Məcəlləsi”nin qəbulu istiqamətində müzakirələr gedir. Sözügedən Məcəllənin qəbulunun ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil olduğu dəfələrlə irəli sürülməsinə baxmayaraq, indiyədək bu istiqamətdə konkret olaraq hansısa addımlar atılmayıb. Lakin “Rəqabət Məcəlləsi”nin qəbulu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Bu layihə bir neçə dəfə Milli Məclisdə müzakirəyə çıxarılsa da, qəbul olunmayıb. 2023-cü ildə məcəllənin qəbul olunması nəzərdə tutulur. 

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən ““2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb. 2006-cı ildən təqdim edilən ləyahinənin hələ də qəbul olunmamasının səbəbləri nələrdir? 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında deyib ki, bu istiqamətdə hökumət üzvləri ilə danışıqlar aparılır:

“Hökumət üzvləri, struktur rəhbərləri bu məsələnin üzərində işləyirlər. Bu, çox vacib sənəddir. Azərbaycanda rəqabət mühitini daha da münbitləşdirmək üçün biz bu sənədin qəbulunda maraqlıyıq. Ümidvaram ki, bu ilin sonuna olmasa da, gələn ilin əvvəlinə biz bu məsələ ilə məşğul olacağıq. Bundan başqa, bu Azərbaycanın bütün sahibkarlıq mühitinə, daxili bazarına təsir edən qanun olacaq. Bizim əsas fikrimiz ondan ibarətdir ki, monopoliya, oliqopoliyanın qarşısı alınsın. Daha çox satış subyektləri yaransın. Təbii ki, bu inflyasiyanın da qarşısını almağa təkan verəcək və mal çeşidlərini artıracaq. Mən həmişə demişəm, inflyasiya ilə ən yaxşı mübarizə daxildə istehsal olunan malların bolluğunu yaratmaqdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin daha bir üzvü Vüqar Bayramov isə bildirib ki, “Rəqabət Məcəlləsi” artıq hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub: 

“Buna görə güman olunur ki, yaxın vaxtlarda müzakirə üçün Milli Məclisə təqdim olunacaq. Nəzərə alsaq ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasından sonra həm də yol xəritələri hazırlandı və islahatların dərinləşdirilməsi nəzərdə tutuldu. Artıq 2022-2026-cı illəri əhatə edən strategiya tətbiq olunub və bu istiqamətdə də rəqabətin gücləndirilməsi prioritetlərdəndir”.

Deputat onu da əlavə edib ki, məcəllə rəqabətin müdafiəsi və gücləndirilməsi ilə bağlı fərqli baxışları özündə ehtiva edir: 

“Biz də “Rəqabət Məcəlləsi”nin daha qısa zamanda hazırlanması və qəbul edilməsinin tərəfdarı olmuşuq. Bununla bağlı təkliflərimizi də təqdim etmişik. Gözlənilir ki, layihə Milli Məclisə təqdim olunandan sonra müzakirələr başlanacaq və o zaman da biz bu istiqamətdə öz töhfələrimizi və təkliflərimizi təqdim etməyə çalışacağıq”- deyə bildirib. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO