Səbail rayonunda mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib.
Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.
Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.
Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Bizim.Media