Təqvimdə qırmızı işarələnmiş çoxlu sayda özəl günlər - bayramlar var: dövlət bayramları, milli bayramlar, dini bayramlar. Bir də təqvimdə xüsusi peşə bayramlarını əks etdirən günlər var. Milli Bayraq Günü isə, məncə, bu sadaladıqlarımdan xüsusi seçilir. Çünki
Bayrakları bayrak yapan üstündəki kandır.
Toprak uğrunda ölən varsa, Vatandır...
Nə gözəl deyib Tofik Fikrət. Bu, doğrudan da belədir. Millətin millət olaraq var olmasını sübüt edən, ayaqda durmasına stimul verən bir atributdur Bayraq. Bayraq millətin qürurudur, fəxridir, onun baş tacıdır. Bayraq bir millətin tarixinin xəritəsidi. Bayrağın dəyəri onun parçasının pambıq, atlas və yaxud ipək olması ilə ölçülmür. Onun dəyəri təmsil etdiyi millətin qiyməti ilə ölçülür. Bayraq dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün Ona sayğı göstərilir. Bəs, Bayrağa olan sayğının kökünü harda axtarmaq lazımdı? Tarixə qısa bir nəzər salmaq yetər ki, Bayraqla bağlı qürurun insanların torpağa,vətənə məhəbbətindən irəli gəldiyini görək.
Sual yaranır: hardan başlanır Vətən? Uca dağlardanmı, alçaq təpələrdənmi, sərt qayalardanmı, müqəddəs torpaqlardanmı, buz kimi bulaqlardanmı, şırıl-şırıl axan çaylardanmı, rəngarəng meşələrdənmi, güllü-çiçəkli düzənlərdənmi, göz bəbəyimiz kimi qoruduğumuz sərhədlərdənmi, yoxsa evimizdənmi? Yox! Vətən içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisindən başlanır. Və bir də müqəddəs BAYRAQdan başlanır. Vətən, yaxud Ana Vətən insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olaraq əldə edilən emosional hisslər deyil. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan da deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. İnsanın əvvəli də torpaqdır, sonu da torpaqdır. Xoşbəxt o insandır ki, dünyasını dəyişən zaman qoynuna girdiyi torpağın üstündə doğulur, elə onun üstündə də əbədi olaraq gözünü yumur. Bəli, Vətən içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisindən başlanır. Vətən başımızdan ucada tutduğumuz BAYRAÄžA hopub onunla yaşayır.
Çox qədim zamanlarda qurulan dövlətlər, tayfalar bayraq və ya bayrağa bənzər simvollardan istifadə ediblər. Qədim misirlilərin, assuriyalıların, iranlıların özlərinə məxsus xüsusiyyətləri olan bayraqları olub. Çində, Hindistanda, Roma imperatorluğunda bez üzərində cürbəcür miniatürlərin yer aldığı simvollar olan bayraqlardan istifadə ediblər. İslam dövlətlərində də hicrətin birinici ilindən etibarən bayraqdan istifadə olunub. Məhəmməd peyğəmbər Mədinəyə hicrət edəndən bir il sonra Şamdan dönən Qureyş tayfasının karvanlarının üzərinə gedən 30 nəfərlik dəstəyə Həmzə rəhbərlik edib. Həmzə nizənin ucuna ağ rəngli bez parçası bağlayaraq onu Əbu Mürşüdün əlinə verib. Məhz bu bayraq müsəlmanların ilk bayrağı, Əbu Mürşid isə müsəlmanların ilk bayraqdarı olub. Tarixçilər yazırlar ki, türklər nizənin ucuna bağlanan bu məmulata "batrak, badruk, bayrak" deyiblər.
İki gün əvvəl sovet dövlətinin böyük bir bayramının qeyd olunduğu gün idi. 7 noyabr Böyük Oktyabr Sosialist İnqilabı günü kimi qeyd olunurdu. SSRİ-nin əsas dövlət bayramı olan 7 noyabr tarixini bolşeviklərin 1917-ci il noyabrın 7-də (köhnə tarixlə oktyabrın 25-də) Rusiyanın Petroqrad şəhərində (sovet dövründə Leninqrad adı daşımış indiki Sankt-Peterburq) qiyam qaldırıb hakimiyyəti ələ keçirməsindən götürür. Həmin gün Rusiya proletariatının rəhbəri Vladimir İliç Leninin başçılığı ilə müvəqqəti hökuməti devirən bolşeviklər sovetlərin hakimiyyətini elan ediblər. Sonradan bolşevik hakimiyyəti bütün Rusiyaya və çar imperiyasının keçmiş hüdudlarına yayılıb və 74 il davam edib.
Elə də uzaq olmayan bu tarixdə çox təntənəli mərasimlər keçirilirdi. Hərbçilər və sovet zəhmətkeşləri möhtəşəm parada uzun müddət hazırlaşırdılar. Bu paradda yüzlərlə qırmızı rəngli, oraq-çəkic şəkilli sovet bayrağı dalğalanırdı. 70 il sovet hokuməti bu bayrağı sevməyi, ona müqəddəs bir sevgi ilə yanaşmağı təbliğ etdi. Deyim ki, təbliğat öz bəhrəsini verirdi də. Amma 1991-ci ildə sovet dövləti dağıldıqdan sonra Azərbaycanın ay-ulduzlu bayrağı SSRİ-nin oraq-çəkicli bayrağını ayaqlar altına atdı.
Müstəqilliyimizin 24 yaşı var. Bu 24 ildə bayrağımıza sevgi nə dərəcədə olub? Hər kəs bayrağına sahib çıxıb onu başı üzərinə qaldırırmı? Bayrağa hörmət etmək, onu sevmək müqəddəs bir borcdur. Bu borc ailədən başlayır. Ailə tərbiyəsindən qaynaqlanır. Ailənin vətən, torpaq sevgisindən qidalanır.
Biz bayrağımıza sarılmağı bacarırıq, onu başımızdan uca tutmağı şərəf işi hesab edirik. Amma bu hər kəsə aiddirmi? Məncə, yox. Etiraf etmək lazımdır ki, Ramil Səfərovun Macarıstan olayına kimi bayraq müqəddəsliyi kütləyə tam aydın deyildi. Çoxları Ramil Səfərovdan öyrəndi bayraq sevgisini. Bəziləri üçün isə bu hadisə ya anlaşılmaz oldu, ya da dərk edə bilməyəcəyi dərəcədə soyuqqanlı, vecsiz bir yanaşma ilə nəticələndi. O, milli qürurumuzun tapdanmasına dözə bilmədi, bayrağımızın şərəfini qorudu, vicdansız ermənini cəzalandırdı. Bu hadisə bəlkə də heç zaman unudulmayacaq, azərbaycanlıların da, ermənilərin də yaddaşına hopacaq. Hələ neçə-neçə nəsil bu olaydan danışacaq. Bəlkə də zaman gələcək ki, Ramil Səfərovun bayraq sevgisi tarixdə bir iz qoyacaq, bu hadisə mənbə kimi istifadə olunacaq. Bəlkə də unudulacaq... bunu zaman göstərəcək.
Vətən sevgisi bayraqsız olarmı? Azadlığımızı, ləyaqətimizi, şərəfimizi özündə ehtiva edən bayrağımızı necə ucuz tutmaq olar? Belələri təbii ki, yox deyil. Belələri hər millətdə var - az və ya çox dərəcədə. Qardaş Türkiyədə insanların bayraq sevgisi bəlkə də heç bir xalqda yoxdu. Orada hər evdə, hər ailədə türk bayrağı qiymətli əşya kimi ucada saxlanılır. Az qala müqəddəs Quran kimi əlçatmaz bir dəyər ucalığında ürəklərdə gəzdirilir. Təbii ki, bizdə də mövcuddur. İş otaqlarında, hökumət binalarının üstündə bayrağımızı görə bilirik. Bir çox evlərdə də var, amma bu, kütləvi deyil.
Mənim evimə ilk dəfə gələn adamı qonşuluğumda tikilmiş ev təəccübləndirir. Evin üstü üç rəngli dam örtüyündən ibarətdir: göy, qırmızı və yaşıl rəngli dam örtüyü ilə bağlanıb. Uzaqdan baxanda sanki, evin damına Azərbycan bayrağı sərilib. Evin içində də bayraq göz oxşayır. Otaqların hamısında balaca bayraqlar var. Bu, çox gözəldi. Sıradan bir vətəndaş olan fəhlə qonşum deyir ki, mən bayrağımızı övladlarım qədər sevirəm. Elə bu sevgidir ki, o, uşaqlarına paltar alanda da çox vaxt eləsini seçir ki, üzərində bayraq, ya da ki, bayraqdakı rənglərin üçü birlikdə olsun. Bax, bu, bayrağa olan vurğunluqdur, bəlkə də yaxşı mənada fanatlıqdır, ola bilsin ki, böyük eşqdir...
Bir neçə gün əvvəl bir hadisənin şahidi oldum. İşdən evə gedirdim. Həmişəki kimi yenə də avtobus tıxacda dayanmışdı. Yarım saatdan çox əsəb gərginliyi keçirən sərnişinlər dilxor vəziyyətdə idi. Bu zaman gözəl bir mənzərə yaranmış gərginliyi aradan qaldırdı. Yolun kənarı ilə gedən 5-6 gəncin biri Azərbaycan bayrağını çiyninə salmışdı. Bu görüntü çox gözəl idi. Hər kəsin içində bir qurur, bir fəxr hissi baş qaldırmışdı. Hamı dəstə ilə gedən gənclərə baxırdı, həm də üzlərində xoş bir təbəssümlə. Birdən oğlan bayrağı iki əlli başının üzərinə qaldırdı... Üçrəngli bayraq o qədər cazibədar, o qədər möhtəşəm görünürdü ki, sanki, dünyanın bütün gözəlliyini çəkib özünə hopdurmuşdu. Bəlkə də bu görüntünü bir qədər obrazlı yazdım, bəlkə də sentimental düşündüm, hissə qapıldım, amma inanın ki, bu həqiqətən belə idi. O dəqiqələrdə bir avtobus sərnişinin tarıma çəkilmiş əsəblərinin üstünə su çilənmişdi. Sanki Allah o gənci göndərmişdi ki, bizim içimizdəki tufanı yatırtsın, yerinə sevgi doldursun. Və doğrudan da sərnişinlərdən biri bayrağa olan sayğıdan, türklərin bayraq sevgisindən danışmağa başladı. Mövzu dəyişmişdi, həm də çox gözəl bir istiqamətə yön almışdı. Bayrağa olan hörmət, sevgi işini görmüşdü...
İllərdi Elman Türkoğlu Azərbaycan bayrağını başının üzərində daşıyır. Dəfələrlə döyülüb də, söyülüb də, həbsə də atılıb, amma yenə də bayrağı əlindən yerə qoymayıb. Bu adam sanki Azərbaycan bayrağından ayrılsa ölə bilər. Divin canı şüşədə olan kimi, Bayraqdarın da canı üşrəngli bayraqdadır. Ürəyi bu bayraqla birlikdə döyünür, bu bayraqla nəfəs alır, bu bayraqla yaşayır. Bu, onun bayrağa olan Məcnun sevgisi, fərqli eşqidi...
Məmməd Əmin Rəsulzadə demişdi ki, oyanan milli qürur hissini, yəni ucalan bayrağı heç bir qüvvə endirə bilməz. 24 ildir Milli Bayrağımız dalğalanır. 24 ildir milli atributumuz olan Bayrağımızla fəxr edirik. 24 ildir Bayrağımız mənliyimiz və kimliyimiz olubdur. 24 ildir Bayrağımız hərbi hissələrin varlığı kimi qəbul olunur. Əgər hər hansı hərbi hissə savaşda məğlub olsa, amma Bayraq qalsa, deməli o hərbi hissə yaşayır. Hərbi hissə yaşayırsa deməli, vətən də yaşayır, torpaq da nəfəs alır.
Bu gün bayrağımızla fəxr etməli çox şeylər var. Hündürlüyü 162 metr olan Dövlət Bayrağı Meydanında dalğalanan milli qürurumuz, milli kimliyimiz dünyanın ən hündür Bayrağıdır. Adı Ginnesin "Rekordlar Kitabı"nda qeyd olunub.
Gəlin babalarımızdan bizə miras qalan bu müqəddəs dəyəri qoruyaq, ona hörmət etmək kimi bir borc daşımaq şərəfini untmayaq. Bayrağımızı kölgəsində ölə biləcəyimiz qədər sevək, bağrımıza basaq, başımızdan uca tutaq.
Mən BAYRAQ sevgimin bir zərrəsini bu yazı ilə bildirdim.
Bəs, siz?..































































































