Şuşa Məscidini süpürən ŞƏHİD ƏSGƏRİN ATASI: “Həmin süpürgə ilə mən də süpürdüm” - FOTO

Şuşa Məscidini süpürən ŞƏHİD ƏSGƏRİN ATASI: “Həmin süpürgə ilə mən də süpürdüm” - FOTO

Hazırda oxunan: Şuşa Məscidini süpürən ŞƏHİD ƏSGƏRİN ATASI: “Həmin süpürgə ilə mən də süpürdüm” - FOTO

105094

Hər kəs onu Qarabağın müxtəlif yerlərində, xüsusilə Şuşada çəkdiyi videoları ilə tanımışdı. O, hər birimizin yaddaşında çəkilmiş videolardakı gülər üzü, xoş zarafatı, şux duruşu, bir az da qürurlu yerişi, şirin Qax ləhcəsi, tez-tez işlətdiyi "yaşasın spesnaz" sözü ilə həkk olmuşdu.

Ağayev Asəf Abid oğlu 1993-cü il, noyabrın 24-də Qax şəhərində anadan olub. 2000-ci ildə Qax rayonunda orta məktəbə gedib. Onun uşaqlıqdan hərb işinə böyük marağı olub.

Buna görə də, anasının ürəyindən olmasa da, 9-cu sinifi bitirdikdən sonra 3 il Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. Hərbi liseyi yüksək nəticə ilə bitirdikdən sonra Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasına daxil olub. Oranı da müvəffəqiyyətlə başa vurduqdan sonra 5 dil bilən Asəf Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb.

Asəf Ağayev Şuşadan Ali Baş komandana raport verənlər sırasında yer alanlardandır. Daha sonra əlinə süpürgə alıb məscidi təmizləyib, döyüş yoldaşları ilə şükür namazı qılan igidimiz Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olub. Zəfər paradına qatılan baş leynenat bir neçə gün sonra Şuşaya qayıdır və Xocavənd istiqamətində erməni təxtibatının qurbanı olur, minaya düşərək şəhidlik zirvəsinə yüksəlir. Elə o gün bu gün atası Abid kişi oğlunun videolarının sorağı ilə Şuşaya getmək arzusunda idi. Nəhayət bu günlərdə birinci Qarabağ qazisi Abid Ağayevin bu arzusu həyata keçib.  

Şuşa fatehlərindən biri kimi tanınan şəhid Asəf Ağayevin atası Abid Ağayev birinci Qarabağ müharibəsi əlilidir. Əlil arabasından istifadə etdiyinə görə onu narahat etmədik. Əvvəlcə Qax şəhidlər xiyabanına üz tutduq. Burada uyuyan şəhidlərimizə dua edir, Asəfin məzarı başında bir xeyli xatirəsini andıq. Daha sonra “Azərbaycan bayrağı” ordenli qəhrəmanımızın doğulub boya-başa çatdığı evə yollandıq.

Bu günlər babasının yanından bir an ayrılmayan Məryəm dayısının xatirəsinə yazılan şeiri səsləndirir:

“Məni duyan ay obalar, ay ellər. 
Gəlin sizə bir igiddən danışım. 
Qəlbi təmiz, üzü nurlu, mehriban.  
Gəlin sizə bir şəhiddən danışım”

Şəhid atasının sinəsi Şuşa təssüratları ilə dolu olduğundan yön alırıq əsas məsələyə...  

Abid Ağayev Şuşanı görmək çoxdankı arzusu olduğunu fəxarətlə deyir:

“Mənim çoxdankı arzum idi ki, gedim, baxım, oğlum olan yerləri gəzim, Qarabağ zonasını, döyüş gedən yerlərinin hamısını ziyarət edim. O cümlədən istədim ki, həmin Şuşanı ziyarət edim. Hansı ki, orada oğlum daha çox şərəfli döyüş yolu keçib, ondan sonra orada gəzim, məscidimizi ziyarət edim”. 

Şəhid atasının bu arzusunu oğlunun keçmiş döyüş yoldaşları və Daxili İşlər Nazirliyi öz üzərinə götürüb. Abid dayı Şuşanın küçələrini gəzib-dolaşıb. Şuşa məscidinə gedərək, Asəfin təmizlik apardığı süpürgə ilə oraları sahmana salıb. 

“Oğlum ki, haraları gəzib məscidin içərisində, “Allahu Əkbər”, “Bismillah” edib, mən də girdim həmin kəlamları işlətdim, bir “Fatiha” də verdik. Necə oğlum təmizləyib o qaydada məndə təmizlədim. O Şuşa yollarında gəzərkən deyirdi ki, Qaxlılara salam, biz çox xoşbəxtik ki, Şuşa küçələrində indi özümüz gəzirik”.

Abid Ağayev oğlu ilə bağlı arzusunu da dilə gətirib:
 

“Sağalan kimi Şuşa təssüratlarımı qələmə alacam. İstərdim ki, bir neçə dildə tərcümə edilsin, oğlumun çəkdiyi videolar qaydaya salınıb film hazırlansın. Dünya görsün ki, bir ata-oğulun simasında biz necə düşmənlə mübarizə aparırıq”.


Qeyd edək ki, bu günlərdə Ağayevlər ailəsində ikiqat sevinc yaşanıb. Abid Ağayevin qızının oğlu olub və uşağa Asəf adı verilib. Abid kişi demişkən “Asəfim yenidən doğulub”. Bir daha Ağayevlər ailəsini təbrik edir və inanırıq ki, dünyaya gələn Asəf də dayısı “Azərbaycan bayrağı” ordenli Asəf kimi vətənpərvər, dövlətinə, millətinə layiqli övlad kimi yetişəcək.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO