Evin tək uşaqları müharibəyə göndərilsinmi? – Təklifə deputatlardan maraqlı CAVAB

Evin tək uşaqları müharibəyə göndərilsinmi? – Təklifə deputatlardan maraqlı CAVAB

Hazırda oxunan: Evin tək uşaqları müharibəyə göndərilsinmi? – Təklifə deputatlardan maraqlı CAVAB

104269

Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanların müharibəyə göndərilməməsi ilə bağlı təklif yenidən aktullaşıb. Bu təkliflə deputat Sabir Rüstəmxanlı çıxış edib. O, Vətən müharibəsində də ailənin yeganə övladı olan oğlanların iştirakının düzgün olmadığını vurğulayıb. 

Nəzərə alsaq ki, hazırki ailələrdə uşaqların sayı daha çox bir və ya ikidir. Çoxluq ailədə tək övlad olan oğlanlar müharibəyə göndərilməsə, o zaman vətəni kim qoruyacaq?

Bu məqam səsləndirilən təklifə tərs mütənasib gəldiyi üçün müzakirə predmetinə çevrilib. Maraqlıdır, digər deputatlar nə düşünür? 

Millət vəkili Elman Nəsirov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ilk növbədə təkuşaqlı ailələrdə olan oğlanların sayı ilə bağlı statistikaya əsasən qiymətləndirmə aparılmalıdır:

“Tez-tez mətbuatda və sosial şəbəkələrdə ailədə tək oğlan övladının müharibəyə göndərilməməsi ilə bağlı müzakirələrin şahidiyik. Bu məsələdə vahid və yekdil mövqe yoxdur. Bu mövqenin əleyhədarları da, tərəfdarları da var. Hər tərəf öz arqumentini səsləndirir, amma heç kimin əlində statistika yoxdur. Qonşusunda, qohumunda olan tendensiyanı görüb və bu baxımdan ailədəki vəziyyəti qiymətləndirir. Mənə elə gəlir ki, bu məsələdə ciddi statistik hesablama aparmaq lazımdır. Dövlət Statistika Komitəsində bununla bağlı faktlar bəllidir”. 

Deputatın sözlərinə görə, təkuşaqlı  ailələrdə oğlanların sayı kritikdirsə, bu, reallıq hər zaman düşündürücüdür:

“Yox, bu bir tendensiya deyil və ayrı-ayrı hallarda baş verirsə, başqa yanaşma tələb edir. Bir sözlə istənilən məsələyə elmi baza əsasında qiymətləndirmənin tərəfdarıyam. Qiymətləndirmələr aparılandan sonra, müvafiq fikir söyləmək mümkündür. Sırf subyektiv fikrim odur ki, əgər ailədə bir oğlan övladı varsa, müharibə olacağı təqdirdə, onların ön cəbhədə döyüşlərin episentrində olması həmin nəslin gələcəyi üçün böyük problem yaratmış olur”.

Deputat Aqil Abbas isə sözügedən təklifə mövqe bildirməkdə çətinlik çəkib:

“Buna cavab versəm, sosial şəbəkədə hamı məni topa tutacaq. Sabir müəllim deyir ki, ailədə oğlan övladı müharibəyə getməsin. İndiki ailələrdə elə bir uşaq var. Neçə uşaq var ki? O zaman kim getsin, əsgərliyə, müharibəyə atalar, ya qadınlar getsin? Bu, elə bir mövzudur ki, qarğa, quzğun kimi tökülüşəcəklər üstümə. Biz dəfələrlə parlamentdə məsələ qaldırmışıq ki, tək oğlan övladlarını ön cəbhəyə aparmasınlar. Məsələn, Ağdamda bir ananın əkiz oğlu müharibədə şəhid olmuşdular. Onlar könüllü getmişdilər. İstənilən azərbaycanlı oğlan, vətəni işğal altındadırsa, gedib vuruşur. Həmin o uşaqların hesabına erməninin arxasında duran dövlətlərə də qalib gəlmişik. Heç kim istəməz ki, şəhid olsun, amma müharibədir, nə etmək olar? İndi 5-7 övladı olanlar yoxdur. Adam 2 övladını böyüdüb başa çatdıra bilmir. Kişilər dura-dura qadınlar əsgər getməyəcək ki... ”

Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, nəslin itməməsi, demokratik və humanist baxımdan maraqlı bir təklifdir:
 

“Bu müzakirə üçün açıq ola bilər. Fərqli münasibətlər olsa da, hesab edirəm ki, bunu reallaşdırmaq mümkündür. Amma başqa bir məqam da var. Əslində çalışmaq lazımdr ki, uşaqların sayı çox olsun. Bir var ki, təbii səbəblərdə uşaq olmur.


Bir də var ki, kimsə əziyyət çəkmədən bir uşaq dünyaya gətirir, onu böyüdür, daha çox qayğı çəkmək istəmir və öz həyatını daha üstün tutur. Arzu edərdim ki, ailələrimiz çoxuşaqlı olsunlar və onların içərisində bir neçə oğul olsun ki, vətənə xidmət edə bilsinlər. Əlbəttə ki, sosial durum çətinliyi də var. İstərdik ki, insanlarımızın həyat səviyyəsi yüksək olsun. Dünyaya gələcək uşaqların da təminatı nəzərə alınsın. O zaman qeyd edilən problem aradan qaldırıla bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO