7 medal alacağını bacısına yuxuda müjdələyən şəhidimizin xatirəsi anıldı - FOTO

7 medal alacağını bacısına yuxuda müjdələyən şəhidimizin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: 7 medal alacağını bacısına yuxuda müjdələyən şəhidimizin xatirəsi anıldı - FOTO

103982

Vətənimizin azadlığı uğrunda zəfər yürüşünə çıxan qəhrəman oğullarımızdan biri də gecə-gündüz demədən, soyuq-şaxta hiss etmədən yağı düşmənin üzərinə yeriyən, igidlik göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan Ehtiram Əhmədovdur.

Bu gün 24 gün komada qalaraq həyat mücadiləsi verən, 7 medal alacağını bacısına yuxuda müjdələyən şəhidimizin anım günündə xatirələri bir daha vərəqlənib. 

Bizim.Media-nın yerli bürosu qəhrəman şəhidimizi sizə təqdim edir:

Xüsusi təyinatlıların cəsur döyüşçüsü Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.

O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsi başlayan müddətdən döyüşlərə qatılıb. Saxur balası Ehtiram Əhmədov Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Şəhidimiz oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb. 24 gün hospitalda komada qaldıqdan sora şəhidlik zirvəsinə ucalıb.

Vətənə və bayrağa olan sevgisi Ehtiramda uşaq yaşlarından başlayıb. 2012-i ildə zəlzələ nəticəsində sökülən məktəbin dağıntıları arasından tapdığı bayrağı evə gətirərək anasına verib və saxlamasını istəyib.  Və illər sonra həmin bayrağa bürünüb hərbi xidmətə yollanıb. Komada qaldığı 24 gündə və dəfnində də həmin bayraq üzərində olub. 
Ehtiram Əhmədov şəhadətindən bir neçə ay sonra bacısının yuxusuna girərək 7 medal alacağının müjdəsini verib. Sonradan onun doğrudan da yeddi medalla təltif olunduğu məlum olub. Şəhidimiz şəhadətindən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azad olunmasına görə medalları, həmçinin "Rəşadət ordeni" ilə təltif edilib. 

Şəhidin ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, kənd sakinləri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO