Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Bizim.Media-nın məlumata görə, bu barədə Qaradağ rayon məhkəməsində Rəşad Dağlının özü deyib.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlı prokurorluğa belə gətirildi - VİDEO
O, bildirib ki, qətli özünü müdafiə etdiyi zaman törədib. Belə ki, hadisə zamanı qətl törətmək fikrində olmayıb.
Onun sözlərinə görə, hadisə vaxtı bıçaq İsgəndər Mehdiyevdə olub və onu öldürməyə cəhd edib. Rəşad Dağlı deyib ki, əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İsgəndər Mehdiyevi qətlə yetirib.
Qeyd edək ki, Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub.
Hadisəyə isə İsgəndərin Rəşad Dağlının ünvanına söyüş söyməsi səbəb olub. Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər. Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.
O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. İsgəndər Mehdiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Eldar Məmmədli, Bizim.Media