Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törətməsi ictimaiyyətdə əks-səda doğurub. İctimai fəal və ziyalılar da sosial platformalarındakı paylaşımlarıma baş verən olaya reaksiyalarını gizlətməyiblər.
Yazıçı Şərif Ağayar Rəşad Dağlını törətdiyi əmələ görə qınayıb və baş verən hadisənin səbəbini düşdüyü mühitlə əlaqələndirib:
“Heç nə insan öldürməyə bəraət qazandırmır. Hətta vətən, millət, azadlıq, namus adı ilə də öldürməyin doğru olmadığını düşünürəm. Söyüş üçün öldürmək isə, sadəcə, biabırçılıqdır. Rəşad Dağlı kimi çox istedadlı birini bu addımı atmağa vadar edən intellektdən uzaqlıq, kitabdan cüda düşmək, müasir mədəniyyətdən bixəbərlikdir. Lakin bu məsələdə onun ətrafının, düşdüyü mühitin də rolu böyükdür. Rəşad qəzəlxan kimi, şair kimi kütləyə lazım deyildi. Ona yalnız düşük meyxanalarla boş qafaları danqıldatmaq üçün pul verirdilər.
Bu zəka sahiblərinin kumirinə çevrilmək, yaxud birinciliyi əldə saxlamaq üçün hökmən sözü və yaradıcılığı başlı-bütünlü istisna edən kriminal avtoritet moduna girməlisən.
Rəşad Dağlı da özünü mütləq belə aparmalı, yaxud belə biri olduğuna mütləq inandırmalı idi. Bu da axırı. Qəti şübhə eləmirəm ki, “Məryəmin tərtəmiz olduğnu bir Allahı bilib, ona çox tənə gəlib Həzrəti-İsayə görə” beytini yazan adam kamerada tək qaldığı vaxt başını divara döyüb ağlayacaq. Bax, mən o başını divara döyüb ağlayan Rəşad Dağlını birinci özünün, ikinci qəddar ətrafının, üçüncü isə işləməyən Azərbaycan qanunlarının əlindən alıb elə adını zikr etdiyi o Allaha tapşırmaq istəyirəm. Günahından keçsin və onu qorusun. Səbəb nə olur-olsun, istedadın qürubu kədərlidir”, - deyə yazıçı əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlı kimi öldürüb? - DETALLAR
Tanınmış jurnalist Vüsal Məmmədov Rəşad Dağlının qətl törətməsinə üzgün sözardı yazıb:
“Həmməşə şir olmaq lazım deyil, məəəm qərdeşim, şir olmağın da yerini və məqamını bilmək gərəkdir!”, - deyə o, qeyd edib.
Şair, yazar Aqşin Yenisey meyxanaçı ilə bağlı reaksiyasını bir cümlə ilə ifadə edib:
“İki zərərli düşüncə bir-birini zərərsizləşdirib!”, - deyib.
Yazıçı Kəramət Böyükçöl isə meyxananın mənasız bir şey olduğunu desə də, Rəşad Dağlıya törətdiyi əmələ görə təssüflənib:
“Mehman Əhmədli ilə verilişlərin birində mübahisəmiz düşmüşdü. Mən meyxananı tənqid edirdim. Mehman da tez-tez sözümü kəsir, nəsə deməyə çalışırdı. Axırda dedim ki, Mehman, meyxana çox mənasız şeydir, amma sən heç onu da deyə bilmirsən. Etiraf edim ki, meyxana çox mənasız bir şey olsa da, Rəşad Dağlı onu deyə bilirdi. Allah səbr versin. Allah qapısını açsın. Ölənə də Allah rəhmət eləsin”, - deyə paylaşımında yazıb.
Alçina Amilqızı, Bizm.Media