Şəkili məşhur Hikmət babadan XƏBƏR VAR – Zəfər günü onun həyətində nələr baş verdi? - FOTO

Şəkili məşhur Hikmət babadan XƏBƏR VAR – Zəfər günü onun həyətində nələr baş verdi? - FOTO

Hazırda oxunan: Şəkili məşhur Hikmət babadan XƏBƏR VAR – Zəfər günü onun həyətində nələr baş verdi? - FOTO

103426

Müzəffər ordumuzun Ermənistan üzərində qələbəsinin ikinci ili tam olduğu bu günlərdə ön cəbhədəki qəhrəmanlarımız kimi arxa cəbhə insanlarının da mərdliyi, xeyrxahlığı yenidən xatırlanır. 

Hamının artıq Hikmət baba kimi tanıdığı şəkili Hikmət Musayevin müharibənin ilk günləri təqaüdündən ordumuza, Silahlı Qüvvələrə yardım etməsini də unutmamışıq. Bu günlər bu el ağsaqqalının qapısı qonaqlı-qaralıdır. 

Hikmət baba ilə bir neçə gün əvvəl telefon söhbətimizdə bizə sürpirizinin olacağını desə də məğzini söyləməmişdi. Onun təklifi ilə Baş Küncütün mərkəzinə yollanırıq. Bizə böyük Azərbaycan şairi Nizami Gəncəvinin heykəlini nişan verir.

Öyrənirik ki, Hikmət baba təqaüdündən ayırdığı bir miqdarla heykəli və ətrafını abadlaşdırıb və Zəfər gününə ərmağan edib. Deyir ki, qoy məndən bu əməl də xatirə qalsın:

“Bu heykəl bərbad vəziyyətdəydi. Fikirləşdim, qərara gəldim ki, heykəli təmir edək. Öz pensiyamla təmir eləmişəm. Allaha da xoş gedər, insanlara da”.

Sonra Hikmət babanın evinə gedirik. Həyətə daxil olanda maraqlı mənzərə ilə qarşılaşırıq. Bir qrup qazi Hikmət babanın Zəfər gününü təbrikə gəlib.  Bu evə, həyətə yad olmayan, vaxtaşırı Hikmət babanı ziyarət edən qazilər yaxşı bir tonqal da çatıblar. Vətən müharibəsi qazisi Asif Məmmədəliyev Bakıdan birbaşa Hikmət babanın hüzuruna gəlib.

Asifə dövlətimiz tərəfindən yenicə avtomobil hədiyyə olunub və istəyir ki, elə ilk xeyir-duanı el ağsaqqalından alsın:

“Biz Şəki qaziləri olaraq bu Zəfərin qeyd olunmasında bizlərə, biz ön cəbhədə olanda arxa cəbhədə bizlərə dəstək olan bütün xalqımıza, xeyriyyəçi insanlarına, o cümlədən el ağsaqqalı Hikmət babaya dərin təşəkkürümüzü bildiririk. Biz onun fədakarlığını, mərdliyini bir ömür unutmarıq. Bu gün də yığışıb gəlmişik, onun qonağıyıq”.

Kənd sakini Ehtiram Məmmədov hər iki müharibənin, eləcə də aprel döyüşlərinin iştirakçısı və qazisidirDeyir ki, Hikmət babanın arxa cəbhədəki qəhrəmanlığı bizə daha da qüvvət verdi:

“Bunlar sözlə deyiləsi hislər deyil, unudulmaz xatirələrdir, qəhrəmanlıq dastanıdır. Hikmət baba bu dastanın özəyidir, canıdır. Bu cür insanları olan millət yenilməzdir, biz qazilər də belə insanlarımızala fəxr edirik”.

Hikmət babanı ziyarət edənlər sırasında qazilərimizdən başqa Şəki 2 nömrəli uşaq musiqi məktəbinin kollektivi də var. Məktəbin direktoru Tərlan Məmmədov isə bu insanın ən yaxın dostu, sirdaşı hesab olunur.

Çünki Hikmət babanın bu son iki ildə bütün mənəvi qayğılarını Tərlan müəllim öz üzərinə götürüb:

“Həmişə olduğu kimi bu gün də qazi qardaşlarımızla Hikmət babanı yad edirik. Əlbəttə ki, bu günkü görüş daha önəmlidir. Çünki qazilərimizdə daha yüksək əhval-ruhiyyə var, eləcə də Hikmət babanın özündə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”. 

Başı qonaq-qaraya qarşısa Hikmət baba deyir ki, elin içi də, çölü də bizimdir:
 

“Bir zamanlar suyu qurumuş dəyirman kimi idim. İndi baxın, nə qədər övladım, dostum var. Heç bir xalq zəfəri təsadüfən qazanmır. Bu sevgidir, eşqdir, birlikdir. Bu yolda ən cüzi zəhməti olan şəxsin də alnından, gözündən öpürəm. Vətəni sevən ürəyiniz, gözələriniz var olsun!” 


Zəfər sevinci Hikmət babanın evində neçə gündür ki, davam edir. Hikmət baba gələn qonaqlara süfrə açır, hərə bir tərəfdən öz əlini uzadır və şadyanalıq edirlər. Neçə gündür ki, Hikmət babanın evindən qara zurna sədaları da əsgilmir. Bu nurani insan qazilərlə, qonaqları ilə qol-qola girib “Yallı” gedir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO