İllər öncə əgər deyilsəydi ki, evdə oturduğunuz halda sənəd və bu kimi vacib işləri uzun yollar qət etmədən, növbələr gözləmədən edə biləcəksiniz, bəlkə də heç kəs buna inanmazdı. Hətta bu sözləri böyük təəccüb və təbəssümlə qarşılayardılar. Amma illər keçdikcə informasiya-kommunikasiya sistemlərinin sürətlə inkişafı texnologiya sahəsində böyük yeniliklərin yaranması bu deyilənləri fərziyyədən reallığa çevirdi. Elə bununla bağlı olaraq elektron vəsaitlərin və rəqəmsallaşmanın trendə çevrilməsi onların sürətlə inkişafına səbəb oldu.
Nəticədə bu təkcə dövlətlərin deyil, eləcə də cəmiyyətin inkişafına, insanların işlərinin asanlaşması yolunda böyük cığır açdı.
Artıq müasir günümüzdə elektron və rəqəmsal həllərsiz həyatımızı düşünmək mümkünsüzdür və sözügedən həllər həyatımızın ayrılmaz parçasına çevrilib. Artıq e-hökumət və xidmətləri ilə bağlı mövzulardan məlumatlı olmaq hər bir şəxsin prioritetləri sırasında olmalıdır.
Ona görə də gəlin, bu mövzuya daha da hakim olaq. İlk olaraq Elektron hökumətin nə olduğunu və istifadəçilər üçün nə kimi üstünlüklər vəd etdiyini öyrənək.
Elektron hökümət nədir?
Bir çox xarici mənbələrdən Elektron hökumət vətəndaşların, biznes tərəfdaşlarının və müxtəlif sektorda çalışan işçilərin dövlət xidmətlərinə çıxış etməsi və onlardan rahat, operativ şəkildə yararlanmasına əsaslanan texnologiyadan istifadə kimi dilə gətirilir. Həmçinin inkişaf etmiş ölkələrdə demokratiyanı daha da intibaha çatdıran amillərdən biri kimi də qiymətləndirilir.
Ölkəmizdə Elektron hökümət quruculuğunun tarixi 2011-ci ilə doğru gedib çıxır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlar əsasında Elektron hökumətin fəaliyyəti üçün hüquqi baza yaradılıb. Ən əsası isə ölkəmizdə formalaşdırılan e-hökumət beynəlxalq təcrübəyə əsaslanır.
Həmçinin Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.
Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.
Elektron hökumətin üstünlükləri nələrdir?
Elektron hökumətin əsas məqsədi vətəndaşlara səmərəli və sərfəli şəkildə dövlət xidmətlərinin genişləndirilmiş portfelini təklif etməkdir. Elektron hökumət həm də hökumət üçün daha çox şəffaflıq təmin edə bilər, çünki o, ictimaiyyətə hökumətin nə üzərində işlədiyi və həyata keçirilən siyasətlər barədə məlumat almağa imkan verir.
Əsas fayda elektron hökumətin tətbiqi zamanı kağız əsaslı sistemin dəyişdirilməsi və optimallaşdırılmasıdır. Bu, kağız istehlakının azaldılması hesabına çoxlu vaxta, pula qənaət edə və ətraf mühitə müsbət mənada dəstək vermiş olur.
Elektron hökumətin tətbiqi həm də hökumət və biznes sektorları arasında daha yaxşı kommunikasiyaya kömək edə bilir. Məsələn, e-dövlət xidmətlərinin törəmə müəssisəsi kimi elektron satınalma G2G (governmet to government) və B2B (businnes to businnes) arasında əlaqəni asanlaşdıra bilər ki, bu da kiçik bizneslərə dövlət tenderlərində daha böyük şirkətlərlə rəqabət aparmağa imkan verir. Beləliklə, həm də elektron hökumətin faydası açıq, şəffaf bazar və daha güclü iqtisadiyyat yaratmağa əsas verir. Həmçinin G2C (governmet to citizen) isə hökümətlə vətəndaşlar arasında qarşılıqlı, effektiv əlaqənin qurulmasına xidmət edir ki, sözügedən 3 önəmli məsələ elektron hökumət vasitəsi ilə effektiv şəkildə həyata keçirilir.
Bu gün şirkətlər və insanlar keçmişlə müqayisədə daha tez və günün istənilən anında məlumat əldə edə bilirlər. Elektron hökumət və onun imkanları yerindən həmçinin sosial səviyyəsindən asılı olmayaraq bütün insanlar üçün əlçatandır.
Elektron hökumət vasitəsi ilə hansı məsələləri həll etmək mümkündür? Hazırda vətəndaşlar elektron hökumət portalından 37 qurum tərəfindən göstərilən 454 sayda xidmətdən yararlana bilərlər. Həmin xidmətlər aşağıdakı fotolarda qeyd olunub.
Əvvəllər böyük çətinliklə ala bildiyiniz arayışları və sənədləri siz hazırda e-gov saytı vasitəsilə elektron şəkildə əldə edə bilərsiniz. Bununla da zamanınıza qənaət, səhhətinizə də diqqət etmiş olacaqsınız.
Həmin sənədlər arasında pensiya təyinatından tutmuş, yol hərəkəti qaydalarının pozuntusu zamanı tətbiq edilən cərimələrlə bağlı istənilən məlumatlara rast gəlmək mümkündür.
Həmçinin heç bir gəlir yeri olmayan, iş fəaliyyəti ilə məşğul olmayan şəxslərə işsizlik statusunun verilməsi və müavinətlərin təyin olunması kimi bir sıra vacib xidmətlərin adını çəkmək olar ki, onlar sizin bir "tık" yaxınınızdadır. Bunun üçün isə sadəcə telefonun ekranını və ya kompüterin müvafiq əmrlərini tıklamaq və ya klikləmək bəs edəcəkdir.
Lakin siz öncə portaldan qeydiyyatdan keçməlisiniz və bu heç də çətin məsələ deyil. İndi vətəndaşlar e-gov.az elektron hökumət portalına “ASAN Login” vasitəsilə təmin edilən 5 giriş imkanı ilə daxil ola bilirlər:
• İdentifikasiya nömrəsi ilə
• Sima İmza ilə;
• Asan İmza ilə;
• Elektron imza ilə;
• BSXM Elektron imza ilə.
Həmçinin yekunlaşmış inteqrasiya sayəsində portalla “myGov” şəxsi kabinetinə birbaşa keçid imkanı təmin edilib.
“ASAN Login”də qeydiyyatdan keçməklə bağlı təlimat videosu ilə tanış ola bilərsiniz:
Elektron hökümət həm də sizin ən yaxın "dərd ortağı"nızdır.
Həmçinin elektron hökumət sizə təkcə sənəd, arayış və digər bu kimi xidmətlərlə təmin etmir.
O, artıq sözün həqiqi mənasında dərdinizi, probleminizi, şikayətinizi bildirəcəyiniz bir platformaya da çevrilib. Belə ki, bu imkan sizə "ASAN Müraciət" mobil tətbiqi vasitəsilə verilir.
Mobil tətbiqi rahatlıqla həm “Android”, həm də “iOS” əməliyyat sistemlərində adını yazmaqla yükləyə bilərsiniz. Nəticədə siz bir mobil tətbiq vasitəsilə gündəlik həyatınızda rastlaşdığınız kommunal, yol və nəqliyyat problemləri, infrastruktur, abadlaşdırma, təmirə ehtiyacı olan hər hansı qəzalı mənzillərlə bağlı şikayətlərinizi edə bilərsiniz. Sistem operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilən həmin şikayətlərə baxılmasını, icraatı ilə bağlı alınan nəticələrin sistem üzərindən izlənilməsini təmin edir.
Müasir günümüzdə bir növ xilaskarımıza çevrilən, can rahatlığına səbəb olan elektron və rəqəmsal həllərdən danışmağa bəlkə də saatlar yetməz.
Sevinclə qeyd etmək olar ki, son illər rəqəmsallaşma ilə bağlı məlumatlara və ən əsası onun tətbiqinə vətəndaşlar xüsusi ilə gənc nəsil maraq göstərməyə başlayıb. Elektron hökümətin bu istiqamətdə həyata keçirtdiyi tədbirlər, gördüyü işlər təqdirəlayiqdir. Nəticədə mövcud vəziyyətin daha da yaxşılaşdırılacağına, cari boşluq və problemlərin aradan qaldırılacağına böyük əminlik hissi duyuruq.
İstifadə olunan ədəbiyyatlar siyahısı:
1. E-gov.az (Elektron hökümət portalı)
2. Researchgate.net - What's e-government?
QEYD: Bu məqalə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.
Səkinə Yusibli, Bizim.Media