“Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirildi - FOTO

“Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirildi - FOTO

Hazırda oxunan: “Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirildi - FOTO

103091

Noyabrın 5-də Nizami Kino Mərkəzində “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filminin təqdimat mərasimi keçirilib.

Birlikdən Bizim.Media-ya bildiriblər ki, təqdimat mərasimində Prezident Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, QHT-lərin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, telekanal və sayt rəhbərləri, deputatlar, jurnalistlər, tanınmış sənət adamları, ictimaiyyət təmsilçiləri iştirak edib.

Mərasimdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş görülən işlərlə bağlı məlumat verib.

O bildirib ki, layihə çərçivəsində azərbaycan, rus və ingilis dillərində //loveshusha.com adlı sayt yaradılıb. Saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən müharibəsindən sonra qısa müddət ərzində şəhərdə gerçəkləşdirilən layihələrlə bağlı məlumatlar, həmçinin şəhərlər bağlı fotolar və məqalələr toplanıb.

Tədbirdə, həmçinin layihə çərçivəsində hazırlanan “Şuşa 270” adlı nəşr təqdim edilib. Bildirib ki, Azərbaycan, ingilis, və rus dillərində yüksək keyfiyyətlə hazırlanan nəşrdə Şuşa sakinləri üçün əziz olan və işğal zamanı bütün təhlükələrə baxmayaraq, şəhərdən çıxardıqları əşyalarla bağlı məlumatlar əksini tapıb.

Təqdimat mərasimində layihə çərçivəsində lentə alınan “Şuşanın 270” anı bədii-sənədli filmi haqqında da məlumat verilib. Vurğulanıb ki, ekran əsəri təxminən 50 nəfərlik yaradıcı heyətin səyi nəticəsində ərsəyə gəlib. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb.
Qeyd edək ki, filmin qəhrəmanı 35-36 yaşlı Natavan adlı xanımdır. Əslən şuşalı olan Natəvan fotoqrafdır və Fransada yaşayır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natavan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. İyirmi yaşında olarkən anasını itirən Natavan xaricə köçüb. Filmdəki hadisələr Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı dövrdə cərəyan edir. Natavan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı fotosərgi vasitəsilə dünyaya çatdırmaqdır.

Bundan başqa, filmdə real tarixi hadisə, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Film daha geniş auditoriyaya ingilis dilində subtitrlərlə yayımlanacaq.

Təqdimatdan sonra çıxışlar olub.

Mərasimin sonunda layihə çərçivəsində lentə alınan “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO