29 il sonra Bizim.Media-nın əməkdaşı evinə döndü – Qapıda gözləyən göbələkli ÇAYDAN və... - REPORTAJ

29 il sonra Bizim.Media-nın əməkdaşı evinə döndü – Qapıda gözləyən göbələkli ÇAYDAN və... - REPORTAJ

Hazırda oxunan: 29 il sonra Bizim.Media-nın əməkdaşı evinə döndü – Qapıda gözləyən göbələkli ÇAYDAN və... - REPORTAJ

102961

Ağdam ŞƏHƏRİNDƏYƏM... Ruhlar Şəhərinin xarabalıqları, minarələri viran qamış, qazi, şəhid olmuş hər tərəfinə körpəsin axtaran ana kimi boylanan Ağdam Cümə Məsçidini ziyərət edirəm. Çox şükür bərpa olunur... 

Sonra şəhidlər xiyabanı, daha sonra isə Pənahəli xanın inşa etdirdiyi Şahbulaq qalasına gedirəm.

Bu mənim ilk ziyarətim deyil, ümid edirəm ki, heç sonuncu səfərim də deyil. Qalanın yaxınlığındakı bulaqdan su içirəm. Ürəyim atlanır... Dəli kimi öz-özümə danışıram, bura qədər gəlib dağın o tayındakı yalın ətəyi ilə kəndə getməmək günah olar. Düzünü deyim ki, üryim atlanır...

Doğulub, qığıldandığım, sevincimə sevinib xəstələnəndə kədərləndirdiyim anam-atamın halal zəhməti ilə qurduğu yuvamızı necə ziyərət edə bilmərəm axı... Kəndimizə yola düşürəm.

Kəndimiz Fərrux dağının ətəyində yerləşir. Daha doğrusu dağla kəndimizin arasında ötən əsrin ortalarında inşa edilmiş bir su hövzəsi yerləşir. Xaçın su anbarıdır ora... 

Əlimədədli kəndinə getmək üçün Qızıllı Kəngərli kəndini keçib Xaçınçay çayının sahili boyunca, dağların arası ilə üzü Kəlbəcərə sarı getmək lazımdır. Adda-budda yoxuşlu nahamar yollar burula-burula məni mənim doğulduğum ünvana aparır. Həyacan, gecənin yuxusuzluğu məni mürgüyə verməyə can atsa da maşın hər çalaya düşəndə oyanır və daha bir uşaq xatırəsini mənimlə oyadır. 

Düzdü, birinci səfərim deyil, amma kəndimizə gedib evimizə kənardan baxmışam. Uşaq ikən tələsik çıxdığım kandardan yuvamıza girəcəm. Hansı ki, həmin kandarın bir milli də olsun qalığı qalmayıb. Yox, bu, mümkün deyil, evimizin içində bizə- mənə , dədəmə aid nəsə tapacam dedim. 

Budur Fərrux mənə baxır, Daşbaşı yüksəkliyi elə bil ki bir gözünü qıyıb digər gözü ilə dədəmin xarabasını işarə edir mənə.

Evimiz kənd mərkəzinə yaxın olduğu üçün getmək o qədər də çətin deyil. Maşını saxladıb ora tərəf qaçıram. Buralar o qədər də təhlükəli deyil. Ziyarət etmiş həmkəndlilərim evin ətrafının təmiz olduğunu deyiblər. 

Qaçıram... 

Lap uşaqlıqdakı kimi qaçıram. Elə bil həyətimizdəki nar ağacının kölgəsində anam yaxın saatlarda Bakıdan gələcək qonaqlarımız üçün samavar qalayır, bizi kənardan görən atam isə qollarını açıb “kim tez gəlsə, onun dədəsi olacam” deyib qardaşımla məni yarışdırır.  

Evimizin xarabalığına qonşu Tofiq əmi gillə aramızdakı çəpərdən atlanıram. Çox hissəsi çaydaşından hörülmüş doğma divarları qucaqlayıb öpdüm. Sonra kandardan içəri girməyə can atıram. İçəridə ağaclar, kol-kos bitib. Yaşla dolmuş gözlərimin gördüyü əşya qara daş asılmış sifətimi güldürür. Çaydanımız və qaz piltəmizin qalıqları gözümü sevindirir. Əl atıb hər ikisini çıxardım. Sonra birdən bu bizim yox, evimizi yağmalayan ermənilərə məxsus ola bilər deyə düşündüm.

Anama zəng edib evimizin mətbəxindən tapdığım əşyaları dedim. Qadın hər iki əşyanın bizə aid olduğunu, hətta çaydanın üzərində göbələk şəkli olduğunu deyəndə qəhər içimi parçaladı.

Evimizdə qara çaydaşından başqa qalan yeganə əşya idi. Mən o piltənin üzərində qaynayan bu çaydandan az çay içməmişəm axı... 

Götürüb gətirmək istədim. Həm qürurum, həm də valideyinlərimin səhətti buna macal vermirdi. Həm də axı o əşyalar bizi 29 il burada gözləyib. Yurdumun yağışı, qarı, çovğunu da sağ olsun, tam çürüdməyib, üstünə yağmayıb... Heç anam da gətirməymi istəmirdi. Düzü o qorxur ki, erməni əşyaların içərisinə nəsə qoya bilər... 

Yaşadıqlarımı sözlərlə ifadə etməyə çalışdım. Ancaq bunu olduğu kimi təqdim edə bilmirəm. Həmçinin bununla yanaşı kimsəyə bu duyğuları yaşamağı arzu etmirəm. 
 

Artıq biz qalibik... Yaşananlar geridə qaldı... Amma unudulmasını da rəva görmürəm. Tək arzum isə eyni duyğuları CAN TƏBRİZdə yaşayan qohumlarımı pasport tələb edilməmək şərti ilə ziyarət edib orada sevinc göz yaşları axıtmaqla qeyd etməkdir... 


Bütün tarixi torpaqlarımızda böyük AZƏRBAYCANın VƏTƏNdaşı kimi görüşmək ümidi ilə... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu  















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO