Bizim.Media-nın əməkdaşı MİNA axtarışında – Hadisə yerindən REPORTAJ - FOTO

Bizim.Media-nın əməkdaşı MİNA axtarışında – Hadisə yerindən REPORTAJ - FOTO

Hazırda oxunan: Bizim.Media-nın əməkdaşı MİNA axtarışında – Hadisə yerindən REPORTAJ - FOTO

102866

Azərbaycan ordusu toropaqları işğaldan azad etdikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müxtəlif ərazilərdə minaların təmizlənməsi işini həyata keçirir.

Təəssüf doğuran məqam müharibədən sonra 45 nəfərin minaya düşərək həlak olması, 221 nəfər şəxsin mina partlayışı nəticəsində müxtəlif dərəcəli xəsarətlər almasıdır. 

ANAMA əməkdaşları qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına dönməsi, azad edilən ərazilərə həyatın qayıtması üçün mina təmizləmə işlərini həyata keçirirlər.

Bizim.Media olaraq görülən işləri yerində müşahidə etmək üçün Füzuli şəhərində ANAMA əməkdaşları ilə bir gün keçirdik.

Uzun müddətdir ANAMA əməkdaşlarından olan, mina təmizləyən vəzifəsini icra edən Samir Qəhrəmanov hər gün səhər saatlarından etibarən ərazilərin minalardan təmizlənməsi işini həyata keçirir. Samir bildirir ki, Ermənistan ordusunu ərazini tərk etdikdən sonra müxtəlif növ minalar basdırıblar ki, bunlar arasında öz istehsalları olan minalara daha çox rast gəlinir.

“Hər səhər təyin olunmuş iş sahəsinə gələrək, orada sahə rəhbərinin bizə geniş və ətraflı məlumatından, təhlükəsizlik barədə verdiyi məlumatdan sonra təyin olnmuş xətlərdə öz bölmə rəhbərlərimizin rəhbərliyi ilə işimizi davam etdiririk.
İşlədiyimiz ərazilər uzun müddət düşmən tapdağı altında olduğu üçün xüsusən Ermənistan istehsalı olan minalarla sıx rastlaşırıq. Eyni zamanda döyüş əraziləri olduğu üçün döyüş sursatları ilə də rastlaşırıq. Gün ərzində tapdığımız minalar və ya təhlükə yaradacaq döyüş sursatları ilə rastlaşdığımzda bölmə rəhbərlərinin nəzarəti ilə onlar işarələnir və növbəti xəttdən işimizi davam etdiririk. Gün sonunda isə həmin minalar partlayış qurupu tərəfindən yerindəcə zərərsizləşdirilir”, - deyə Qəhrəmanov qeyd edib.

Minatəmizləmə əməliyyatlarında ANAMA əməkdaşlarının ən yaxın dostu isə mina axtaran itlərdir (MAİ). MAİ-lər təlimlərə cəlb edilir və müəyyən müddətlik təlimlərin sonunda imtahanlardan nəticə ilə çıxan itlər minatəmizləmə işlərinə cəlb edilir. MAİ təlimatçısı Rauf Dadaşov bildirir ki, mina axtaran itlər onların ən yaxın dostlarına çevrilib.

“Ərazilərin minalardan təmizlənməsi fəaliyyətində MAİ-lərin də (Mina Axtaran İtlər) xüsusi rolu vardır. Mina axtaran itlərin təlim prosesləri başa çatdıqdan sonra akkreditasiya imtahanından keçirilir və ondan sonra təhvil veririk əməliyyat qrupuna. Minatəmizləmə əməliyyatlarında əsasən alman ovçarkası və Belçika Malinuası cinsindən olan itlərə üstünlük verilir”, - deyə R.Dadaşov əlavə edib.
ANAMA-nın 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Habil Babayev işğaldan azad edilmiş ərazilərdə əməliyyatların beynəlxalq minatəmizləmə standartlarına əsasən aparıldığını deyir. Habil Babayev əraziyə səfər edən vətəndaşlardan son dərəcə ehtiyyatlı olmağı tövsiyyə edir. Onları qanunsuz səfərlərdən çəkinməyə və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

“ANAMA-nın 1 saylı təmizləmə qrupu Füzuli rayonu ərazisində təmizləmə işlərinə cəlb olunub. Regionda bir neçə ərazidə mina təmizləmə işi ilə məşğuluq. Qruplar hər gün səhər tezdən sahələrə hərəkət edirlər. Ərazilərdə qarışıq mina sahələrinə rast gəlinir. Tələ məftili ilə işə düşən minalar da düşmən tərəfindən quraşdırılıb. Ev və həyətyani ərazilərdə tələ-minalarına rast gəlinib. Bütün bu kimi təhlükəli və “sürpriz” minaların olmasına baxmayaraq əməkdaşlarımız bu işin öhdəsindən layiqincə gəlirlər.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan müxtəlif dövlət qurumları, təşkilat nümayəndələri fəaliyyət göstərir. Biz onlara da tövsiyyə edərdik ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərdə hərəkət etməsinlər. Ərazilərdə polis postları var.

Bunun məqsədi təhlükəsizliklə bağlıdır. Yaxın vaxtlarda ərazilərə qanunsuz girənlər oldu.

Nəticədə minaya düşüb həlak olanlar oldu. Biz də başa düşürük ki, işğaldan azad edilən yerlərdə insanların ata-baba evləri, yaxınlarının məzarları qalıb. Onlar öz yaxınlarının məzarlarını ziyarət etmək istəyirlər. Təəssüf ki, bir çox halda təhlükənin hansı böyüklükdə olduğunu dərk etmirlər. Bir daha səslənmək istəyirik ki, məsuliyyətli davranaraq qanunsuz səfərlərdən çəkinsinlər və təhlkəli ərazilər daxil olmasınlar”, - deyə H.Babayev qeyd edib.

Bir günlük müşahidələrimiz də onu göstərir ki, ANAMA əməkdaşlarının olduqca fədakar işi var.

Onlara ən böyük təşəkkürümüz isə qanunsuz səfərlərdən çəkinərək, həyatımızı təhlükəyə atmamaq olardı.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO