Tanınmış rejissordan Mədəniyyət Nazirliyinə İRAD – “Kinoya ayrılan pullar hara xərclənir?”

Tanınmış rejissordan Mədəniyyət Nazirliyinə İRAD – “Kinoya ayrılan pullar hara xərclənir?”

Hazırda oxunan: Tanınmış rejissordan Mədəniyyət Nazirliyinə İRAD – “Kinoya ayrılan pullar hara xərclənir?”

102777

Tanınmış rejissor və prodüsser Cəlaləddin Qasımov Mədəniyyət Nazirliyindən şikayətlənib. 

Rejissor Bizim.Media-ya müraciətində son 3 ilə yaxındır istehsal etdiyi filmlərin təqdimatının olmadığından gileylənib. Dediyinə görə 5 bədii film ssenarisini Mədəniyyət Nazirliyinə müsabiqəyə göndərsə də, heç biri bəyənilməyib.

Halbuki 5 filmi banklardan kredit götürərək öz hesabına istehsal edib:

“Ölkə başçısı cənab İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə imzaladığı sərəncama uyğun olaraq, “Şollerin arxivi” filmini çəkdik. Film Alman-Azərbaycan dostluğundan, Azərbaycanın multikultural dəyərlərindən bəhs edir.

Beynəlxalq festivallardan 170 mükafat aldım. Dünya mediasında, jurnallarda, saytlarda filmimiz barədə çoxsaylı yazılar yayımlandı. Dünya distribütorları tərəfindən filmlərimiz “iPitch.tv”, “Vimeo”, “Amazon” 17 platformasına yerləşdirildi. Bu filmdən sonra dünyanın bir çox ölkələrindən festival təşkilatçıları bizə müraciət etdi. Daha sonra “Stalinin qaranlıq keçmişi”, “Nobel qardaşlarının ilk uğuru”, “100 illik şərəfli ömür” sənədli filmlərini istehsal etdik.

Filmlər Avropada uğurlar qazandı. Azərbaycan mədəniyyətini dünyaya tanıtmağa çalışdıq. Şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Bütün mükafatlar ssenariyə verildi. Amma son 3 ilə yaxındır ki, filmlərin təqdimatı yoxdur”.

Rejissor Nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovla görüşdüyünü də vurğulayıb:

“Ondan xahişim oldu ki, müsabiqə obyektiv keçirilsin. Heç “Oskar”a film göndərəndə bu qədər sənəd istənilmir. Amma məndən 50 sənəd istədilər. İki ay işimi-gücümü atıb, sənəd toplamışam. Ürək ağrısı ilə erməni filmləri izləyirəm. Hansı ki, Azərbaycanı dünya ictimaiyyətinə işğalçı və Qafqazın ən yırtıcı xalqı kimi təqdim edirlər. Onlarla mübarizə aparmaq əvəzinə göndərdiyim ssenariləri bəyənmədilər. Uzun illərdir ki, ermənilərlə təkbaşına mübarizə aparıram.

Ermənilərin Qarabağda çəkdiyi 3 milyon dollarlıq “Qarabağdan sonuncu sakin” filmi seçilmişlər siyahısında qaldı və qalib oldu. Hər festivalda erməni filmləri görəndə münsiflər heyətinə məktub yazıram. Ondan sonra film seçilmişlər siyahısından çxarılır. Bir nazirliyin gördüyü işi tək etmişəm. Yaponiyada seçilmişlər siyahısında erməni filmləri də var idi.
44 günlük müharibənin 10-11-ci günü ilə bağlı sənədli film çəkmişdilər. Filmdə başdan ayağa yalan, dünya ictimaiyyətini aldadan kadrlar əks olunmuşdu. Halbuki biz Gəncəyə atılan raketləri göstərə bilməmişik. Filmdə isə yalnız bir mətn -  “Biz sülh istəyirik” deyə  nümayiş olunurdu”.

Cəlaləddin Qasımov əlavə edib ki, Mədəniyyət Nazirliyinin bəzi işçiləri görülən işlərlə bağlı qarayaxma kampaniyası ilə məşğuldurlar:

“Guya dünyada minlərlə festival var və biz  pul göndərib diplomlar alırıq. Hansı ki, 2019-cu ildən bu yana bir festivalın heç rüsumlarını da ödəməmişəm. Bütün sənədləri təqdim edə bilərəm. Sual edirəm, kinoya ayrılan pullar hara xərclənir?”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin rəsmisi Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib.

O, qeyd edib ki, Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə son üç ildə dövlət və özəl studiyalarda 70-dən çox tammetrajlı və qısametrajlı bədii, sənədli, eləcə də animasiya filmi istehsal olunub: 

“Qarabağ və digər dövlət əhəmiyyətli mövzularda olan sözügedən filmlərdən 30-dan çoxunun təqdimatı keçirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin, qeyd etmək istəyirik ki, Nazirliyin dəstəyi ilə çəkilmiş onlarla film "A" kateqoriyalı, "Oscar", BAFTA, EFA və digər ən mötəbər kino mükafatlarına klassifikasiyalı, FIAPF akkreditasiyalı festivallarda uğurla iştirak edib.

Ssenarilərinizə gəldikdə isə, diqqətinizə çatdırırıq ki, kino sahəsi ilə bağlı Nazirlik tərəfindən təşkil olunan müsabiqələrdə ssenarilərin seçilməsi Nazirliyin hər hansı əməkdaşının iştirakı olmadan, ölkənin nüfuzlu kino mütəxəssislərindən ibarət Münsiflər heyəti tərəfindən həyata keçirilir”.
Nuridə Allahyarova əlavə edib ki, Nazirliyin dəstəyi ilə çəkilmiş onlarla film "A" kateqoriyalı, "Oscar" (Amerika Kino Akademiyası), BAFTA (Britaniya Kino və Televuziya Sənəti Akademiyası), EFA (Avropa Film Akademiyası) və digər ən mötəbər kino mükafatlarına klassifikasiyalı, FIAPF (Beynəlxalq Film İstehsalçıları Federasiyası) akkreditasiyalı festivallarda uğurla iştirak edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO