Keçən gün qayınatası tərəfindən amansızcasına öldürülüb, tikə-tikə doğranan və meyiti zibil qutusundan tapılan qadının qətli ölkədə böyük rezonans doğurub.
Bu hadisə onu deməyə əsas verir ki, bir çox ailələrdə şiddət, ər-arvadın bir-birinə inamsızlığı hələ də mövcuddur.
Bu isə cəmiyyətdə narahatçılıq doğurur, nəticədə cütlüklər boşanır, hətta bu proseslərdə qətllərə də al atılır. Uşaqlarda yaranan sarsıntı isə uzun illər onların yaddaşından silinmir.
Əslində belə halların qarşısını almaq, ən azından əngəlləmək üçün həmin ailələrə yaxın insanların məsləhətinə böyük ehtiyac var.
Ancaq ailədaxili kiçik məsələlərə maya vurub şişirdən, onlara kəskin reaksiya verənr, çox təəssüf ki, qadın zorakılığı məsələlərini hələ də qıraqdan tamaşaçı kimi seyr etməyə üstünlük verənlər də var.
Bəziləri isə "Yaxşı at özünə qamçı vurdurmaz" atalar məsəlinə əsaslanaraq, hətta öldürənə haqq qazandırırlar.
Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana iştirakı ilə də baş verir. Ziyalı təbəqə isə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər.
Bəs görəsən kimdir günahkar, ölən ya öldürən?
Bizim.Media olaraq bu məsələ ilə bağlı araşdırma aparmaq üçün ölkənin müxtəlif sahələrində çalışan tanınmış simalara üz tutduq.
"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, bu kimi vəziyyətlər kişinin qadını öz malı, əşyası kimi görməsindən irəli gəlir:
Ən dəhşətlisi isə həmin insanlar uşaqlara da əşya kimi baxırlar. Bir gün onun qanunları keçmirsə, ən asan yol kimi qətli seçirlər. Onlar emosiyalarını idarə edə bilmirlər və çox zaman uşaqların gözü qarşısında ananı qətlə yetirirlər”.
Mehriban Zeynalova həmçinin deyib ki, sığınacağa ay ərzində 7 -10 nəfər qadın müraciət edir.
O, bu rəqəmlərin sadəcə fiziki zorqakılıq görmüş qadınların göstəricisi olduğunu da vurğulayıb.
“Bəzən qadınlar mənə zəng vurub psixoloji olaraq şiddətə məruz qaldıqlarını da bildirirlər. Elə ay olur ki, ümumiyyətlə zorakılıqla bağlı bizə müraciət olunmur. Bəzən isə ay ərzində 15 - 20 müraciətlə qarşılaşırıq”.
M. Zeynalova əsas səbəblərdən birinin yenə də sosial problemlər və insan davranışının pozğunluğu olduğunu da vurğulayıb.
“Müraciətlərə bəzən sosial – psixoloji amillər də təsir edir. Bunun kökündə həm sosial problemlər, həm də davranış pozğunluğu durur. Bu iki problem bir-biri ilə əlaqəlidir, bunların birini-digərindən ayırmaq qeyri-mümkündür. Bunu da qeyd etmək lazımdır ki, səbəblərdən biri də gender rollarının dəyişməsinə etirazdır. Ancaq bir məsələni də dana bilmərik ki, burada əsas psixoloji amillər, şübhələr, müdaxilələr də rol oynayır”.
Zeynalova son zamanlar sosial şəbəkələrdə müzakirə olan əsas səbəbdən, öldürənə haqq qazandırmaqdan da danışıb.
“Heç bir vəziyyətdə öldürənə haqq qazandırmaq olmaz. Öldürmək üçün heç bir səbəb ola bilməz. Məlumatı oldu-olmadı bəziləri insan haqlarından danışır. Deyir ki, qadın hüquqları yox, insan haqları var. Əgər belədirsə, zəhmət çəkib insan kimi davransınlar”, - deyə o, fikrini tamamlayıb.
Bəs dində bu məsələ necədir? İslam dinində öldürməyə haqq qazandıran hansısa bir səbəb varmı? Xəyanət, itaətkarsızlıq və ya öhdəsinə düşən vəzifəni yerinə yetirməmək…
Bu sualla ilahiyyatçı Hacı Şahinə də müraciət etdik. O, açıqlamasında bildirib ki, islamda qadınla kişinin hüquqi bərabərdir.
Əgər qadın xəyanət edibsə, o kişi ilə eyni qaydada mühakimə edilməlidir.
MÖVZU İLƏ BAĞLI:
20 ildə 100 milyon qız uşağı məhv edilib – “Abortu qadağa etmək doğru deyil” – Hüquq müdafiəçisi
“Qətl etmək üçün heç bir səbəb yoxdur, ola da bilməz. Dində heç bir motivlə adam öldürmək halal sayılmır. Quranda deyilir ki, biz insanı kişidən və qadından yaratdıq. İslamda kişi və qadınların hüquqları bərabərdir. Yaradılışlarında hər hansı bir fərq olması, kişinin qadın üzərində üstün olduğunu göstərmir. Peyğəmbərimiz buyurur ki, qadınlar kişilərə Allahın əmanətidir. Əgər qadınla kişi arasında hər hansı bir problem varsa, bu, dini məhkəmə qərarı ilə verilir. İslamda cəza verərkən qadınla kişiyə fərq qoyulmur, xəyanət hər bir halda xəyanətdir”,- deyə o, qeyd edib.
Sosioloq Sahib Altay Bizim.Media-ya açıqlamasında 2020-ci ilin 2 ayı ərzində 10-12 qadının qətlə yetirildiyini bildirib.
Onun sözlərinə görə, ailədaxili zorakılığa dözən qadınlar çox vaxt iqtisadi cəhətdən azad olmayan qadınlar olur.
“Bütün bu göstəricilərə baxdıqda, Azərbaycanda qadına şiddətin həddindən artıq çox olduğunu deyə bilərik. Düşüncə olaraq mental bir ölkədə yaşayırıq. Günümüzdə bəzi ailələr sadəcə olaraq formal xarakter daşıyır. Mənəvi olaraq ailə sayılmırlar. Qadınlar zorakılıq görür və iqtisadi cəhəddən azad olmadığı üçün şiddətə dözməli olur. Mən düşünürəm ki, həmin qadınların iqtisadi azadlıqları olsa, bir gün belə o evdə qalmazlar. Lakin qadınlar çox vaxt düşünürlər ki, əgər boşanarlarsa, uşaqlara baxa bilməyəcəklər, qalmağa evləri olmayacaq. Bu zaman bir çox qadınlara valideynlər də dəstək olmur”.
S. Altay bildirib ki, zorakılığa qarşı aparılan ən effektiv vasitə maariflənmədir.
“Qadın zorakılığına qarşı dövlət və maliyyələşən bir neçə qurum mübarizə aparır. Həmçinin bu, təhsil vasitələri ilə də aparılmalıdır. İnkişaf etmiş ölkələrdə genderə giriş və cinsi tərbiyyə dərsləri keçirilir. Bu da uşaqların təməldən zorakılığa qarşı mariflənməsi deməkdir”.
Psixoloq Amaliya İsayevanın isə məsələyə baxış bucağı belədir:
“Şiddətin mövcud olduğu ailələr mütləq şəkildə psixoloqa müraciət etməlidirlər. Azərbaycanda həyata baxışı zəif olan ailələr var. Belə ailələrdə qadına əşya kimi baxırlar. Bu tip ailələrdə qadının şiddət görməsi normaldır. Psixoloji problemləri olan kişilər evlənmək üçün hər zaman özünü qiymətləndirməyən, özünə dəyər verməyən qadınlar axtarırlar. Çünki o kişilər gücsüzlüklərini o qadının üzərində gücə çevirə bildikləri üçün xoşbəxt olurlar. Bir növ özlərinin uğursuzluqlarının qisasını həmin o qadınlara şiddət tətbiq etməklə çıxırlar. Belə qadınlar şüursuz olaraq elə insanları cəlb edirlər. Bütün bunları aradan qaldırmaq üçün psixoloqlara müraciət edilməsi vacibdir. Lakin Azərbaycanda hələ ki, bu, formalaşmayıb”,- deyə psixoloq fikrini tamamlayıb.
P.S. Gəlin, vətəndaşlarımıza cinsi mənsubluğuna görə deyil, insanlıqlarına, keyfiyyətlərinə görə qiymət verək. Unutmayın ki, başqasının günahlarına başı qarışan insanın, öz səhvləri qınadığı insanın əməllərindən daha çox olur.
#QadınaŞiddətəSon!
Vüsalə Balayeva, Aliyə İlyas, Bizim.Media