Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət alaraq azadlığa çıxıb. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə bu yaxınlarda azadlığa buraxılıb.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülmüşdü. 9 il uzanan məhkəmə və ekspertizalardan sonra nəhayət şəxsə bəraət verilib.
Görəsən, günahsız yerə 9 il dəmir barmaqlıqlar arasında qalmağa məhkum edilmiş Aydın Qəhrəmanov bu əsasda kompensasiya almaq hüququna malikdirmi və ona nə qədər kompensasiya düşə bilər?
Digər tərəfdən, onunla bağlı qanunsuz məhkəmə qərarı verənlər bu fonda hansısa cəzaya məhkum edilə bilərmi?
Bizim.Media-ya açıqlamasında vəkil Vamiq Şükürov bildirir ki, Aydın Qəhrəmanov adlı şəxs azadlıqdan məhrum olunduğu dövrdə itirdiyi qazanc və gəlirlərin ödənilməsi tələbilə, habelə çəkdiyi mənəvi ziyana görə kompensasiya tələb edə bilər:
“Cinayət Prosesual Məcəllədə bəraət alan şəxslərə kompensasiyanın verilməsi nəzərdə tutulub. Məcəllədə göstərilir ki, cinayət işinin araşdırılması zamanı cinayət əməlinin törədilmədiyi müəyyən olunarsa, dəymiş zərər hesablanmaqla vətəndaş birbaşa kompensaaiya almaq üçün məhkəməyə müraciət edə bilər. Həmin vətəndaşa ödəniləcək kompensasiya isə vətəndaşın azadlıqdan məhrum olunduğu dövrdə itirdiyi qazanc və gəlirləri, o cümlədən çəkdiyi mənəvi zərərlər nəzərə alınmaqla hesablanır”.
Vəkilin fikrincə, şəxs bəraət alsa da, onunla bağlı səhv qərar verən hakimlər cəzalandırılmayacaq:
“Məsələ ondadır ki, hər bir bəraət alınan iş üzrə hakimin məsuliyyətə cəlb olunmasının tələb edilməsi əslində qaydaya çevrilməməlidir. Hakim müdafiəçilə dövlət ittihamçısı arasında çəkişməni təmin edir. Hakim hansı tərəfin sübutu tərəzinin gözündə daha ağırdırsa, onun da xeyrinə qərar qəbul edir. Bu cinayət məhkəmə icrasında bir oyun qaydasıdır.
Bu zaman hakim səhv qəralar da çıxara bilər. Hər dəfə həmin qaydanın pozulmasına görə hakimlərə cəza vermək düzgün deyil. Razı olmayanlar daha yüksək instansiyalara müraciət edə bilərlər. Digər tərəfdən bir çox hallarda təqsirləndirən tərəf öz iddiasında doğru olsa da, sübut təqdim edə bilmirlər.
Bu mənada cinayət törətməyən şəxsin məhkum olunması da gözləniləndir. Bu o demək deyil ki, o haqsız məhkum olunub. Sadəcə o, həmin vaxt sübut təqdim edə bilməyib. Bir də adətən o şəxslər bəraət alır ki, yeni açılmış hallar olur.
Bu mənada 9 il həbsdə yatan şəxsin şikayət verərək bəraət aldığı mümkün deyil. Ola bilər məlum olub ki, 9 il əvvəl hansısa sübut alınarkən saxta yolla alındığı bəlli olub. Ya da hansısa şahidlərin ələ alınaraq ifadə vermələri müəyyən olunub”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 02.11.2022
Ömürlük alan şəxs 9 ildən sonra azadlığa buraxıldı – Günahsızlığına görə KOMPENSASİYA ala bilərmi?
Hazırda oxunan: Ömürlük alan şəxs 9 ildən sonra azadlığa buraxıldı – Günahsızlığına görə KOMPENSASİYA ala bilərmi?
Hazırda oxunan: Ömürlük alan şəxs 9 ildən sonra azadlığa buraxıldı – Günahsızlığına görə KOMPENSASİYA ala bilərmi?
102304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.