Keçmiş deputatın şirkətindən rüşvət alan müstəntiqlə bağlı YENİ XƏBƏR 

Keçmiş deputatın şirkətindən rüşvət alan müstəntiqlə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Keçmiş deputatın şirkətindən rüşvət alan müstəntiqlə bağlı YENİ XƏBƏR 

102214

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Samir Kərimov bir neçə vəsatətlə çıxış edib.

Onun fikrincə, iş üzrə şahid qismində tanınan Hindistan vətəndaşları beynəlxalq ədalət mühakiməsi çərçivəsində həmin ölkənin məhkəmə sistemi tərəfindən dindirilsin, onların video-konfrans formatında üzləşdirilmələri həyata keçirilsin.
Bundan başqa, sabiq müstəntiq o vaxtkı dövrdə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin rəisi olmuş Ülvi Allahyarovun hansı ölkədə olması müəyyən edilsin.

Bu iş üzrə onun dindirilməsini və üzləşdirilməsini istəyib.

Samir Kərimov, həmçinin cinayət işi üzrə istintaqı aparan müstəntiq Nürəddin Qasımovun məhkəmədə dindirilməsini istəyib. Samir Kərimovun növbəti vəsatəti isə baş nazirin sabiq 1-ci mavini Abbas Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə əlavə şahid qismində çağırılaraq dindirilməsi ilə bağlı olub.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra hakim məhkəmə istintaqının başlanıldığını elan edib və ittiham aktının elan edilməsi üçün sözü prokurora verib. Prokuror cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Ramin Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar (o vaxtkı məzənnə ilə 1 milyard 400 min manat – red.) pul tələb ediblər, son nəticədə 20 min manat alıblar.

Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı iddia edilib.

İstintaq sənədlərinə görə, Samir Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə ittihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər. Növbəti proses noyabrın 14-də davam edəcək.

Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb.

O, iddia edib ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb.

Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.

Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.
Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO