Dəm qazından boğulmaların günahı kimdədir? – “Xalq məndən inciməsin…” - EKSPERT

Dəm qazından boğulmaların günahı kimdədir? – “Xalq məndən inciməsin…” - EKSPERT

Hazırda oxunan: Dəm qazından boğulmaların günahı kimdədir? – “Xalq məndən inciməsin…” - EKSPERT

10137

Hər il havalar soyuduqdan sonra dəm qazından zəhərlənənlər haqqında xəbərlər durmadan artır. Son bir ayın statistikasına nəzər salanda insan dəhşətə gəlir.

“Qaz yenə can aldı,,,” başlıqlı xəbərlər insanları bir az da olsa məsuliyyətə cəlb etməkdənsə, ölüm hadisələrini bir-birinin boynuna yıxmaqdan başqa bir nəticə vermir. 

Maraqlısı isə abonentlərin bu zəhərlənmələri qazın keyfiyyətsiz olmasında, rəsmi qurumlar isə burada gühahın əhalinin təhlükəsizlik tədbirlərinə düzgün riayət etməməsində görür.

Bizim.Media olaraq son zamanın ən aktual mövzusu olan dəm qazından boğulmalar haqqında yazısını təqdim edirik.

 

MÖVZU İLƏ BAĞLI:

Dağlıq Qarabağa qaz nə vaxt veriləcək? - AÇIQLAMA 


Bəlkə də məsələyə sadə yanaşmaq lazımdır. Bildiyimiz kimi boğulmalar, insan tələfatları ən çox qış aylarında vanna otaqlarında baş verir.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovun fikrincə, boğulmalar əsasən abonentlərin təhlükəsizlik qaydalarına əməl etməməsindən yaşanır.

“Biz xalq olaraq, istiyə meylliyik. Soyuq olan kimi bütün qapı-pəncərəni bağlayırıq, havalandırmaya çox da fikir vermirik. Beləliklə də atmosferlə təmas tamam pozulur. Əmələ gələn dəm qazı tədricən yığılaraq, zəhərli qaza çevrilir. Fikir verirsinizsə, belə hallar əsasən kənd yerlərində, bir mərtəbəli həyət evlərində baş verir. 

Qış ayları gəldikdə mütləq müasir isitmə cihazlarından istifadə etmək lazımdır. Baxın, hər elektrik cihazının bir istismar müddəti var. Bu müddət 4 gözlü sobalarda 20 il, elektrik su qızdırıcılarında isə 10 ildir. İstismar müddəti bitdikdən sonra mütləq həmin cihazlar dəyişdirilməlidir. İmkanı çatan insanlar bu cihazları çıxarır yenisi ilə əvəzləyir. İmkansız insanlar da ucuz qiymətə istismarı bitmiş cihazları alıb, evlərində quraşdırırlar. Bu da sonda faciəvi şəkildə ölümlə nəticələnir”.

N.Qasımov bu prosesin necə təhlükəli olduğunu da izah edib.

“Məsələn, 1 kubmetr qazın yanması üçün 9.5 kubmetr hava lazımdır. Burada hava konsentrasiyası cihazlarda əmələ gəlir. Əgər bu isitmə cihazlarında hər hansı bir nasazlıq olarsa, burada hava konsentrasiyası pozulur və bu səbəbdən də ayrılmalı olan Karbon 4 oksid yox, Karbon 2 oksid ayrılır. Deməli, el dili ilə desək, zəhərsiz qaz ayrılmaqdansa, zəhərli qaz yaranır. Karbon 2 oksid də çox zəhərli qazdır. Onunla insannın 7 dəqiqə nəfəs alması kifayətdir ki, zəhərlənsin. Bunu da insanların çoxu bilmir. Biz daimi bu sahədə maarifləndirmə aparırıq. Çox təəssüf ki, bu, hər zaman işə yaramır, yetərincə bizim verdiyimiz təhlükəsizlik qaydalarına əməl edilmir”.

Ekspert əhali arasında gəzən “Qazın yaxşı təmizlənməməsi, keyfiyyətinin aşağı olması” söz-söhbətinə də aydınlıq gətirib:

“Mən bu məsələyə birmənalı şəkildə mənfi yanaşıram. Onlar öz məsuliyyətsizliyindən əmələ gələn xoşagəlməz nəticələri başqalarının üzərinə yıxmağa çalışırlar. Bir sıra insanlar isə deyir ki, qaz zəhərlidir. Onlar əsasını bilmədən, heç bir sübutu olmadan boş ittihamlar səsləndirirlər. Mən rəsmi surətdə bəyan edirəm ki, qazın tərkibində heç bir zəhərli maddə yoxdur.

Gəlin məsələyə bu aspektdən yanaşaq, belə hadisələr də tez-tez baş verir. Qarajda avtomobili qızınmaq üçün işə salırlar. Bir neçə saat keçəndən sonra isə adamlar ölür. Onda belə çıxır ki, benzinə də zəhər qatırlar? Yaxud keçmiş zamanlarda evdə ocağı kömürlə yandırardılar. Uşaqlara da tapşırırdılar ki, ocağa çox yaxın getməyin, sizi dəm qazı tutar. Onda belə çıxır ki, kömürə də zəhər qatıblar? Bunun səbəbi çox bəsitdir. 

Bu dəm qazı karbohidrogenlərin natamam yanmanın məhsuludur.  Bu da insanı zəhərləyib, öldürür. Əgər qaz zəhərli olsaydı, onda gərək ölüm hadisələri kütləvi şəkildə olardı.

Qoy məndən xalq inciməsin. Bu, dəm qazından boğulmalar insanların etinadsızlığından, məsuliyyətsizliyindən irəli gəlir. Qazdan istifadə qaydalarından xəbərsizdirlər”. 

Ekspert bu hadisələrin qarşısını almaq üçün görülən təhlükəsizlik qaydalarından da danışıb:

“Vanna otağının sahəsi 7.5 kub metrdən balaca olmamalıdır. Hündürlüyü ən azından 2.5 metr olmalıdır. Bu, adi təhlükəsizlik qaydalarıdır. Qapının aşağısında mütləq dəliklər olmalıdır ki, çöldən gələn təmiz hava ilə vanna otağındakı hava təmizlənsin. Bundan sonra hamam otağının qapısı mütləq çölə açılmalıdır.

Dəm qazı tutan adamın huşu itməmiş, çölə çıxa bilsin. Təsəvvür edin, zəhərlənən insan qapını açmaq istəsə və o içəri açılırsa, yıxılacaq qapının arxasına və onu xilas emək çətinləşəcək, bəlkə də mümkün olmayacaq. Bundan əlavə vanna otağının mütləq nəfəsliyi olmalıdır ki, içəridəki hava ilə çöldəki hava ilə təmas etsin. Bu zaman hava zəhərli maddələrdən təmizlənir. 1 saat ərzində vanna və mətbəx otaqlarının havası mütləq 3 dəfə dəyişilməlidir”.

Nüsrət Bayramov dəm qazından boğulmaların başqa bir səbəbi kimi bina bacalarının vaxtında təmizlənməsini göstərib.

“Bu bədbəxt hadisələrin biri də binaların tüstü bacalarının vaxtında təmizlənməməsidir. Əvvəllər qış mövsümü başlamamışdan əvvəl bütün binaların tüstü bacaları yoxlanılırdı. Profilaktik tədbirlər həyata keçirilirdi. Bacaların yararlı vəziyyətdə olub-olmaması yoxlanılırdı. Bunun üçün baca-təmizləyənlər çalışırdı. “Jek”lər bu işlə məşğul olurdular. Bundan başqa Daxili İşlər Nazirliyinin tərkibində yanğından könüllü mühafizə cəmiyyəti vardı, onlar ildə bir dəfə tüstü bacalarını yoxlayırdılar, yerində Mənzil Kommunal idarəsinə təmizlənmə üçün göstəriş verirdilər. İndi bu işlə bağlı bir MMC təsis olunub, ancaq yerləri, yurdları bilinmir.

Ona görə, bu vəziyyətə heç kəs nəzarət etmir. Əvvəllər “Azəriqaz” ildə 2 dəfə mənzillərə gedib, qaz sobalarına, isitmə cihazlarını texniki baxışdan keçirirdilər. Sonra 2016-ci ildə Nazirlər Kabineti yeni qərarla bu işi başqa bir quruma verdi. O qurumun da fəaliyyəti gözə çarpmır”.

Sonda ekspert insanları qazla maksimum ehtiyyatlı davranmağa çağırıb:

“Gecələr qazı yandırıb, yatmaq olmaz. Sobanın üzərinə qazan qoyub, yaddan çıxarmaq olmaz. Qazı yanılı vəziyyətdə qoyub bazara, mağazaya getmək olmaz. Mütləq diqqətli olun!”.
Əhali isə bu hadisələrə başqa tərəfdən yanaşır. Keçirdiyimiz sorğunun nəticələrinə görə, bu bədbəxt hadislərə səbəb qazın keyfiyyətinin aşağı olması olub. Onların fikrincə, qış aylarında mavi yanacaq yetərincə təmizlənmir və demək olar ki, xammal vəziyyətində istismara buraxılır

Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərova müraciət etdik. 

O, açıqlamasında belə ittihamların absurd olduğunu bildirib:

“Bu iddiaları biz əsla qəbul edə bilmərik. Əgər qazın tərkibinə həqiqətən də zəhərli bir maddə qatılsaydı, onda gərək ölüm hadisələri tək-tək deyil, kütləvi şəkildə olardı. Bu zaman zəhərlənmə 1-2 mənzildə deyil, bütün binada baş verərdi.

Başa düşürük, insanlar bəzən hansısa xoşagəlməz bir hadisəyə əsəbiləşib, günahı başqa yerlərdə axtara bilər. Ancaq son zamanlar bu ittihamlar kütləvi şəkildə yayılır. Mən rəsmi olaraq bəyan edirəm ki, qazın tərkibində hansısa zəhərli bir maddənin aşkarlanması mümkün deyil”,- deyə Səfərov qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO